Brejnevin bütün SİRLƏRİ AÇILDI: övlad zərbəsi, tibb bacısı ilə… – FOTO/VİDEO
7-04-2017, 15:26
SSRİ dövlətinin ərimə dövrü bitəndəndən sonra durğunluğun başladığı ən sakit dövrün simvoluna çevrilmiş Leonid İliç Brejnev obrazı ekrana gəldi. Birinci kanalın təqdimatı ilə onun haqqında bədii serial tamaşaçılara təqdim olundu. Leonid İliç Brejnevin şəxsiyyəti, dövlət xadimi kimi mahiyyəti həmişə müqayisə predmeti olub. Əvvəlcə onu deyək ki, saray çevrilişi nəticəsində hakimiyyətə gələn Brejnevin çox zəif xarakterli olduğunu iddia edirdilər və düşünürdülər ki, o, hakimiyyətdə çox qalmayacaq. Amma bu, belə olmadı, 18 il SSRİ dövlətinə rəhbərlik etdi. Bu 18 ildə SSRİ son iki ili, Əfqanıstana hərbi müdaxiləni çıxmaq şərti ilə müharibəsiz yaşadı. Lakin iqtisadiyyatda çöküş, durğunluq dövrü başladı, soyuq müharibənin ən kəskin dönəmləri yaşandı. SSRİ iqtisadi cəhətdən günü-gündən zəifləməyə başladı, ittifaqı hər tərəfdən rüşvət, maxinasiyalar bürümüşdü, amma bütün bunlarla bərabər insanlar xoşbəxt, sakit və rahat yaşayırdılar.
Leonid İliç Brejnevin ziddiyyətli şəxsiyyəti həm də onun haqqındakı lətifələrlə yadda qalır. Xüsusən də onun orden və medallara olan həvəsindən irəli gələn lətifələr qoşulur. 4 dəfə qəhrəman adını alıb, müharibəni polkovnik kimi bitirib. Hərbidə xüsusi xidməti olmadan SSRİ-nin Marşalı hərbi rütbəsini alması, o cümlədən bütün mümkün dövlətlərin orden və medallarına yiyiələnməsi onun medal hərisliyindən irəli gəlirdi və bu da lətifələrə mövzu olurdu. Ancaq birinci kanal Leonid İliç Brejnevin başqa bir təqdimatını bizə göstərdi. 4 serialı filmdə (serialdan daha çox bunu film adlandırmaq olar) Leonid İliçi tamam fərqli bir təqdimatda görürük. Ömrünün son günlərini yaşayan və öz keçmişini xatırlayan sakit, müdrik bir dövlət başçısı. Bir az yorğun, bir az üzülmüş, qətiyyəti zəifləmiş bir dövlət başçısı.
Birinci seriya 1982-ci ilin 14 oktyabrında başlayır. Qeyd edək ki, artıq ölümünə bir neçə gün qalıb. Leonid İliç ağır dərmanlar qəbul edir, ona görə də yuxudan durmağa tələsmir. Dünən axşam baş vermiş fövqəladə vəziyyət də onu ruhdan salıb və o, yuxuda öz gəncliyini, həyat yoldaşı ilə tanışlığını, daha sonra Xruşşov və onun devrilməsini görüb. Elə bu vaxtı onun ən yaxın dostu general-polkovnik Seçenyov gəlir və ona kazak xəncəri hədiyyə verir və qeyd edir ki, bu gün onun hakimiyyətə gəlməsinin 18-ci ildönümüdür. Məhz onda Brejnev anlayır ki, niyə yuxuda Xruşşovu devirməsini görüb. Məhz ilk dəfə olaraq o zaman, 18 il sonra təəssüf hiss keçirir ki, Xruşşova qarşı düzgün rəftar etməyib. Xruşşov onu bir çox pis vəziyyətlərdən çıxarıb, amma siyasət və siyasi mübarizə, hakimiyyət uğrunda savaş o qədər amansızdır ki, burada mütləq nəyisə qurban verməlisən. Ona görə də Leonid İliç Brejnev özünə təskinlik verir.
