“Onlar pislik etmək üçün yer axtarırlar” - Deputat Cavanşir Paşazadə

19-01-2018, 18:39           
“Onlar pislik etmək üçün yer axtarırlar” - Deputat Cavanşir Paşazadə
75 saylı Lənkəran - Masallı seçki dairəsin deputatı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, hakim Yeni Azərbaycan Partiyasında təmsil olunan Cavanşir Paşazadə Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik:

- Milli Məclisin yaz sessiyası başlayır. Sessiya ərzində hansı qanun layihələrinin qəbulunu vacib sayırsınız? Boşluqlar olan qanunlarımız varmı?

- Parlamentin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək. Yaz sessiyası ərzində vacib qanun layihləri qəbul olunacaq. Bu gün iqtisadiyyatın inkişafı, respublikada gedən proseslərlə bağlı bəzi qanun layihələrində boşluqlar var. 5 il bundan əvvəl qəbul olunan qanunlar artıq günümüzə cavab verməyəndə, müəyyən dəyişikliklər edilir.
Parlament bu işin öhdəsindən yetərincə gəlir, tam gücüylə işləyir. Bizim qəbul etdiyimiz qanunlar təbii ki, xalqa və dövlətçiliyə xidmət edir.

- Seçiciləriniz sizə daha çox hansı məsələlərlə bağlı müraciət edirlər?

- Mən mütamadi olaraq seçicilərimlə görüşlər keçirirəm. İnsanlar 10-15 il bundan əvvəl başqa suallar verirdilər. İşıqdan, qazdan, yoldan, bağçaların olmamasından şikayətlənirdilər. Bilirsiniz ki, mənim təmsil etdiyim bölgə kənd təsərrüfatı bölgəsidir. Onların da yay mövsümündə suları, işıqları olmurdu. İndi isə Azərbaycanda belə bölgələr azdır.
Cənab prezident kənd təsərrüfatı sahəsinə dair bir sıra tapşırıqlar verib. Həmin tapşırıqlar həyata keçirilir. Bu istiqamətdə Lənkəranda da böyük işlər görülür. Bu gün vətandaşların sualları əsasən istehsal etdiyi məhsulun satış yeri ilə bağlıdır. Bunu hamı bilir ki, bizim ən böyük bazarımız Rusiyadır. Çünki biz əzəldən öyrəşmişik ki, satışı Rusiyada təşkil edək. Cənab prezident də ölkədə yeni kooperasiyaların açılması ilə bağlı tapşırıqlar verib. Burada əsas məqsəd məhsulların insanlardan alınması və satılmasıdır. Təbii ki, bunlar həyata keçdikdən sonra insanların qayğıları da yüngülləşəcık.
Heç kimə sirr deyil ki, Cənub bölgəsindən xeyli adam Rusiya bazarlarında işləyir. O adamların da qohum-əqrəbası burada yaşayır. Rusiya bazarlarında işləyənlər Bolqarıstandan, Özbəkistandan və başqa ölkələrdən alver məqsədilə məhsullar alırlar. Təklif edərdim ki, bunu etməsinlər. Öz qohumları ilə, yəni Cənub bölgəsinin insanları ilə müqavilə bağlasınlar. Onlar məhsulllar yetişən mövsümdə bunu təşkil edə bilərlər. Bu birliyi yaratsalar, insanlara daha da rahat olacaq.
Hazırda kənd təsərrüfatı sahəsində böyük işlər görülür.Astara, Lənkəran, Masallıda çay fabrikləri tikilib.

- Sizə ünvanlanan müraciətlərin içərisində qeyri-adiləri də varmı?

