Rusiyadan ən çox nə alır, onlara nə satırıq? - Araşdırma
29-08-2015, 20:56
Neftin qiymətində sərt eniş daha çox Rusiya valyutasını vurub. Ötən həftə dollar hətta 71 rubla qədər bahalaşdı. Kreml yetkililərinin açıqlamasına görə, son proseslərdən sonra ölkədə iqtisadi artımın 3,3 faiz azalması gözlənilir. Hansı ki, bir ay əvvəl həmin rəqəm 2,8 faiz proqnozlaşdırılırdı.
Nəzərə alsaq ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, ölkədə iqtisadi vəziyyətin yenidən pisləşməsinin təsirləri maraq doğurur.
Qeyd edək ki, Rusiya iqtisadiyyatında baş verən birinci dalğa daha çox mənzil bazarını və pul göndərişlərini vurmuşdu. Belə ki, qonşu dövlətə işləməyə gedən Azərbaycan vətəndaşlarının göndərişlərində azalmalar baş vermişdi. Mənzil bazarı bu gün də rentabelliyini bərpa edə bilməyib. Hazırda təsirlərin nədən ibarət olacağı sual doğurur.
Əvvəla, nəzərə çatdıraq ki, Rusiya Xəzəryanı ölkələr arasında Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Rusiya 2013-cü ildə ticarət dövriyyəsində 7,52 faiz nisbəti ilə üçüncü sırada yer alıb. Həmin ildə ticarət dövriyyəsinin həcmi 2 583 022,8 min manat təşkil edib. 2014-cü ildə ticarət dövriyyəsi 1 954 751,7 min dollar olub.
Ötən ilin yekunlarına görə, Rusiyadan idxal 1 314 480,4 min dollar təşkil edib. İxrac 640 271,3 min dollar olub. Hansı ki, 2013-cü ildə həmin rəqəm 1 077 844,4 min manat idi.
O ki qaldı Azərbaycanın Rusiyaya nə alıb-satmasına, bu ölkənin idxal payı yüksək olduğundan elə idxalı götürək. İdxalın strukturu göstərir ki, Rusiya Azərbaycanın əsas ərzaq təminatçısıdır. Konkret olaraq 2014-cü ildə Rusiya Federasiyası ilə həyata keçirilən idxalda əsas yeri ət və ət məhsulları, süd və süd məhsulları, tərəvəz, meyvə, kartof, çay, bitki yağları, şəkər və şəkər tozu, qənnadı məhsulları, spirtli içkilər, meyvə-tərəvəz konservləri, mineral və qazlı sular, siqaret tutub.
Rusiyadan idxalın strukturu:
(əsas istehlak məhsulları üzrə)
Diri iribuynuzlu heyvanlar – 23 709,0 ədəd, 13198,7 min dollar (diri iribuynuzlu heyvanların idxalına görə Rusiya Gürcüstandan sonra ikinci sırada yer alır)
Təzə və dondurulmuş balıq – 1 558,5 ton, məbləği 855,3 min dollar (üçüncü yerdə)
Süd və qaymaq – 2 522,2 ton, məbləği 2 260,1 min dollar (Ukraynadan sonra ikinci slrada)
Pendir və kəsmik – 2 324,2 ton, məbləği 5 464,1 min dollar (Danimarkadan sonra ikinci sırada)
Kartof – 52 240,7ton, məbləği 2 187,2 min dollar (birinci sırada)
Təzə meyvə - 191,8 ton, məbləği 118,4 min dollar (altıncı sırada)
Çay - 83.3 ton, məbləği 700,4 min dollar (altıncı sırada)
Buğda - 630,3 ton, məbləği 148 770,3 min dollar (birinci sırada)
Düyü – 2 264,9 ton, məbləği 461,8 min dollar (birinci sırada)
Buğda unu -3 506,4 ton, məbləği 1 179,2 min dollar (birinci sırada)
Bitki yağları – 36 196,5 ton, məbləği 22 635,7 min dollar (ikinci sırada)
Marqarin, digər qida qarışıqları – 6 741,3 ton, məbləği 5 345,3 min dollar (birinci sırada)
Ət kolbasası – 555,2 ton, məbləği 2 671,5 min dollar (birinci sırada)
Şəkərli qənnadı məhsulları - 8 538, 1 ton, məbləği 7 267, 7 min dollar (Ukraynadan sonra ikinci sırada)
Şokalad və şokalad məhsulları – 10 132,2 ton, məbləği 12 850,7 min dollar (birinci sırada)
Makaron məmulatları – 2 060,9 ton, məbləği 1 869,6 min dollar (Türkiyədən sonra ikinci sırada)
Çörək və unlu qənnadı məmulatları – 9 601,5 ton, məbləği 8 915,1 min dollar (Türkiyədən sonra ikinci sırada)
Mineral və qazlı sular – 1 065,8 min dkl, məbləği 10 486,3 min dollar (Gürcüstandan sonra ikinci sırada)
Pivə - 13,9 min dkl, məbləği 93,6 min dollar (Türkiyədən sonra ikinci sırada)
Araq, 100 faiz spirtlə - 16,4 min dkl, məbləği 1 961,4 min dollar (Niderlanddan sonra ikinci sırada)
Tütün - 293,8 ton, məbləği 1 668,6 min dollar (dördüncü sırada)
Siqaret – 7 774,7 milyon ədəd, məbləği 200 522,8 min dollar (birinci sırada)
Dərman vasitələri – 4 679,8 ton, məbləği 13177,2 min dollar (birinci sırada)
Sabun – 2 899,7 ton, məbləği 952,5 min dollar (Türkiyədən sonra ikinci sırada)
Sintetik yuyucu maddələr – 8 123,məbləği 4 767,4 min dollar (Türkiyədən sonra ikinci sırada)
İxraca gəlincə, xüsusilə Rusiyanın Avropaya qarşı tətbiq etdiyi embarqodan sonra sahibkarlarımızın bu ölkəyə nə aparması sual doğurur.