İkinci seriyada Leonid İliçin başqa bir marağını görürük. O, ov həvəskarıdır, qaban ovuna gedir, təmiz havada özünü çox yaxşı hiss edir. Zavidovada olan bağ evində ov ovlayır və yatmaq üçün öz kabinetinə gedir. Ov əhvalından sonra birdən-birə Sovet İttifaqı Mərkəzi Komitəsinin Siyasi Bürosuna istefa haqqında məktub yazır. Bununla da filmdə dramaturji toqquşma başlayır, bütün Siyasi Büro bir-birinə dəyir. Hamı öz vəziyyətindən narahat olmağa başlayır, çünki Brejnev gedərsə, kimin aqibəti necə olacaq və onun yerinə kim gələcək sualı narahatlıq doğurur. Birinci özünü yetirən Seçenyov olur və o istəyir ki, Brejnevi fikrindən daşındırsın, lakin Leonid İliç Brejnev onu qəbul eləmir. Gizli məhəbbət bəslədiyi tibb bacısından dərmanları, həbləri qəbul edərək rahat, sakit qocalığını yaşamaq istəyir.
Üçüncü seriayada biz dramaturgiyanın daha da kəskinləşdiyini görürük. Artıq məsələ kifayət qədər ziddiyət həddinə çatıb. Məsələyə Andropov qarışır. Yuri Vladimiroviç Andropov artıq Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsindən çıxaraq Mərkəzi Komitədə katib vəzifəsinə, faktiki olaraq ölkənin ikinci adamı postuna keçib. O, Çazovu – o dövrdə Mərkəzi Komitənin 4-cü şöbəsinin müdiri, Siyasi Büro üzvlərinin sağlamlığına birbaşa nəzarət edən şəxsi dəvət edir və Brejnevin səhhətinin hansı vəziyyətdə olduğunu öyrənmək istəyir. Həmçinin Siyasi Büronun üzvlərinin səhhəti ilə maraqlanır. Orada çox ciddi məqam var ki, o, Brejnevin vəziyyətini soruşanda Çazov deyir ki, Leonid İliç Brejnevin aldığı dərmanlara nəzarət edə bilmirik: “tibb bacısını kimsə öyrədib, ona elə dərmanlar verir ki, Leonid İliçin halı günü-gündən pisləşir”. Bu zaman Andropov Çazovdan siyasi büro üzvlərinin səhhəti ilə bağlı məlumat verməsini tələb edir. Yəni bilmək istəyir ki, kim varis ola bilər. Çazov sual verir: “Əlifba sırası ilə başlayım?”
Andropov: “Buyur, amma mənim haqqımda yalan demə, mən bilirəm səhhətim nə yerdədir”.
Cazov əlifba sırasıyla birinci Alievin gəldiyini deyir. Söhbət ümummilli lider Heydər Əliyevdən gedir. Andropov bu mövzunun üstündən keçir. O deyir ki, qeyri-slavyan millətindən olan xadim SSRİ kimi dövlətə rəhbərlik edə bilməz. Siyahının davamında məlum olur ki, Siyasi Büronun üzvlərinin əksəriyyəti qoca və xəstədirlər. Onların içərisində sağlam adamlar çox azdır və bu, Andropovu narahat etməyə başlayır.
Digər tərəfdən təsadüfən işdən qayıdan Leonid İliç şəhərin qəsəbə mağazasında kolbasa alıb dadına baxmaq istəyir. Bu, bir daha filmdə həmin dövrdə qıtlığın, çatışmazlığın göstəricisidir. Yəni mağazalarda ərzaq tapılmırdı. Kolbasadan bir tikə yeyən kimi Leonid İliç az qalır ki, boğulsun. Həmin kolbasanı təcili bükdürüb ölkənin Nazirlər Sovetinin sədri Tixonova göndərir. Tixonov heç nə anlamır, daha da panikaya düşür və bir-bir Siyasi Büronun üzvlərinə zəng edir və vəziyyətin nə dərəcədə ağır olduğunu məruzə edir. Burada artıq əməlli-başlı dağınıqlıq yaranır. Biz bilmirik ki, vəziyyət necə olacaq. Leonid iliç faktiki olaraq Siyasi Büronun iclasına gəlmir, əvəzində iclasa məktub göndərir ki, iştirak etməyəcək. Beləliklə, xaotik bir vəziyyət təhlükəli həddə çatır. Bu zaman Siyasi Büro qərara gəlir ki, özləri getsinlər Leonid İliçin yanına.
