Yol polisi saxla əmrinə tabe olmayan sürücüyə qarşı silah istifadə edə bilərmi? – RƏSMİ CAVAB

5-04-2017, 20:40           
Yol polisi saxla əmrinə tabe olmayan sürücüyə qarşı silah istifadə edə bilərmi? – RƏSMİ CAVAB
Sosial şəbəkələrdə yol polisi əməkdaşlarının “VAZ 2106” markalı bir avtomobili saxlamaq istəməsini özündə əks etdirən görüntülər yayılıb. DYP maşınının son dərəcə ehtiyatla idarə edildiyi görünür. Arxadan gələn bir başqa maşın isə DYP maşınının sağ tərəfini bağlayaraq, digər maşının aradan çıxmasına şərait yaradır.

Görüntülərə baxdıqda baxdıqda istər-istəməz bu təqiblə bağlı müxtəlif suallar yaranır. FaktXeber.com-un bununla bağlı suallarını Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkət təhlükəsizliyinin təbliği və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev cavablandırıb.

- Sürücü qanunu pozubsa, polis onu təqib edə bilərmi?
- Konkret inzibati məsuliyyətə cəlb etmək məqsədi ilə polis onu təqib edə bilməz. Yalnız sürücü öz hərəkətləri ilə ətrafdakılara, digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaradırsa, o halda bəli, növbətçi hissəyə məlumat verməklə onu təqib edə bilər. Bundan başqa, sürücü, yaxud avtomobildə olan sərnişinin cinayət hadisəsi törətməsi barədə dəqiq məlumat varsa, nəqliyyat vasitəsi tabe olmayanda, polis təqib edə bilər.

- Təqib zamanı Dövlət Yol Polisinin maşınına xəta yetirilərsə ona dəyən maddi zərərin dəyərini kim ödəyir?
- Təqsirkar tərəf ödəyir. Müəyyənləşdirilir, sığortası varsa, şirkət tərəfindən ödənilir. Lakin vətəndaşın özü birbaşa günahkardırsa, onun əməkhaqqından tutulur.

- Bilirik ki, xarici ölkələrdə cinayətkarı təqib edərkən, hətta bəzən silahdan da istifadə olunur. Bu, hər yerdə belədir, yoxsa daxili qanunvericiliklə tənzimlənir?
- Hər ölkənin öz qanunu var ki, polis hansı hallarda odlu silahdan istifadə edə bilər. Ola bilər ki, silahdan istifadə üçün qarşı tərəf silah çıxarmasına belə ehtiyac olmasın. Bu daxili qanunvericiliklə müəyyənləşir.
Mən sizə Azərbaycanda konkret olaraq hansı hallarda odlu silahdan istifadə olunması barədə qanunu deyəcəyəm. Polis haqqında qanunda deyilir ki, təhlükə və ya xəbərdarlıq siqnalı verildikdə, habelə yardım çağırıldıqda odlu silahdan istifadə edilə bilər. Bundan başqa:
- insana qarşı fiziki qüvvə, xüsusi vasitələri və ya odlu silahı yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquqpozmanın ağırlıq dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq etməlidir;
- odlu silah işlətməklə basqın edildiyi və ya silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla, fiziki qüvvə, xüsusi vasitələr və odlu silah qadınlara, azyaşlılara, yanında azyaşlı olan, əlilliyi və digər fiziki və psixi qüsurları aşkar bilinən şəxslərə qarşı, habelə insanların toplaşdığı yerlərdə kənar şəxslərin zərər çəkə biləcəyi hallarda odlu silahı tətbiq etməməlidir;
- yalnız real təhlükənin qarşısı alınarkən odlu silah tətbiq edə bilər;
- odlu silahı tətbiq etməzdən əvvəl şifahi xəbərdarlıq etməli və ya xəbərdarlıq etməli və ya xəbərdarlıq atəşi açmalıdır (qəfil, yəni birbən-birə gözlənilməz hücum baş verərsə, habelə hücum üçün odlu silahdan, mexaniki nəqliyyat vasitəsindən, təhlükə yaradan yırtıcı, vəhşi və ya başqa heyvandan istifadə olunarsa, polis əməkdaşı xəbərdarlıq etmədən odlu silahı tətbiq edə bilər);

[media=https://www.youtube.com/watch?v=Vsu5ev6MOEE#action=share]
Sonda onu demək istərdim ki, vətəndaşlar vəziyyəti o həddə çatdırmamalıdır ki, onları nə patrul avtomobili təqib etsin, nə də onlara qarşı odlu silahdan istifadə edilmək məcburiyyətində qalınsın. Hər bir şəxs bilməlidir ki, polisin qanunu tələblərinə riayət etməli, onun işarəsi ilə nəqliyyat vasitəsini saxlamalıdır. Bəzən insanlar düşünürlər ki, mən qaydanı pozmamışam, niyə saxlamalıyam? Amma düşünmür ki, bəlkə də qabaqda fövqəladə vəziyyət yaranıb, nəqliyyat vasitəsini saxlamaq lazımdır. Orda gedəndə tutalım bir yarğana, yaxud daha ağır bir qəzaya düşə bilər. İstənilən halda sürücü yol polisinin ona verilən dayanma əmrinə riayət etməlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.