- Mənə qeyri-adi müraciətlər də olur. Məsələn, bir vətəndaş məktub yazıb. Müraciətdə cənab prezident, I vitse-prezident də daxil 25 vəzifəli şəxsin adını qeyd edib, lap axırda da deputat kimi mənim adım gəlir. Mən deputatam, xalqın səsini lazımi orqanlara çatdıra bilərəm. Həmişə insanlara deyirəm ki, mənə yalnız özümə ünvanladığınız şikayəti təqdim edin. Mən də lazım olan orqana çatdıraram. Nazirliyə yazdığı şikayəti mənə ünvanlamağın nə önəmi var?
Elə şikayətçi var ki, deyir uşağı kreditə telefon götürüb, onun pulunu ödəmək lazımdır.
Kənd yerlərində insanlar toy etmək üçün də kredit götürür. Təmtəraqlı toy etmək məcburi deyil axı. Əgər sənin imkanın 50-100 nəfərə çatırsa, niyə daha böyük miqyasda toy edirsən? “Qonşudan geri qalma” prinsipi ilə hərəkət etmək axırda pis vəziyyətə gətirib çıxarır.
Belələri də mənə müraciətlər edirlər. Mən də onlara yalnız imkan olanda kömək edə bilirəm. Banklarla bağlı da mənə müraciətlər daxil olur.
Təklif edərdim kənd təsərrüfatı sahəsində çalışanlara 10 -15 min manat məbləğidə kredit verilməsin. Bəziləri krediti alan kimi həmin pulun 3-4 minini bazarlığa xərcləyir. Sonra da guya, yer əkib-becərəcək, məhsul toplayıb satacaq, krediti qaytaracaq. Atalar misalı var: yağmadı yağış, bitmədi qamış. Ona görə də böyük kreditlər hər adama verilməməlidir.
Televiziyada kənd təsərrüfatından, iqtisadiyyadan danışanlar elmi dildə söhbət edirlər. Bunu hamının anladığı şəkildə danışmaq lazımdı. Kənd insanları bu üslübu bilmirlər. O, kəndçidi, torpaqla işləyən adamdı. Mütəxəssislər təkcə özünü yox, insanları da fikirləşsə, hamı maariflənər.

- Cavanşir müəllim, şeyxülislam Allahşükür Paşazadənin qardaşı olmaq sizin daha çox xeyrinizədir, ya ziyanınıza?

- Şeyxin qardaşı olmaq sifarişlə deyil. Mənim əlimdə deyil ki, şeyxin qardaşı olmayım. Təbii ki, şeyxin qardaşı olmağın özü bir qürurdur. Mən bu qüruru 35 ildən artıqdır ki, hiss edirəm. Şeyxin qardaşı olmağın müəyyən qədər özəllikləri var. Bəzi yerlərdə başqaları etdiyi hərəkətləri mən edə bilmirəm, başqalarının dediyi sözü deyə bilmirəm, başqalarının özünü apardığı formada mən özümü apara bilmirəm. Ona görə həm bu tərəfi var, həm də o tərəfi. Mən ən axırda deyərdim ki, şeyxin qardaşı olmaq gözəl bir şeydir.

- Şeyxlə məsləhətləşmələriniz olur? Sonuncu dəfə onunla nə vaxt görüşmüsünüz?

- Biz şeyxlə hər gün görüşürük. Elə gün olmaz ki, bir-birimizlə görüşməyək. Ya da ki heç olmaz ki, telefonla danışmayaq. İş günü bitən vaxtlarda harda olsa, mənə zəng edəcək, ya da mən ona zəng vuracam. Söhbətimiz də günün necə keçdiyi, nə iş gördüyümüz barədə olur. Bu, bizdə mütləqdir. 1 il, 2 il, 5 il deyil, artıq ənənə halını alıb. Əgər ya mən ona, ya da o mənə zəng etməyibsə, demək hardasa nəsə çatmır. İstər o, xaricdə olsun, istərsə də mən, mütləq zəng etməliyik. Oğlum bəlkə də həftədə bir dəfə mənə zəng edir. Ancaq biz qardaşlar bir-birimizə hər gün zəng vururuq.

- Azərbaycanda dini ekstremizm, vəhabilik təhlükəsi varmı?

