İnflyasiya azalacaq - TƏHLİL

11-05-2018, 14:54           
İnflyasiya azalacaq - TƏHLİL
Bu ilin mart ayından büdcə təşkilatlarında çalışanların əməkhaqlarının orta hesabla 10% artırılmasından sonra bir sıra istehlak mallarının qiymətlərində yüksəliş olacağı və inflyasiyaya təzyiqin güclənəcəyi istisna olunmurdu. Üstəlik, keçən il 12,9% inflyasiya qeydə alınıb. Amma bunda maaş və pensiya artımları heç bir rol oynamadı. Ümumiyyətlə, 2017-ci ildə və ondan əvvəlki illərdə büdcə təşkilatlarında artım da qeydə alınmayıb. Amma qeyd etdiyim kimi, kifayət qədər böyük bahalaşma baş verdi.
Ümumiyyətlə, keçən ilin sosial-iqtisadi yekunları sırasında mənfi cəhətlərdən biri istehlak qiymətləri indeksinin – inflyasiyanın yüksək qeydə alınması oldu. Və bu, yəni, inflyasiya amilinin ikirəqəmli səviyyədə qeydə alınması çox böyük təəssüf doğurdu. Başqa sözlə desəm, ölkədə inflyasiya səviyyəsinin ümumən sabit qalmasına baxmayaraq, tempin azalmaq istəyində olmadığını nümayiş etdirməsi əslində, ciddi siqnal oldu. Odur ki, cari ildə hökumətin əsas məqsədlərindən biri inflyasiyanı birrəqəmli səviyyəyə endirməkdən ibarətdir ki, bu, qarşıya qoyulan ən ümdə vəzifələrdən birini təşkil edir.

Maaş və pensiya artımları qiymətlərə heç bir təsir edə bilməzdi və etmədi də... Çünki bizdə inflyasiyanı yaradan artıq başqa amillərdir. Ötən il ərzində ölkəmizdə istehlak qiymətlərinin indeksinin yüksək olacağı əvvəlcədən də bəlli idi. 2017-ci ildə inflyasiyanın təxminən 13% təşkil etməsi səbəblərinə əvvəla, ötən il məlum iqtisadi vəziyyətlə əlaqədar mövsümi amillərin qiymətlərin artmasına güclü təsir göstərməsi, ikincisi isə, idxal məhsullarının mühüm rol oynaması daxil idi. Yəni, idxal inflyasiyasının...

Üçüncüsü, ən çox ərzaq məhsulları bahalaşdı ki, bu da bütün dünyada baş verdi. Dördüncüsü isə, Azərbaycanda əhalinin real gəlirlərinin artım tempində bərpa prosesinin başlanması “böyük itkilərə” məruz qalmış ticarət şəbəkələrinin və bir sıra iş adamlarına əlinə fürsət verdi ki, cüzi də olsa süni qiymət artımıları da əlavə təkan yaratdı...

Ümumiyyətlə, 2017-ci ildə inflyasiya başlıca olaraq qeyri-monetar amillərdən irəli gəldi. Valyuta bazarında sabitliyin yaranması və hətta manatın məzənnəsinin 4% möhkəmlənməsi şəraitində inflyasiyanın yüksəlməsi əsasən, ticarət tərəfdaşı olan ölkələrdə gedən anoloji proseslərin, habelə ayrı-ayrı əmtəə qrupları üzrə tələb və təklifin nisbətinin dəyişməsi hesabına baş verdi.

İndi bunlar tamamilə aradan qalxıb. Kənar təsirlər səngiyib, valyuta bazarında sabitlikdir, neftin dünya bazar qiymətləri qənaətbəxş səviyyədədir, qeyri-neft məhsullarının ixracı tədricən genişlənməkdədir, işgüzar aktivlik nisbətən canlanıb, ölkəyə mal idxalı, həmçinin yerli məhsul istehsalı genişlənir. Odur ki, bütün bunlar da təklifi yüksəldib.

