Həbsdə olanları azad edəcəkdi, özü həbsxanaya getdi - vəkil Sefyullanın dələduzluq işi
10-12-2017, 17:54
Yaxınları həbsdə olanlara, işdən çıxarılan müəlliməyə, nəvəsini himayəyə götürmək istəyən vətəndaşlara qarşı dələduzluq edən vəkilin şikayəti təmin edilməyib. O, ilk cinayətində şərti cəza alsa da bundan nəticə çıxarmayaraq dələduzluq əməllərini davam etdirib. İkinci cinayətində isə 8 il müddətinə azadlıqdan məhrum edilərək dəmir barmaqlıqlar arxasına göndərilib.
Musavat.com xəbər verir ki, 1973-cü il təvəllüdlü Cəfərov Seyfulla Vahid oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Bu cəzadan narazı qalan Seyfulla Cəfərov apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə baxılıb.
Qeyd edək ki, ittihama görə, S.Cəfərov bir neçə nəfərə qarşı müxtəlif yalanlarla onların etibarından sui-istifadərək dələduzluq edib.
Özgənin əmlakını ələ keçirmək məqsədi ilə S.Cəfərov ilk olaraq Vəfa Quliyevanın həbsdə olan oğlu İmanverdi Quliyevi azadlığa çıxaracağını vəd edib. Bu məqsədlə 2013-ci ildə Vəfa Quliyevadan 8 min manat alıb. Məhbus İmanverdi Quliyevin digər qohumu Azər Şükürovdan isə 7 min manat alıb.
O, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Nüşabə Abdullayevanın həbsdə olan əri Elsevər Nəbiyevi azadlığa çıxaracağını, onun hüquqlarının müdafiə edəcəyini vəd edərək 35 min manatını alıb.
S.Cəfərovun digər qurbanı isə Rəhim Zəkiyev olub. Belə ki, S.Cəfərov onun etibarından sui-istifadə edərək əvvəllər işlədiyi müəssisədən verilməmiş əmək haqqısını geri alması üçün məhkəməyə müraciət edəcəyini söz verib və qarşılığında ondan 200 manat alıb.
Zərərçəkmiş Nərminə Əliyeva həyat yoldaşı Rəcəbəli Əliyevin ata yurdundan torpaq payı almaq üçün məhkəməyə müraciət etmək istəyib. Bu məqsədlə də S.Cəfərovdan yardım istəyib və qarşılığında ona 2 min manat verib.
Zərərçəkmişlərdən Minayə Məmmədova isə evinin tikintisi zamanı tikinti şirkəti tərəfindən ona dəymiş 4500 manat maddi ziyanı geri qaytarmaq üçün S.Cəfərova 200 manat, Sabir Xəlili isə nəvəsini himayəyə götürməsinə kömək etmək üçün S.Cəfərova 1200 manat veriblər.
S.Cəfərov özünü vəkil kimi təqdim edərək Şəhla Xudatovaya qarşı da dələduzluq edib. Onu əvvəllər işlədiyi Qubadlı rayonu Saray kənd orta məktəbində dərnək rəhbəri vəzifəsinə bərpa etdirmək üçün məhkəməyə müraciət edəcəyini, məhkəmədə onun hüquqlarını müdafiə edəcəyini vəd edib və min manatını alıb.
Sumqayıtda hüquqşünas, vəkil kimi fəaliyyət göstərən S.Cəfərov daha bir neçə nəfərə qarşı da dələduzluq edib. Hüquqi yardım göstərmək üçün vətəndaşlardan pul alsa da vədinə əməl etməyib.
Dələduzluqda təqsirləndirilən S.Cəfərov apellyasiya şikayətində hökmün dəyişdirilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş edib.
O, apellyasiya şikayətini belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi yalnız ibtidai istintaq zamanı toplanmış saxta subutlara əsaslanaraq onun barəsində hökm çıxarıb.
S.Cəfərov iddia edib ki, zərərçəkmişlərə borcu olmadığı halda onun barəsində yalan ifadələr veriblər.
Məhkəmə kollegiyası tərəfləri dinlədikdən sonra qərarında qeyd edib ki, məhkum apellyasiya şikayətində məhkəmə istintaqı zamanı əsassız olaraq təqsirləndirildiyini qeyd etsə də, ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, həmçinin cinayət işinin digər materialları ilə tam subuta yetirilib.
Kollegiyanın qərarında S.Cəfərovun şikayətinin təmin edilmədiyi 8 illik cəzanın qüvvədə saxlanıldığı qeyd edilib.
Bildirək ki, S.Cəfərov daha əvvəl də eyni dələduzluq əməllərinə görə hakim qarşısına çıxarılıb. O, 2011-ci ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilərək 3 il sınaq müddəti müəyyən edilməklə cəzası şərti hesab edilib.