Məşhur Ünsizadələr nəslinin kötücəsi: - “O məktubu tapsaq, hər şeyin üstü açılacaq”

6-04-2017, 21:24           
Məşhur Ünsizadələr nəslinin kötücəsi: - “O məktubu tapsaq, hər şeyin üstü açılacaq”
Zaur Səmədov Azərbaycan mətbuat tarixinin, qəzetçilik ənənələrinin formalaşmasında əvəzsiz xidmətləri olan, "Ziya", "Ziyayi-Qafqaziyyə", "Kəşkül" kimi nəşrlərin yaradcıları olan Ünsizadə qardaşlarının kötücəsidir. O, davamı olduğu ziyalı nəsli ilə bağlı araşdırmalara başlayıb. Z. Səmədov deyir ki, sovet vaxtı Ünsizadələrlə bağlı bütün məlumatlar silinib və onlarla bağlı aparılan tədqiqatlar yalnış olub. Onun sözlərinə görə, onların yalnız islam ideologiyasını və xurafatı təbliğ etdiyi fikirləri irəli sürülüb. Lakin son araşdırmalar və əldə olunan faktlar isə bu deyilənlərin tam əksini söyləməyə imkan verir.

Yeni tədqiqatlarla tarixin közərən izlərini alovlandırmağı qarşısına məqsəd qoyan Zaur Səmədov BakiPost.az-a müsahibəsində heç kimin bilmədiyi faktları açıqlayıb:

-Zaur bəy, öncə Ünsizadələrlə olan bağlılığınızdan, qohumluq əlaqələrindən danışaq...

-Ünsizadə 18-ci əsr yazıçısı Əbdürrəhman əfəndinin təxəllüsüdür. 3 qardaş - Səid, Cəlal və Kamal əfəndi atalarının ölümündən sonra bu təxəllüsü soyad kimi götürüblər və bundan sonra bütün nəsil Ünsizadələr nəsli olaraq tanınır. Çox təəssüf ki, bizim nəslin arxivi sovet dövründə tamamilə silinib. Bizdə qalan yeganə ipucu soyadımız və xatirələrimizdir. Nənəm Elmira Ünsizadənin xatirələrinə əsasən deyə bilərəm ki, biz Səid Ünsizadədən gəlirik... Ünsizadə soyadı bizim üçün çox önəmlidir.

-Bildiyim qədərilə soyadınız fərqlidir. Bu önəmli soyadı rəsmi olaraq daşımağı düşünürsünüzmü?

-Düzdür, soyadım Səmədovdur. Çünki Ünsizadə soyadı mənim atamın anasına məxsusdur. Lakin artıq Ünsizadə soyadını qəbul etmişik və mən ikili soyad daşıyıram: Zaur Ünsizadə Səmədov... Mən düşünürəm ki, düzgün bir hərəkət etmişəm. Çünki istəməzdim ki, bu soyadı itirək. Mənim ulu babam Hacı Məmməd Ünsizadə nəslin Şamaxıda qalan yeganə nümayəndəsi olub və o, bu soyadı qoruyub. Bizdən başqa heç kim bu soyadı daşımır. Ona görə də onu yaşatmalıyıq.

-Araşdırmaya nə zaman başlamısınız, ümumiyyətlə bu işə başlamağınıza səbəb nə oldu?