Bu günlərdə Beynəlxalq Valyuta Fondu (BVF) bəyan edib ki, 2019-cu ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 3,9% artacaq, inflyasiyanın səviyyəsi isə bu il 7%, gələn il isə 6% olacaq. Bundan əvvəl isə, “Moody’s” beynəlxalq reytinq agentliyinin proqnoz hesabatı diqqəti cəlb etmişdi ki, qurumun açıqladığı hesabatda 2018 və 2019-cu illərdə ölkəmizdə inflyasiyanın azalacağı bildirilirdi. Hesabata əsasən, 2018-ci ildə inflyasiyanın 6%, 2019-cu ildə isə 5% səviyyəsində olacağı proqnozlaşdırılırdı. Dünya Bankı (DB) ölkəmizə dair bildirib ki, inflyasiya 2018-ci ildə 6,4%, 2019-cu ildə 4,2%, 2020-ci ildə isə 3,9% olacaq. Hökumət isə bu rəqəmləri 2018-ci ildə 6,1%, 2019-cu ildə 4,3%, 2020-ci və 2021-ci illərdəsə 3,1% təxmin edir. Mərkəzi Bank da bəyan edib ki, makroiqtisadi və maliyyə sabitliyinin qorunması dayanıqlı iqtisadi artım üçün baza şərti təşkil edir.

Sözün qısası, sual yaranır ki, qiymətlərin yüksəlişi dayanacaqmı?!

Bəli. Ehtimal böyükdür. Ancaq bir şərtlə: yuxarıda qeyd etdiyim tendensiyalar - kənar təsirlərin səngiməsi, valyuta bazarında sabitlik, neftin dünya bazar qiymətlərinin qənaətbəxş səviyyəsi, qeyri-neft məhsullarının ixracı tədricən genişlənməsi, işgüzar aktivlik nisbətən canlanması, ölkəyə mal idxalı, həmçinin yerli məhsul istehsalının genişlənməsi davam etsin və ardıcıl proses xarakteri daşısın.

Ölkəmizdə inflyasiya 2010-cu il ərzində 5,7, 2011-ci ildə 7,9, 2012-ci ildə 1,1, 2013-cü ildə 2,4, 2014-cü ildə 1,4, 2015-ci ildə isə 4% təşkil edib. Yəni, birrəqəmli səviyyədə... Halbuki, göstərilən illərdə AMB-in uçot dərəcəsi 2010-cu ilin oktyabrın 31-dək 2%, 2011-ci ilin fevralın 28-dən 5, mayın 5-dən isə 5,25, 2012-ci ilin dekabrın 10-dan yenidən 5, 2013-cü ilin fevralın 11-dən 4,75, 2014-cü ilin mayın 1-dən isə 4,25, həmin ilin iyulun 30-dan 3,5, 2015-ci ilin iyulun 13-ü tarixdən 3% təşkil edirdisə, 2016-cı ilin fevralında 15-dən 5, avqustun 8-dən 9,5, sentyabrın 14-dən isə 15% səviyyəsində müəyyən edilmişdi.

İndi AMB üçün uçot dərəcəsini yenə endirir. Və artıq, iki dəfə aşağı salıb. Əvvəl, yəni, cari ilin fevralın 12-də 15-dən 13%-ə, aprelin 9-da isə 11%-ə... Bu, inflyasiyanın azalması amilinə mənfi təsir edə bilərmi? Yox...

Çünki, bizdə, yuxarıdakı rəqəmlərdən də güründüyü kimi pul-kredit siyasəti sərtləşdirildiyi halda, inflyasiya göstəricisi azalmaq əvəzinə yüksəlib. Başqa sözlə desəm, ölkəyə xarici valyuta axdığı, tədiyyə balansında müsbət saldo hökm sürdüyü, AMB-in uçot dərəcəsinin təkrəqəmli olduğu və bunun müqabilində iqtisadi aktivlik müşahidə edildiyi zamanda illik istehlak qiymətləri indeksi birrəqəmli səviyyədə, dollar çatışmadığı, tədiyyə balansında disbalans, AMB-in uçot dərəcəsi 15% və heç bir iqtisadi aktivlik müşahidə olunmadığı halda isə ikirəqəmli inflyasiya qeydə alınıb.

Çünki bu, bilavasitə manatın ucuzlaşması nəticəsində olub. 2016-cı ildə də 12%-dən çox inflyasiya məhz manatın ABŞ dolları qarşısında il ərzində 15%-ə qədər ucuzlaşması nəticəsində yarandı. Nəzərə almaq lazımdır ki, daxili bazarda proseslər hələ idarəolunan üzən məzənnə rejimi əsasında tənzimlənir. Yəni, sərbəst buraxılsa, infliyasiya ümumiyyətlə, yüksək olar. Manatın kursu isə hazırda stabildir. Odur ki, inflyasiya böyük ehtimalla həqiqətən də birrəqəmli səviyyədə olacaq.
AzVision.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.