- 2017-ci il Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilmişdi. Bu, elə-belə sıradan bir hadisə deyildi. Onda cənab prezident uzaqgörən bir addım atdı. “İslam Həmrəyliyi ili”nin elan edilməsi hər ölkə başçısının gücündə olan məsələ deyil. Azərbaycanda dini durum ciddi nazarət altındadır. Mən bu gün Azərbaycanda vəhabi təhlükəsi görmürəm.

Hələ 70-ci illərdə Əfqanıstanda, İraqdakı dağıdıcı qüvvələr bu gün də bəzi ölkələri hədəfə alıb. Bir sıra ölkələrdə qardaş qırğını yaşanır. “Demokratiya” deyə çığıran dövlətlərin özlərində demokratiya varmı? Amma başqa dövlətlərdən bunu istəyirlər. XXI əsr dialoq əsrdir. Müharibələrin heç biri dövlətlərə xeyir gətirməz. Mənim qonşu dövlətim nə qədər yaxşı yaşasa, mən də yaxşı yaşayacam.
Bizim bir Qarabağ problemimiz var. Mən inanıram ki, bu problem də yaxın vaxtlarda öz həllini tapacaq. Biz demokratiyanı qoruyuruq. Ermənistanla müharibə etsək, torpaqlarımızı iki günə geri alarıq. Biz münaqişəni hələ ki dünyanın qəbul etdiyi şəkildə həll etməyə çalışırıq.
İslamda öldürmək, dağıtmaq yoxdur, ancaq yaxşılıq var.

- Suriya, İraq və başqa Yaxın Şərq ölkələrində bəzi radikal qruplaşmaların tərkibində azərbaycanlıların da döyüşdüyü faktdır. Sizcə, onlar niyə bu yola düşüblər?

- O insanlar pislik etməyə çalışanlardı. Onlar pislik etmək üçün yer axtarırlar. Və özlərinə məxsus yerlər tapıblar. Onlar həqiqəti müdafiə etmək istəyirlərsə, Qarabağda da vuruşa bilərdilər. Həmin insanların iradəsi düzgün deyil, doğru yoldan sapıblar. Bəziləri hətta ailəsini də ora aparıb. Başlarına min cür hadisə gəlir. Özləri öləndən sonra uşaqları yetim qalır. Bunların qarşısı alınmalıdır. Valideynləri həmin şəxslərlə söhbət etməlidir. Bu çox pis tendensiyadır. Gedib başqa ölkələrdə qırğınlar yaradanlar, başqa ölkənin vətəndaşlarını qormumaq adı ilə oğurluq, banditdik edənlər bizim vətəndaşımız adına ləkə gətiri. Onların ölkəyə gətirilib-gətirilməyəcəyi isə dövlətin siyasətidir.

- Bir dəfə demişdiniz ki, Quranı oxumamısınız, ancaq kifayət qədər dini bilikləriniz var. Hazırda necə, Quranı oxuyursunuz?

- Biz dünyaya gələndən avazlar, Quran səsi eşitmişik. Mən də çoxları kimi dini adət-ənənələri, Quranı müəyyən qədər bilirəm. Quranı tam olmasa da, müəyyən qədər oxuya bilirəm. Şükür Allah ki, islamçıyam. Quranı özüm üçün müəyyən qədər oxuyuram.

- Sizcə, orta məktəblərimizdə dini dərslər keçilməlidir?

- Bu tendensiya başqa ölkələrdə var. Bizdə niyə olmasın? Orta məktəblərə mollalıq formasında yox, islam dinini təbliğ etmək formasında dərslər keçilə bilər. Bu bir anlatma şəklinə olmalıdır. Yəni din nəyi deyir, nəyi öyrədir... Bu gün orta məktəblərdə təhsil alanlar bilsələr ki, doğru yol budur, sonrakı fəsadlar da törənə bilməz.

- Parlamentdə xüsusi hörmət edilən deputatlardan birisiniz. Hətta digər deputat həmkarlarınızdan fərqli olaraq, mühafizə xidmətinin əmakdaşları binaya daxil olan zaman sizə “çest” də verirlər...