-Beşinci sinifdən artıq bilirdim ki, biz Ünsizadə qardaşlarının varisiyik. O zaman başa düşmürdüm çox şeyi. Bilmirdim onlar nə ediblər, Azərbaycan tarixində hansı izlər qoyublar. Atam həmişə nənəmdən danışırdı. Nənəm daim Səid, Cəlal və Kamal əfəndini axtarıbmış. Onların qəbrinin tapılması nənəmin vəsiyyəti olub... Bizim ailədə belə bir qanun var, nəsildən nəslə arxiv keçir. Bizdə iki böyük nəsil var, nənəmin anası tərəf İsrafilbəyovlar və nənəmin atası tərəf Ünsizadələr. Ona görə də onların bütün arxivləri gəlib bizə çatır. Anamın köməyi ilə mən bu "xəzinə”ni əldə etdim. Burda əlyazmalar, 2500-ə yaxın ulu babalarımın dostları ilə olan və başqa çox əski şəkillər var idi. İnanmazdım ki, bizdə belə arxivlər var. Bir çox yazıları, məqalələri tapdım. Bundan sonra məndə araşdırmağa maraq yarandı. Nazim Nəsrəddinovun məqalələrini oxudum, sonra özü ilə görüşdüm, ondan xeyli məlumatlar aldım. Daha sonra bir neçə dəfə Ədalət Tahirzadə ilə görüşdüm. Onun köməyi ilə Türkiyəli professor Yavuz Akpınarla görüşdüm. Bundan sonra araşdırma işi başladı. Araşdırma prosesində gördüm ki, məlumat həddindən artıq azdır. İndiki alimlərin araşdırmaya marağı azalıb, sadəcə dövrün alimlərinin etdiyi araşdımalarla kifayətlənirlər. Onların əsas fəaliyyət dönəmi Türkiyədə olduğuna görə məlumat qıtlığı mövcuddur. Bundan sonra düşündüm ki, bu tədqiqatın bir hissəsi mən olmalıyam.

-Ünsizadələr haqqında heç kəsin bilmədiyi hansı faktları əldə etmisiniz?

-Belə bir fərziyyə var ki, Ünsizadə qardaşları "Kəşkül” qəzeti bağlanandan sonra İstanbula gedib bir daha qayıtmayıblar. Amma Ə. Hüseynzadənin arxivindən tapılan məlumat sübut edir ki, onlar sonra yenidən Azərbaycana gəliblər... Cəlal əfəndinin "Bi-Şübhə və Bi-Şek” əsəri var ki, burda Cəlal Ünsizadənin Əli bəyə göndərdiyi məktubu, satirik şeirləri var. Əsər Cəlal Ünsizadə, Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadənin 1918-ci ildə Nuru Paşanın İslam ordusu ilə birikdə Gəncəyə gəldikləri məlumatıyla başlayır. Yəni Cəlal Ünsizadə bura qayıtmışdı. Cəlal əfəndi sağ idi, amma "Həyat” qəzetində çıxan məqalədən biz bilirik ki, Səid əfəndi artıq 1905-ci ildə dünyasını dəyişmişdi. Cəlal və Səid əfəndinin Türkiyə dönəmini ümumiyyətlə heç kim bilmir. Səid Ünsizadə İstanbulda qalsa da, Cəlal Ünsizadə İstanbuldan Ankaraya köçür. Bu da Cəlal əfəndinin Əli bəyə yazdığı məktubdan məlum olur. 1926-cı ilə kimi Cəlal əfəndi yaşayıb. Və Ankarada mətbuat müdirliyində işləyib. C. Ünsizadə ilə bağlı bir çox məlumatlar var. Türkiyə tarixçisi Zəki Toğanın xatirələrində də çox maraqlı məlumatlar mövcuddur. Osmanlı arxivindən isə onun II Sultan Həmidin kitabxanasında müdir işləməsi haqqında məlumat göstərilib...
S.Ünsizadə haqqında son məlumatı Atamalıbəyovun Əli bəyə ünvanladığı məktubundan alırıq, o yazır ki, Hacı Səid əfəndi dünyasını dəyişib və bu məlumatı "Həyat” qəzetində çıxarmağını xahiş edir... K. Ünsizadə haqqında məlumatlar isə çox təəssüf ki, olduqca azdır.

Çoxları düşünür ki, Səid və Cəlal Ünsizadə həddən artıq dindar olublar, amma bu dügün fikir deyil. Əgər "Ziya” qəzetini oxusanız görərsiniz ki, onlar sadəcə insanlara kömək etmək istəyirdilər və düşünürdülər ki, dinə fanatik şəkildə inanmaq yox, dini daha çox elm kimi öyrənmək daha düzgündür...

