Erməni yalanlarının ifşası — Xocalıda “sərbəst dəhliz” avantürası
11-04-2017, 16:58
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.
Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutuldu. Nəticədə şəhərdə yanğınlar baş verdi və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova büründü. Belə bir vəziyyətdə erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur oldu.
Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutdular.
Rəsmi olaraq 613 nəfər qətlə yetirildi, yüzlərlə Xocalı sakini əsir götürüldü.
“Ölkə.Az” bu gün Xocalı faciəsindən sonra ermənilərin ortaya atdığı “sərbəst dəhliz” yalanının izi ilə gedəcək.
Xocalı şəhərinin işğalı və dinc sakinlər üzərində törədilən vandalizm aktının ermənilər tərəfindən təkcə strateji yaşayış məntəqəsinin ələ keçirilməsi yox, eyni zamanda qorxutma aktı olduğunu sübut edən bir sıra faktlar və dəlillər var. Bu terror aktı ilə ermənilər Qarabağdakı azərbaycanlılar yaşayan ərazilərdəki sakinləri qorxutmağı planlaşdırmışdılar. Ermənilərin fikrinə görə, bu terror aktı onlara regionda etnik təmizləmə siyasətini tez bir zamanda həyata keçirməyə kömək edəcək. Eyni üsuldan ermənilər əvvəllər də istifadə etmişdilər. Qaradağlı kəndinin işğalı buna sübutdur. Serj Sərkisyan bu taktikanı belə xarakterizə edirdi: “Biz cəbhə xəttini daraltmağa cəhd etdik”. Qeyd etmək lazımdır ki, müəyyən dərəcədə ermənilər bu tapşırığın öhdəsindən gəlmişdilər. Xocalı qətliamından sonra qəsəbə və kəndlərdə yaşayan azərbaycanlıların bir qismi onların da başına belə bir faciənin gəlməsindən qorxurdular.
Xocalı qətliamı ermənilərin həm hərbi əməliyyatı, həm də strateji və psixoloji məqsədi olan diversiya aktı idi. Bu cinayətdə iştirak edən şəxslər sonradan Ermənistanda yüksək vəzifələr tutdular. Məsələn, Robert Koçaryan, Serj Sərkisyan və Seyran Ohanyan.
Bu şəxslər sivil dünyanın gözündə imiclərini korlamamaq üçün Xocalı hadisələri barədə öz versiyalarını uydurmaq məcburiyyətində qaldılar. İnsan karyera pillələrində irəlilədikcə, onun şəxsiyyətinə və keçmişinə daha çox diqqət ayrılır. Qarabağlı yeni erməni liderləri qətiyyən istəmirdilər ki, keçmişdəki əməlləri üzə çıxsın, kimsə onları soyqırımda və dinc sakinləri qətlə yetirməkdə ittiham etsin. Erməni təbliğat maşını baş verən faciələrdə bütün günahı qurbanların üzərinə yükləyir.
Xocalı soyqırımında erməni tərəfinin ən böyük arqumentlərindən biri odur ki, guya ermənilər şəhər sakinlərinə yaşadıqları ərazini tərk etmək üçün “sərbəst dəhliz” yaratmışdılar. Bəzi mənbələrdə isə bu dəhliz "humanitar dəhliz” kimi keçir. İndi isə “sərbəst dəhliz”-in mövcud olması barədə məsələyə baxaq.
Jurnalistlər Ermənistanın indiki prezidenti Serj Sərkisyana Xocalının işğalı barədə sual verəndə erməni rəsmisinin cavabı bu olmuşdu: “Biz bu barədə ucadan danışmamağa üstünlük veririk”. Amma şəhərin işğalı zamanı baş verən hadisələr barədə Sərkisyan deyir: “Amma düşünürəm ki, əsas məsələ başqa idi. Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat edə bilərlər, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu streotipi qıra bildik. Bu baş verdi”.
Sərkisyanın sözləri şəhərin işğalı və dinc sakinlərə qarşı edilən vəhşiliyin hər şeydən əvvəl qorxutma aktı olduğunu bir daha sübut edir.
Təbii ki, bu fikri səsləndirəndə Sərkisyan nə vaxtsa erməni hökumətində nazir, baş nazir və prezident olacağını təxmin edə bilməzdi. Əgər Ermənistan rəhbərliyində Xocalı faciəsində günahkar olan Qarabağ klanının üzvləri olmasaydı, erməni tərəfi Xocalı haqqında miflər uydurmaz və bu miflərin propoqandası üçün vaxt və pul sərf etməzdi.
Qeyd etmək lazımdır ki, Xocalıda baş verən hadisələrdən dünya ictimaiyyəti xəbər tutan kimi erməni hakimiyyəti “sərbəst dəhliz” barədə danışmağa başladı. Amma heç bir ciddi jurnalist və heç bir ciddi beynəlxalq təşkilat bu nağıla inanmadı. Bundan əlavə keçirilən istintaq zamanı da bu informasiya faktiki olaraq təsdiqini tapmadı.
