Turizmdən milyardlar qazanmaq üçün nə etməli... - TƏHLİL

15-05-2018, 11:04           
Turizmdən milyardlar qazanmaq üçün nə etməli... - TƏHLİL
Hazırda əksər inkişaf etmiş, habelə gözəl təbiəti, dənizi olan inkişaf etməkdə olan ölkələrin başlıca gəlir mənbələrindən biri də turizm sektorudur. Azərbaycan hökuməti də son illər qeyri-neft sektorunun inkişafı çərçivəsində turizmin dirçəlməsinə xüsusi diqqət ayırır. Lakin dünyada bu sektorun göstəriciləri o qədər yüksək rəqəmlərlə ifadə olunur ki, ölkəmizin həmin uğuru təkrarlaması üçün illər, bəlkə də onilliklər lazımdır. Bu sahədə xarici təcrübənin öyrənilməsi də çox mühümdür. Hansı ölkələr turizmin inkişafı üçün nə kimi yol seçib? Hazırda onların bu sektordan gəlirləri nə qədərdir? Azərbaycanın bu göstəricilərə nail olması üçün hansı addımlar atılmalıdır?

Bu suallar hazırda həm hökuməti, həm də turizm sektoru təmsilçilərini düşündürməlidir.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Vüsalə Əhmədova bildirdi ki, hazırda dünya ölkələrinin turizm gəlirləri milyardlarla dollar olaraq ölçüldüyü halda, Azərbaycanda bu rəqəm 100 milyon manat səviyyəsindədir: “Ümumdünya Turizm Təşkilatının turizmlə bağlı göstəricilərinə əsasən dünyada turizmin gətirdiyi gəlirlər getdikcə artmaqdadır. 1950-ci ildə dünya ölkələri bu sahədən 23 milyard dollar gəlir götürdükləri halda, 2002-ci ildə bu rəqəm 703 milyard dollara yüksəlib. Hazırda dünyanın ən çox turist cəlb edən ölkələri Fransa və İspaniya sayılır. Türkiyə isə dünyanın ən çox turist cəlb edən 6-cı ölkəsidir. Turizmdən əldə edilən gəlirlərə gəlincə isə 204,5 milyard dollarla ABŞ ilk sırada yer alır, 114,1 milyard dollarla Çin ikinci, 56,5 milyard dollarla İspaniya üçüncü yerdədir. Daha sonrakı yerləri sırası ilə Fransa, İngiltərə, Tayland, İtaliya, Almaniya, Hong-Kong, Avstraliya və Kanada bölüşürlər. Türkiyə turizmdən ən çox gəlir əldə edən ölkələr arasında 26,616 milyard dollarla 13-cü sıradadır. Türkiyə 2023-cü ilədək ilk 5 sırada yer almağı planlaşdırır. Ümumdünya Turizm Təşkilatı 2020-ci ildə dünya üzrə 1,5 milyard insanın turist şəklində səyahət edəcəyini, bu turistlərin 2 trilyon dollardan artıq vəsait xərcləyəcəklərini proqnozlaşdırır. Bu, dünyada turizmə olan meylin getdikcə daha çox artdığını göstərir. Dünya İqtisadi Forumu tərəfindən turizm, aviadaşımalar və səyahətlər biznesinin inkişafı üzrə hesablanan rəqabət reytinqində Azərbaycan yalnız ilk yüzə daxil olmağı bacarıb. Ölkəmizə gələn turistlər dünyadakı turistlərin cəmi 0,003 faizini təşkil edir ki, bu da olduqca kiçik rəqəmdir. Azərbaycanın turizmdən götürdüyü gəlir qənaətbəxş deyil. Şimali Kipr Türk Cümhuriyyəti kimi kiçik bir ölkə bu sahədən ildə 2 milyard dollar qazandığı halda, ölkəmizdə bu rəqəm 100 milyon dollardır”.