Türk dünyasının atası sayılan İsmayıl bəy Qasprinskinin birinci məcmuəsi də Tiflisdə Ünsizadə qardaşlarının mətbuatında işıq üzü görüb. İsmayıl bəy Ünsizadələr haqqında gözəl fikirlər söyləyib, onların gördüyü işin vacibliyini vurğulayıb və "Ziyayi-Qafqaziyyə” adlı məqalə də yazıb.

Bir məlumatı da sizlə paylaşmaq istəyirəm, bu məlumat heç yerdə yoxdur, şəxsi ailə məlumatıdır. Demək, Ünsizadə qardaşları köçüb gedirlər. Bir müddət sonra bir məktub gəlir, bu artıq onların övladlarından gələn məktub idi. Və məktub göndərilir mənim ulu babam Mustafa Ünsizadənin bacısı Sona xanım Ünsizadəyə... Sona xanım məktubu alır və gizlədir. Bildiyimizə görə, məktubda onların dəqiq yaşadığı ünvan haqda məlumatlar var idi. Nənəm məktubu Sona xanımdan almağa çalışsa da, çox təəssüf ki, o, məktubu vermir. İndiyə kimi məktubun aqibəti heç kəsə məlum deyil və onu gizlətməklə demək olar ki, o xanım tarixin üstündən xətt çəkmiş olur.

-Araşdırma prosesində problemlər, çətinliklərlə qarşılaşırsınızmı?

-Bəli, çətinliklər olur. Mən bu işə başlayanda bir çox yerlərə getdim. Çox sağ olsun, mənim müəlliməm Nigar Axundova Elmlər Akademiyasında mənə çox köməklik göstərdi. Amma sözsüz ki, orda da mənim problemlərim oldu. Bir çox insanlarla danışdım, bu məsələnin niyə araşdırılmaması barədə sualıma aldığım cavaba çox təəssüfləndim. Mənə dedilər ki, onlar sünnidirlər, bizim alimlərimiz isə şiədir. Mən başa düşmədim, bunun nə önəmi var axı, bu insanlar bizim üçün, Azərbaycan üçün çalışıblar...

İki aya yaxın "Azərbaycan Milli Arxivi”ndən cavab gözlədim. Nəhayət ki, cavab gəldi və məlum oldu ki, burda heç bir arxiv sənədi yoxdur. Mən düşünürəm ki, onlar gedərkən ya arxivi özləri ilə birlikdə Türkiyəyə aparıblar, ya da arxiv tamamilə silinib və yaxud yandırılıb. Tarix muzeyindən isə heç bir informasiya ala bilmədim. İsmayıl bəy Qasprinskinin muzeyindən - Krımdan məlumatlar aldıq. Ordan da cəmi bir neçə şəkil və bir neçə dərgi tapıldı. Ən böyük problem odur ki, şəkil tapa bilmirik. Və bir problem də ondadır ki, mətbuat tarixini dərindən araşdırmaq istəyən yoxdur. Araşdırma təkcə "Ziyayi-Qafqaziyyə” qəzetini yaxşıca oxuyub sətirbəsətir bilmək deyil, həm də bu məcmuələrin yazarlarının, müəlliflərinin həyatını, onların keçdiyi keşməkeşli yolları da araşdırmaq, bilmək vacibdir.

-Araşdırmalar indi nə yerdədir?

-Hazırda Türkiyə Cümhuriyyətində olan məlumatları aşkar etməyə çalışırıq. Zəki Toğanın məlumatına görə Cəlal bəy barədə sonuncu məlumat onun 1926-cı ildə rus dili tərcüməçisi kimi Türkiyənin Xarici İşlər Nazirliyində işlədiyi barədədir. Müraciət göndərmişik, cavab gözləyirik. Bundan başqa Türkiyə mətbuat xidmətinə müraciət olunmalıdır. Ordakı sənədləri əldə etməyə çalışacağıq. Krımdan və Tiflisdən məlumatlar gözlənilir. Tiflisdə olan məlumatlar hələ tam aşkar olunmayıb. Ukraynanın Odessa şəhərində də arxiv sənədlərinin ola biləcəyini düşünürəm. Əsas məlumatlar Ankaradadır, Cəlal bəyin işçi qeydiyyat sənədlərini tapa bilsək çox böyük məlumatlar əldə etmiş olarıq.

