Efirdən düşməyən QHT sədrinə inanılmaz ittihamlar –Nazirliyə rüşvət, korrupsiya, insan alveri, uşaqların ərzaqlarını mənimsəmə....

17-05-2018, 20:42           

«Azərbaycan Uşaqları» İctimai Birliyinin sədri, efirdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı ekspert qismində çıxış edən Kəmalə Ağazadə uşaqlara çatası ərzaqların mənimsənilməsində suçlanır.

Xeberdar.net azadlıq.org-a isitinadən xəbər verir ki, onun ünvanına bu ittiham mayın 17-də öz məhkəməsində səslənib.

K.Ağazadə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Dələduzluq, rüşvət verməyə cəhd kimi ittihamlarla cinayət məsuliyyətinə cəlb olunan QHT rəhbəri həbsdə deyil. İstintaq və məhkəmə dövrü üçün onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Mayın 17-də məhkəmədə ittiham aktı elan olunub. İttihamda yazılıb ki, təşkilat rəhbəri 1998-ci ilin oktyabrından indiyə qədər «Azərbaycan Uşaqları»nın sədri kimi bir sıra layihələrdə Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edib, bu qurumun vəzifəli şəxsləri ilə ünsiyyətdə olub.

Azərbaycanda HIV/AIDS epidemiyasına qarşı cavab tədbirlərinin təkmilləşdirilməsi ilə bağlı layihənin icrası üçün müxtəlif adamlarla müqavilələr bağlanıb. Beş aylıq müqavilənin müddəti bitəndə, K.Ağazadə həmin şəxslərə Səhiyyə Nazirliyindəki vəzifəli şəxsə rüşvət verib əməkdaşlıq müqaviləsinin müddətini uzadacağını deyib. İddia olunur ki, təşkilat rəhbəri «Azərbaycan Uşaqları»nın yerləşdiyi binada o adamlardan Səhiyyə Nazirliyinə vermək adıyla pul alıb.

K.Ağazadə özünü təqsirli bilməyib. Deyib ki, ittihamda yazılanlar, zərərçəkmiş qismində tanınan şəxslərin söylədikləri şər-böhtandır. Məqsəd isə onu təcrid edib təşkilatı ələ keçirməkdir. Zərərçəkmiş qismində tanınan şəxslər məhkəmədə də onu ittiham ediblər.

Məsələn, zərərçəkmiş Həcər Kəngərli təşkilat sədrini Səhiyyə Nazirliyinə vermək adıyla onun 3 min 600 manat pulunu alıb qaytarmamaqla yanaşı, başqa bir əməldə də suçlayıb: «Kəmalə xanım insan alverinə qarşı mübarizə apardığını deyir. Amma mən özüm, övladım insan alverinin qurbanı olub. Mənim övladım abort etdirilərək tələf olub. Bunun səbəbkarı və günahkarı da Kəmalə Ağazadədir».

Təqsirləndirilən QHT rəhbəri zərərçəkmişin söylədiklərindən təəccübləndiyini, bütün bunların yalan olduğunu bildirib. K.Ağazadənin vəkili Aqil Layıcov aborta məcbur etmə iddiasının araşdırılmasından ötrü xüsusi qərar çıxarılmasını istəsə də, hakim razılaşmayıb. Deyib ki, o məsələnin məhkəmədə araşdırılan cinayət işinə aidiyyəti yoxdur.

Başqa bir zərərçəkmiş Mahirə Sadıqova deyir ki, təşkilatda psixoloq kimi fəaliyyət göstərib, ondan layihənin uzadılması üçün 2 min 100 manat alınıb, amma istintaq dövründə qaytarılıb: «O pul Səhiyyə Nazirliyinə rüşvət kimi veriləcəkdi…».

M.Sadıqovanın iddiasına görə, uşaqlar üçün gətirilən ərzaqları evə aparırdılar: «Bu yük indi də mənim çiynimdədir. Mən uşaqlara ayrılan ərzaqlardan aparmışam. Bunu Kəmalə Ağazadə özü təklif edib. Biz də maaş almadığımız üçün bunu etmişik…».

Məhkəmə davam edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.