Uşaq qatili və soyqırım təşkilatçısı kimi dünya qarşısında cavab verməkdən qorxan Xocalı işğalçıları və dinc sakinlərin qanına əli batan ermənilər 1990-cı illərin sonlarından “Sərbəst dəhliz” versiyasını təbliğ etməyə və KİV-lərdə yaymağa başladılar.
Erməni tərəfinin iddiasına görə, Xocalı sakinləri üçün şəhərin şərq hissəsində “sərbəst dəhliz” açılmışdı və yol çayın məcrasından keçərək şimali-şərqə, yəni Ağdam istiqamətinə gedirdi. Əsgəran isə sol istiqamətdə qalırdı. Dəhlizin eni 100-200, bəzi yerlərdə isə 300 metrə çatırdı.
Erməni vəzifəli şəxslərin sözlərinə görə “Xocalı əhalisi hücumdan əvvəl “sərbəst dəhliz” barədə zirehli texnikaya quraşdırılmış səsgücləndiricilər vasitəsilə məlumatlandırılmışdılar”. Amma bunu faktı sübut edən dəlili erməni tərəfi ortaya qoya bilmir.
Əgər həqiqətən də səsgücləndiricilər vasitəsilə belə bir elanın verildiyini fərz etsək, əminliklə söyləmək mümkündür ki, dinc sakinlər top-mərmi səsi, zirehli və hərbi texnikanın səs-küyündən bu elanı və çağırışı eşidə bilməzdilər.
Bundan başqa, erməni vəzifəli şəxsləri “Memorial” hüquq müdafiəçiləri mərkəzinin nümayəndələrinə bildiriblər ki, hücumdan bir neçə gün əvvəl Xocalıya vertolyotlar vasitəsilə vərəqələr səpələnib. Vərəqələrdə Xocalı sakinlərinə müraciət edərək “sərbəst dəhliz”-dən istifadə etməyə çağırılıb.
Amma “Memorial”-ın müşahidəçilərinə belə bir vərəqənin heç bir nüsxəsi sübut kimi təqdim edilmədi. “Memorial”-ın nümayəndələri Xocalıda belə vərəqələrin heç bir izinə rast gəlmədi. Dindirilən Xocalı qaçqınları da belə bir vərəqə haqqında heç nə eşitmədiklərini bildiriblər.
Beləcə erməni tərəfinin insanları “sərbəst dəhliz”-in mövcudluğu barədə əvvəldən xəbərdar etmə iddiası heç bir dəlil ilə sübuta yetirilmir və istintaq zamanı xarici hüquq müdafiəçisi təşkilatları tərəfindən faktiki olaraq erməni tərəfinin dəhliz barədə bütün iddiaları rədd edilir.
Xocalı qaçqınları erməni tərəfindən ilk güclü atəşə Ağgədik kəndi yaxınlığında məruz qalır. Burada atəş nəticəsində bir çox adam həlak olur və əsir düşür. Əgər ehtimal etsək ki, erməni tərəfi qaçqınlara səhvən atəş açıblar, deməli yaxınlaşanda artıq dinc sakinləri atəşə tutduqlarını anlamalı idilər.
Ermənilərin guya kimə atəş açdıqlarını bilmədikləri barədə söylədikləri cəfəng versiya isə adından da göründüyü kimi cəfəngiyyatdır. Çünki guya onlar qadın və uşaqların qışqırığını və səsini eşitməyiblər? Bundan başqa, bəzi Xocalı sakinlərini əsir götürəndə anlamalı idilər ki, kimə atəş açıb, kimi əsir götürüblər. Bu atəşdən sonra qaçqınların böyük bir hissəsi irəli gedə bildi.
Əgər Ağgədik kəndində dinc sakinlərə açılan atəşi təsadüfi saysaq və ermənilərin dinc sakinləri qətlə yetirmək fikri olmadığına inansaq, dəhlizin mövcudluğunu qəbul etsək, bu zaman Xocalı sakinlərinə atəş açan erməni döyüşçüləri ratsiya ilə digər postlara məlumat verməli idilər. Təbii ki, bu baş vermədi. Məlum olduğu kimi həlak olanların böyük əksəriyyəti Xocalıdan şərq istiqamətdə, Naxçivanik kəndi yaxınlığında qətlə yetirilib.
“Human Rights Watch” təşkilatının hesabatında deyilir: “Xocalı sakinlərinin böyük əksəriyyəti dayaz çaydan keçərək dağlar vasitəsilə səhərə yaxın ermənilərin nəzarəti altında olan Naxçivanik kəndi yaxınlığında açıq düzənliyə çıxdılar. Məhz burada daha intensiv atəşlə qarşılaşdılar. Naxçivanik ətrafında Xocalıdan qaçan dinc sakinlərə qarşı edilən hücum göstərir ki, erməni ordusu və MDB-nin 366-cı alayının hərbçiləri bilərəkdən mülki əhaliyə hücum etməmək barədə qaydalara məhəl qoymayıblar”.