Səid əfəndinin qəbri tapılıb. Məzar İstanbulda "Fatih Cami” qəbiristanlığındadır. Baş daşında ölüm tarixi 1903-cü il yazılıb, amma bu biraz şübhə doğurur. Çünki "Həyat” qəzetində çıxan məqaləyə görə o, 1905-ci ildə vəfat edib. Məzar daşının üzərində diqqət çəkən belə bir ifadə var: "Mənim haqqımda kim ətraflı məlumat almaq istəsə, kitabxanaları oxusun”. Bundan əlavə qəbrin üzərində onun maarif şöbəsində işlədiyi və Şamaxıda anadan olduğu yazılıb. Azərbaycanda da araşdırmalar gedir. Sözünü etdiyim Sona xanıma göndərilən məktubu tapmağa çalışırıq.

-Araşdırmların nəticələrini, yenilikləri ictimaiyyətə necə çatdırmağı düşünürsünüz?

-"Unsizade qardaşları” adlı feysbuk səhifəmiz var. "Youtube”da məlumatlar yerləşdirməyi düşünürük. Və hazırda sayt üzərində işləyirik. Burda Ünsizadə qardaşları, Ünsizadələr nəsli haqqında ətraflı məlumatlar və elektron şəcərə sistemi yerləşdiriləcək. Saytda həmçinin "Ziya” qəzetinin elektron versiyasını yerləşdirməyi düşünürük. Çox istəyirəm ki, muzey yaradılsın və ekspedisiyalar xalqımıza nümayiş olunsun. Ünsizadələr haqqında həm bədii kitab, həm də tarixi kitab çıxarmaq haqda fikirləşirik. "Ünsizadələrin izi ilə” adlı tədbir keçiriləcəyi də gözlənilir. Kifayət qədər fərqli-fərqli ideyalarımız var. Təkcə Azərbaycanda yox, bir sıra ölkələrdə də fəaliyyətimizi genişləndiririk. Türkiyədə "Ünsizadələrin izi ilə” adlı tələbələrdən ibarət könüllülər dəstəsi var. Onlar mənə kömək etmək məqsədilə kiçik bir qurum yaradıblar. Bundan başqa mənim Fransada, Kanadada, Hollandiyada qohumlarım var və onlar da bu mövzuda müxtəlif tədbirlər həyata keçirməyə çalışırlar. Bacardığımız qədər bu məsələni həm Azərbaycanda, həm də Türkiyədə təbliğ etmək istəyirik. Çünki əlaqələrin yaradılmasında, inkişafında onlar böyük rol oynayıblar...

Bu da məlumdur ki, Şamaxıda ilk məktəblərdən birini də məhz Səid əfəndi açıb. Amma indi həmin məktəb "Şamaxı-Avropa liseyi” adını daşıyır. Mən bundan narazıyam, düşünürəm ki, məktəbin adı dəyişdirilməməli idi. Və ya ən azından Ünsizadələrin adını daşımalı idi. Əgər bizdə L.N.Tolstoya, A.S. Puşkinə hörmət edilirsə, onların adına hansısa ünvanlar varsa, niyə Ünsizadə qardaşlarına daha artıq hörmət edilməsin, onların adına küçə, təhsil müəssəsi olmasın ?!.

H. Əliyev vaxtilə Azərbaycan xalqının maarifçiləri sırasında Ünsizadələrin də adını çəkmişdi. İstəməzdim ki, onların bu qədər əziyyəti insanların yadından çıxsın. Onların üstündən xətt çəkmək, unutmaq tarixə ədalətsizlikdir. Və mən maksimum bu ədalətsizliyin aradan qaldırılmasına çalışıram. Düşünürəm ki, tariximizi qiymətləndirməli, unutmamalıyıq....












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.