- Mən də adi bir deputatam. Heç kimə hörmətsizlik etmirəm. Mən onlara salam verirəmsə, onlar da mənə salam verir. Onlara saymazlıq etsəm, onlar da mənə edəcək. Bu da ola bilsin ki, yaş dövrüylə əlaqədardır. Hər insanın daxilində bir hərəkət var. Mən bu gün onlara necə yanaşıramsa, onlar da mənə elə yanaşır.

- Qanunvericiliyə görə, deputatın silah almaq hüququ var. Heç silah almaq üçün müraciət etmisiniz?

- Xeyr. Respublikada hərc-mərcliyin olduğu dövrdə deputatın silah əldə etməsi üçün qanunvericilik qəbul edilmişdi. Hesab edirəm ki, indi Azərbaycanda sabitlik mövcuddur və dövlətlə xalq, seçici ilə deputat arasında elə bir uçurum yoxdur ki, mən də silah gəzdirim. Ona görə də silah almağa ehtiyac görmürəm.

- Övladlarınız nə işlə məşğuldurlar?

- 3 övladım var: 2 oğlan, 1 qız. Oğlumun biri polisdə işləyir. Əməliyyatçıdır. Qızım isə müəllimədir. Digər oğlum isə İstanbulda yaşayır və orada bizneslə məşğul olur.

- Bəzən dini durum, yas mərasimlərinin keçirilməsi və digər məsələlərlə bağlı müxtəlif yerlərdə, hətta Milli Məclisdə Şeyxin ünvanına ittihamlar səsləndirilir. Belə çıxışları eşidəndə nə düşünürsünüz?

- Yerdən 50 dənə daş atırlar. Heç biri adama dəymir, sonuncu dəyən kimi deyirlər ki, Allah hara baxırdı, daş dəydi... 49-u dəyməyəndə Allahı yada saldın ki, 1-i dəyən kimi Allahı düşünürsən? Başqa məsələlərdə Qafqaz Müsəlmanları İdarəsi yada düşmür, yas mərasimi olan kimi şeyx yada düşür. Deməli, öləndə günah yoxdu, ölünü aparanda günah yoxdu, amma şeyxdə günah var?
Hacı Allahşükür Paşazadə təmtəraqlı yas mərasimlərin keçirilməməsi üçün dəfələrlə çağırışlar edib. Kimə nə uyğundursa, onu da etsin. Vacib olan ölünü aparıb basdırmaqdır. İnsanları nə qədər buna çağırmaq olar?..
İsrafçılıq yalnız yas mərasimində olmur. Bu, toylarda da yaşanır. Şənbə-bazar günləri 8-ci kilometr qəsəbəsindən iy-qoxu əlindən keçmək olmur. Nə üçün belə olmalıdır? Bir adamın anası ölüb, amma oğuna toy edir, bal ayına göndərir, anasına isə 5 minlik yas mərasimi təşkil etdiyini deyir. Niyə? Onu da etmə, bunu da. Məni toya çağırmısan. Sənin oğlunun 18-20 yaşı var. Sənin oğlun məni tanıyır? Çağır onun həmyaşıdlarını... 50 nəfər çağır. Yaxşı oğlandısa, 200 nəfər çağır. Onların özləri restorandakı səsi də götürərlər. Mən axı orada otura bilmirəm.
Bir də eşidirik ki, kimlərsə nə qədər pul verib xaricdən müğənnilər gətirir. Bunlar nəyə lazımdı...

- Bu ilin oktyabrında Azərbaycanda prezident seçkiləri keçiriləcək. Seçkilər barədə nə deyə bilərsiniz?

- Bu il keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən cənab prezident İlham Əliyevin namizədliyi irəli sürüləcək. Təbii ki, bu seçkiyə müdaxilələr olacaq. Bu hallar əvvəl də olub.. Axı bizi istəməyənlər də var.
Bu gün Azərbaycan xalqı İlham Əliyevi və onun apardığı siyasəti dəstəkləyir. Mən inanıram ki, İlham Əliyev növbəti 7 il müddətinə də prezident seçiləcək. Və Azərbaycanı dünyada daha güclü edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.