Psixi xəstəxanadan çıxarılan oğul məhkəməyə gətirildi: - "Atamı balta ilə vurdum"
19-01-2018, 18:18
9 il əvvəl atasını balta ilə öldürməkdə təqsirləndirilən Azər Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən qətl törədəndən sonra psixi xəstəliyə tutulduğu üçün müalicəyə göndərilib.
2009-cu ildə məhkəmə onun psixi xəstəliyi ilə bağlı məcburi müalicəyə göndərilməsinə dair qərar çıxarıb. Qanuna görə, onun səhhəti normallaşdığı üçün barəsində olan cinayət işi üzrə yenidən məhkəmə istintaqı aparılır.
Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda yazılır ki, Azər Yaqubov atasını yatmış, köməksiz vəziyyətdə qətlə yetirib.
O, verilən ittiham üzrə özünü təqsirli bilib və əməlindən peşman olduğunu deyib.
Məhkəmədə sərbəst ifadə verən Azər Yaqubov ifadəsində atasını bir dəfə balta ilə vurduğunu deyib.
Hakim bildirib ki, istintaq materiallarında Azər Yaqubovun atası Şaban Yaqubova balta ilə 3 dəfə zərbə vurduğu qeyd edilib.
Prokurorun suallarını cavablandıran A.Yaqubov hadisəni törədən zaman atasının yatmadığını, televizora baxdığını və mübahisə etdikdən sonra vurduğunu deyib.
Məhkəmədə öldürülən Şaban Yaqubovun hüquqi varisi digər oğlu Anar Yaqubov da məhkəmədə ifadə verib.
O, hazırda qardaşından şikayətçi olmadığını söyləyib: "Mərhum mənim atamdır. Azər də qardaşım. Hadisə də ailə münaqişəsi zəminində baş verib. Mənim şikayətçi olub-olmamağım nəyisə dəyişmir. Hadisə 9 il əvvəl baş verib".
Məhkəmə istintaqının başa çatdığı elan edilib. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.
Proses yanvarın 26-da davam edəcək.
Qeyd edək ki, qətl 2009-cu ildə Sumqayıtda baş verib. İttihama əsasən, Azər Yaqubov atası Şaban Yaqubova yatdığı yerdə baltalayıb. Şaban Yaqubov hadisə yerindəcə keçinib. Hadisəyə səbəb isə Azərin işləməməsi olub. Belə ki, atasının onu tez-tez danlamasını bəhanə gətirərək onu öldürməyi planlaşdırıb.