Leonid İliç Brejnev artıq 4-cü seriyada özünə varis seçmək istəyir. Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Şerbitskiyə zəng edir və deyir ki, plenuma (Sov.İKP MK-nın qurultayla Siyasi Büro arasında olan ali seçki orqanı) qədər Moskvaya gəlsin. Leonid İliçin əhvalı yaxşıdır. O, artıq özünü istefaya hazırlayır və düşünür ki, Plenumda istefa verəcək. Plenumda istefa verəndən sonra çox rahat yaşayacaq və vəzifəsini də öz həmyerlisi Şerbitskiyə ötürəcək. Hətta o qədər sevinir ki, Qazaxıstan Mərkəzi Komitəsinin birinci katibi Dimuhammed Kunayevin hədiyyə verdiyi qazax milli paltarını geyinib evin içində gəzişir, həyətə düşür. Və bu vaxt görür ki, Siyasi Büronun üzvləri kollektiv sürətdə onun yanına gəliblər. Onların içində ən yaşlı nümayəndə kimi, Andrey Andreyviç Qramıko (o dövrdə SSRİ xarici işlər naziri idi. Ona cənab “Yox” deyirdilər, çünki bütün diplomatik danışıqlarda bildiyi tək söz “Yox” idi) Leonid İliç Brejnevə deyir ki, indiki situasiyada sizin istefaya getməyiniz ölkə üçün çox ciddi təhlükə ola bilər. Ona görə də bu fikirdən daşının. Həmin vaxt Leonid İliç tarixi sözünü deyir: “Əgər istəmirsinizsə, mən getmərəm”.
Brejnev ömrünün artıq son dönəmini yaşadığını özü də hiss edir. Hər gün rəngli yuxularla baş-başa qalıq. Yuxularında öz keçmişini, Ukraynada, Moldovada işlədiyi dövrü görür. Xatirələri yadına düşür. Eyni zamanda müharibə xatirələrini yada salır. Sonuncu gün öz parad paltarını geyinir, bütün medallarını taxır və marşal geyimində ev kinoteatrına keçir. Xahiş edir ki, 1945-ci ilin qələbə paradını nümayiş elətdirsinlər. O, həmişə kövrələndə bu parada baxırdı. Parada baxa-baxa Leonid İliç kövrəlir və yatmağa yollanır. Səhərisi gün artıq o həyatda olmur…
Qeyd etmək lazımdır ki, film bədii cəhətdən çox mükəmməl həllini tapıb. Burada rejissor Sergey Snejkini qeyd etmək lazımdır. Ssenaristlər Valentin Çernıx, Sergey Snejkin, eyni zamanda operatorlar Andrey Jqalov, Vladimir Klinonun işini qeyd etmək lazımdır. Rəssam Viktor İvanov və Vladislav Orlovun işi mükəmməldir. Dövrün bütün ab-havasını, gözəlliyini, detallarını bizim üçün çatdırıb. Təbii ki, bu cür layihələrin produseri Konstantin Ernest özü olur. Rollarda əvəzolunmaz Aktyor Sergey Şakurov, Svetlana Kryuçkova, Aleksandr Flippenko, Vasili Vonavoy, Afanasi Kiçitkov, Mariya Şukşina, Alek Valku, İqor Çerniyeviç, Artur Vaxa, Vladimir Menşov və digəriləri iştirak edir.
Ssenari müəllifi filmə kifayət qədər vaxt və sərmayə sərf edib. Hiss olunur ki, bütün Brejnev dövrünə aid olan memuarları, xatirələri, kitabları alıb, çünki bütün detallar olduğu kimi çatdırılır. Filmin çəkilməsində Leonid İliç Brejnevin mühafizə xidmətinin rəis müavini Vladimir Medvedev, həmçinin haqqında danışdığımız 4-cü tibb şöbəsinin rəhbəri, sonralar Səhiyyə naziri olmuş Yevgeni Çazov məsləhətçi kimi də iştirak ediblər və filmdə öz məsləhətlərini veriblər. Baş rolun ifaçısı Sergey Şakurov çox əzəmətli bir aktyordur, dahiyanə, yaddaqalan obrazları var. Bir-birindən fərqli təzadlı obrazları ilə aktyor burada səksən yaşlı Leonid İliç Brejnevi çox böyük mükəmməlliklə canlandırır. Ona rəhmimiz gəlir, biz onu sevirik və onun nəhəngliyini görə bilirik. Biz ömrünün son günlərini yaşayan bir qocanı görürük, amma onun içində həyat eşqi var, o yenidən sevmək istəyir, sevir. Bütün sevgisini, hisslərini çox gözəl çatdırır.