Mühüm növ məhsulların ixracı:
Kartof - 48 968,2 ton, məbləği 31 811,4 min dollar (birinici sırada)
Təzə tərəvəz - 76 341 ton, məbləği 66 729,5 min dollar (birinci sırada)
Təzə meyvə - 142 542,2 ton, məbləği 145 033,5 min dollar (birinci sırada)
Çay – 1 212,4 ton, məbləği 6 103,3 min dollar (ikinci sırada)
Makaron məmulatları – 20,0 ton, məbləği 13,2 min dollar (üçüncü sırada)
Meyvə və tərəvəz konservləri – 3120,5 ton,məbləği 3341,2 min dollar (birinici sırada)
Meyvə və tərəvəz şirələri - 4301,7 ton, məbləği 4208,7 min dollar(birinci sırada)
Üzüm şərabı – 332,6 min dkl, məbləği 5 700,9 min dollar (birinci sırada)
Tütün – 1 428,3 ton, məbləği 3 102,1 min dollar (Belarusiyadan sonra ikinci sırada)
Rublun ucuzlaşması başqa ölkələrlə ticari əlaqələri zəiflədib
İqtisadçı-ekspert Fikrət Yusifov deyir ki, rubulun son 3 ay ərzində əlavə olaraq öz dəyərini 40%-ə qədər itirməsi ilk növbədə Rusiya ilə ticari əlaqəsi geniş olan ölkələrlə münasibətdə öz əksini tapmağa başlayıb: “Rublun dəyərdən düşməsi fonunda xarici ticarət əlaqələrinin zəifləməsinin başlıca səbəbi bu ticari əlaqələrdə hesablaşmaların əsasən ABŞ dolları ilə aparılmasıdır. Ölkəyə dollarla alınıb gətirilmiş malların qiymətlərini rublun sürətlə dəyərdən düşməsinə tam uyğunlaşdırmaq mümkün olmadığından idxalla məşğul olanlar öz fəaliyyətlərini sonda ya az mənfəətlə ya da ziyanla başa vururlar. Bu səbəbdən də belə bir ərəfədə Rusiyanın təkcə bizimlə deyi, bütün başqa ölkələrlə ticari əlaqələri zəifləməyib".
Pul göndərişləri azalacaq
Məsələnin başqa tərəfi rus rublunun dəyərsizləşməsinin Rusiyaya işləməyə getmiş soydaşlarımızın gəlirlərinin azalmasına nə qədər təsir göstərməsidir. Rəsmi rəqəmlərə inansaq, hər il həmin miqrantlar tərəfindən Azərbaycana 1.2 milyard dollar pul köçürülür. Ancaq rus mətbuatı bu rəqəmin təxminən iki dəfə çox olduğunu yazır. Onlar da bunu qeyri-nəğd üsulla göndərilən məbləğlə əsaslandırırlar. İqtisadçıların rəyinə görə, Rusiyadan Azərbaycana göndərilən məbləğ bizim büdcənin əhəmiyyətli hissəsini təşkil etmir. Halbuki Ermənistan,Özbəkistanda bu rəqəm fərqlidir. Məsələn, Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun (IFAD) 2014-cü ilə olan hesabatına əsasən, Rusiyada 743 min azərbaycanlı vətəninə 1.1 milyard dollar pul göndərib. Özbəklərdə bu göndəriş 5.6 milyard, ukraynalılar 3.9 milyard, taciklərdə 2.9 milyard, ermənilərdə 1.38 milyard, gürcülərdə 1.22 milyard dollar olub.
Onu da nəzərə çatdıraq ki, cari ildə Rusiyadan Azərbaycana nə qədər pul göndərildiyi bəlli deyil. Sadəcə o məlumdur ki, ilin əvvəlindən respublikanın iqtisadi tərəfdaşı olan ölkələrdə yaranmış vəziyyət daxil olan pul baratlarının məbləğinə mənfi təsir edib. İlin 1-ci yarısında ölkəyə 511 milyon dollar pul göndərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36% azdır.
Sonda onu da bildirək ki, rublun dəyərdən düşməsi eyni zamanda Rusiyada ərzaq inflyasiyasını gücləndirir. Bu da həmin inflyasıyanın qonşu dövlətlərə ixracına şərait yaradır. Hansı məhsulların qiymətinin bahalaşmasına gəlincə, bunu öyrənmək üçün yuxarıda əksini tapmış idxalın strukturuna nəzər yetirmək kifayətdir.