V.Əhmədovanın sözlərinə görə, Azərbaycan hökuməti qeyri-neft sektorunun prioritet sahələrindən biri kimi turizmi seçibsə, bu sektorun inkişafı üçün də real addımlar atmalıdır: “Belə ki, ilk növbədə mövcud qiymət və tariflər yerli və xarici turistlər üçün optimal həddə endirilməlidir. Qiymətlərin süni artırılması turistlərin hüquqlarını pozur. Ən əsas problem Azərbaycanda istirahətin xarici ölkələrlə müqayisədə baha başa gəlməsi, xidmətlərin səviyyəsinin aşağı olması və turist cəlb etmək üçün lazımi işlərin görülməməsidir. Məsələn, Azərbaycanın lüks hotellərində sutkalıq qonaqlama qiyməti 1000 manatla 2000 manata arasında dəyişməkdədir. Halbuki Amerikada 1 həftəlik səyahət vətəndaşımıza gediş-gəliş xərcləri ilə birgə maksimum 5000-6000 manata başa gələ bilər. Birləşmiş Ərəb Əmirliklərində istirahətin qiyməti 1500 manatdır. Türkiyənin Antalya kimi tanınmış turizm bölgəsində bir həftəlik ”all inclusive" istirahət xərci 600-900 manat təşkil edir. Bundan əlavə, aviabiletlərin kifayət qədər baha olması da diqqəti çəkir. Yeni çarter aviareyslərinin açılması zəruridir. Turizm sektorunda fəaliyyət göstərən şirkətlərdən 18% həcmində əlavə dəyər vergisinin tutulması onların xərcini daha da artırır, dolayısıyla qiymətlərin baha olmasının bir digər səbəbi də budur. Bu sahəyə dövlət tərəfindən həvəsləndirici güzəştlərin edilməsi vacibdir".

Ekspert onu da diqqətə çatdırdı ki, turizm sektorunda ölkəmizin üzləşdiyi əsas problemlərdən biri də məhz bu sektorda ixtisaslı mütəxəssislərin azlığı problemidir: “Bu sahə üzrə mütəmadi kurslar və treninqlər təşkil olunmalı, xarici təcrübə öyrənilməlidir. Azərbaycanın bölgələrində turizm infrastrukturunun inkişafı üçün dövlət dəstəyi ilə yanaşı, bu sahəyə xarici investorlar da cəlb olunmalıdır. Ölkəmizdə turizm qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilməlidir. Hər bir sahədə olduğu kimi, bu sahədə də mövcud inhisar aradan qaldırılmalıdır. Turizm obyektlərinin elektron məlumat bazası formalaşdırılmalı, yeni agentliklər qurulmalı, turoperatorlara yeni standartlar gətirilməlidir”.

Qəzetimizə verdiyi açıqlamada turizmin inkişafı üçün təkliflərini səsləndirən Vüsalə Əhmədova hər bölgənin coğrafi imkanlarına uyğun turizm növlərinin yaradılmasını vacib hesab etdi: “Xarici turistlərin ölkəyə cəlb edilməsi üçün Azərbaycanda bir sıra kompleks tədbirlərin həyata keçirilməsi vacibdir. İlk öncə ölkənin təbii-coğrafi, infrastruktur və tarixi potensialı müəyyənləşdirilməli, bölgələr arasında fərqliliklər diqqətə alınmalı, turizmin inkişafı üçün yeni hədəflər ortaya qoyulmalıdır. İqtisadi faydanı ən yüksək həddə çatdırmaq üçün keyfiyyət və fərqlilik mütləqdir. Əsas deviz yüksək xidmət, münasib qiymət olmalıdır. İşgüzar, sərgi-yarmarka, alış-veriş, romantik, dini-ziyarət, qış, dağ-idman, çöl-səhra, çay-yaxta, termal, yaylaq kimi müxtəlif turizm növlərinin yaradılmasını təklif edərdim. Xəzər dənizi ətrafı bölgələrdə dəniz turizminin baş tutacağı kimi, Kür çayı ətrafı ərazilərdə çay-yaxta, Mərkəzi Aran bölgəsində çöl-səhra, termal suların çıxdığı cənub zonasında, Astara, Lənkəran, Masallı rayonlarında və Quba-Xaçmaz ərazisində termal, şimal və şimal-şərq bölgələrində dağ-idman, xristianlığa və islama aid müxtəlif ziyarətgahların yerləşdiyi ərazilərdə isə dini-ziyarət turizm növlərinin yaradılması məqsədə uyğun olardı. Yeni evlənmiş cütlüklər üçün simvolik nikah mərasimlərinin, 3-6 yaş qrupundakı uşaqlar üçün müxtəlif əyləncə növlərinin təşkili maraq kəsb edə bilər. Bir vacib məqam isə heç zaman yaddan çıxarılmamalıdır. Xarici turistləri ölkəyə cəlb edərkən yerli turistləri unutmaq olmaz. Çünki güclü turizm üçün daxili bazar şərtdir. Məsələn, fransızların 90,6%-i tətil üçün öz ölkələrini seçirlər. Ölkəmizdə də orta və aşağı gəlirli vətəndaşlarımızın bütün turizm xidmət növlərindən faydalanması təmin olunmalıdır”.
0












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.