Yeri gəlmişklən, demək lazımdır ki, film “35+”dur, çünki bu film yaşı 35-dən yuxarı olan tamaşaçı üçün maraqlıdır. Film efirə gedəndə reytinq cədvəllərində 17% göstərici qazanmışdı. Hesab edirik ki, serial üçün çox böyük göstəricidir. Burada mütləq qeyd etmək lazımdır ki, rejissor aktyorlarla çox mükəmməl işləyir. Ümumiyyətlə, aktyor heyəti çox uğurlu seçilib. Aktyorların hər biri konkret tarixi şəxsiyyətlərdir. Onların obrazlarını canlandırmaq, xarakterik xüsusiyyətlərini göstərmək çox uğurlu alınıb. Həmçinin filmdə Brejnev dövrünün sakitliyini görürük. Film həmin dövrün sakit, rahat həyatını əks etdirə, o ab-havanı yarada bilir. Tənqidi cəhət axtarsaq təbii ki, hansısa detallar uyğun gəlməyə bilər, lakin ümumilikdə filmin ab-havası demək olar ki, hər şeyi ört-basdır edir. Biz həqiqətən də Brejnev dövrünə daxil oluruq. Onun sonuncu günlərində sakitliyini, rahatlığını görürük və təbii ki, onun ölümündən sonra başlayacaq fırtınanın, dəhşətlərin, qanların olacağını bilirik, çünki biz tarixi yaşamışıq. Ancaq 4 seryia ərzində o rahatlığı ala bilirik. Bu rahatlığı bizə filmin müəllifləri bəxş ediblər. Bu mənada film çox uğurlu alınıb.
Film siyasi əhəmiyyət daşıyır və siyasi nöqteyi nəzərdən çox mükəmməl həll olunub. Film həm də bioqrafik əhəmiyyət daşıyır, çünki dövlət rəhbərinin həyatının müəyyən bir dövrünü əks etdirir. Filmin uğurlu cəhətlərindən biri də ondan ibarətdir ki, bütünlüklə süqut ərəfəsində olan bir dövlətin durumunu, vəziyyətini göstərir, onu kimin idarə etdiyini əks etdirir. Hətta orada xüsusi bir səhnə var: Əfqanıstanla bağlı müşavirə. Faktiki olaraq sovet ordusu Əfqanıstanda məğlubiyyətə uğrayır, amma Brejnev dərmanların təsirindən elə bir haldadır ki, ölkəni idarə də bilmir. O, hərbçilərin nə dediklərini eşitmək istəmir. İclası yarımçıq tərk edir. Bunlar onu göstərir ki, Brejnev ömrünün son günlərində ölkəni artıq idarə də bilmirdi. Səhhəti ilə bağlı problemlərdən və tibb bacısının verdiyi dərmanlardan daim yuxulu vəziyyətdə idi. Üstəlik şan-şöhrət sevgisi yaşlaşdıqca daha da artırdı. Digər tərəfdən ailə faciəsi də yaşamışdı. Onun qızı Qalina Brejnevanın əxlaqsızlığı, müxətlif problemlər yaratması artıq Leonid Brejnev üçün başağrısı olmuşdu. Bütün bunlar ona çox ciddi təsir edirdi. Brejnevin bu qarışıqlıqlardan tək xilas yolu, yanında rahatlıq tapdığı tibb bacısına olan sevgisi idi. O, tibb bacısını çox istəyirdi. Hətta filmdə bir məqam var, Brejnev tibb bacısına deyir ki, kaş səni otuz il əvvəl tanıyaydım.
Film boyu Leonid Brejnev xatirələrə dalanda onun bəzi sevgi macəralarının da şahidi oluruq. Ümumilikdə film çox mehribanlıqla, dostcasına, Brejnevə sevgi ilə çəkilmiş bir əsərdir. Bunu xüsusi bir ekran əsəri hesab etmək olar və tövsiyə edirəm ki, vaxtınız olanda bu filmə baxasınız. Hər halda o dövrü, Leonid İliç Brejnevi yada salmaq üçün, tarixi öyrənmək istəyənlər üçün bu filmə baxmaq məsləhətdir. Uğurlu izləmələr!publika.az/
[media=https://www.youtube.com/watch?time_continue=1&v=VUIu7Yd_VXw]