Erməni tərəfi iddia edir ki, məhz bu ərazidə də atəş qəsdən açılmayıb. Yəni, guya onlar dinc sakinləri qətlə yetirməyi planlaşdırmamışdılar. Bəzi erməni mənbələri axmaqlığın və sərsəmliyin pik həddinə çataraq iddia edir ki, guya erməni tərəfi qaçqınlar tərəfindən açılan atəşə cavab olaraq atəş açıblar. Həqiqətən də qaçqınların arasında üstlərində yüngül silah olan adamlar var idi. Çünki Xocalı sakinləri ilə birlikdə şəhəri qoruyan bəzi müdafiəçilər də yola çıxmışdılar.
Amma burada bir böyük faktor var. Dindirilən bütün şahidlər qeyd edir ki, müdafiəçilər erməni tərəfindən açılan atəşə cavab olaraq atəş açıblar.
Bu hadisələr barədə çoxsaylı şahid ifadələri var. Əlindən yaralanan Xocalı sakini Minəş Əliyevanın xatirələri: “Biz qalın qara bataraq meşədə sürünürdük. Yolu keçəndə mənə güllə dəydi. Mən yıxıldım və ayağa qalxa bilmədim. Meşədə yerləşən qalın sığınacaqlardan tez-tez atəş açılırdı. Əlif Hacıyev məni tutub dartdı və yola çıxardı. Sonra o, kolların arasına uzanıb bizə atəş açan döyüşçülərə cavab verdi. Meşədən gələn atəş səsi bir müddət dayandı. Əlif yolun digər tərəfində uzanan qadınlara qışqırdı ki, başınızı qaldırmadan tez bu tərəfə keçin. Əlif vaxtaşırı atəş açır, hər dəfə də erməni silahlıları susurdular. Bu müddət ərzində 20 qadın və uşaq yolu qaçaraq keçdi. Əlif avtomatın darağını dəyişəndə ermənilər cavab atəşi açdılar. Güllələrdən biri Əlifin düz alnına dəydi”.
Eyni zamanda qeyd etmək yerinə düşər ki, Tomas de Vaal “Qara bağ” kitabında Xocalı sakinləri tərəfindən açılan atəş barədə yazır: “Azərbaycanlıların cavab atəşi əhəmiyyətsiz idi və açıq çöldə yüzlərlə köməksiz dinc sakinin, eyni zamanda körpələrin qəddarlıqla qətlə yetirilməsi üçün bəhanə ola bilməz”.
Naxçivanik yaxınlığındakı qətliamdan sonra sağ qalan və əsir düşməyən qaçqınlar Gülablı və Şelli kəndləri yaxınlığında da atəşə və hücuma məruz qaldılar. Bu ərazilərdə də Xocalının dinc sakinləri qətlə yetirildi və əsir götürüldü.
“Time” jurnalının icmalçısı Cill Smolou 1992-ci ilin 16 mart tarixində yazdığı məqalədə erməni tərəfinin bəyanatını şübhə altına qoyur. Jurnalist yazır: “Hücum edən ermənilərin “günahsız insanların təsadüfən öldürüldüyü” iddiasına inanmaq mümkün deyil”.
Bundan başqa, nəzərə almaq lazımdır ki, qaçqınların böyük əksəriyyəti səhər saatlarında, yəni sutkanın işıqlı vaxtı atəşə məruz qalıb və qətlə yetirilib. Təbii ki, burada “gecə qaranlığında göz-gözü görmürdü” iddiasını ləğv etmək lazımdır. Bu iddiaya görə guya ermənilər dinc sakinləri silahlı əsgərlər kimi qəbul etmişdilər.
Qaçqınlara yaxın məsafədən endirilmiş bıçaq zərbələri və güllə yaraları erməni silahlılarının və 366-cı motoatıcı alayın hərbçilərinin kimi öldürdüyünü bildiklərini sübuta yetirir. Bundan başqa, qaçqınların yolu üzərində qurulmuş erməni postları da düşmənin pis niyyətinin bir hissəsi idi. Bu postlar şəhər əhalisini fiziki cəhətdən tam məhv etmək məqsədini güdürdü.
Bundan əlavə, dinc Xocalı sakinlərinin, o cümlədən qadınların, uşaqların və qocaların kütləvi surətdə əsir götürülməsi faktı da ermənilərin “sərbəst dəhliz” versiyası ilə üst-üstə düşmür. Çıxış üçün “sərbəst dəhliz” yaradılan dinc sakinləri əsir götürmək nəyə lazım idi?
Nəzərdən keçirilən bütün faktlar, eyni zamanda çoxsaylı şahid ifadələri, mətbuat xəbərləri və beynəlxalq hüquq müdafiəsi təşkilatlarının keçirdiyi istintaqın nəticələri Xocalı sakinləri üçün əslində heç bir “sərbəst dəhliz”-in olmaması barədə qənaətə gəlməyə şərait yaradır.
“Sərbəst dəhliz” fikri erməni tərəfindən dinc sakinlərin, eyni zamanda körpələrin kütləvi qətli və əsir götürülməsi ittihamından yaxa qurtarmaq üçün ortaya atılıb. Ola bilsin ki, ermənilər bu uydurmanı şəhəri işğal etməzdən əvvəl düşünüblər...