“QƏBİRSİZ, MƏZARSIZ, ŞAİR ADI ÇƏKİLƏNDƏ YADA MÜŞFİQ DÜŞÜR”

19-05-2018, 09:45           

Qulu Ağsəs: “Bu il yubiley ilidirsə, təkcə bir gün yox, il boyu yubiley tədbirləri, anma günləri olsun”


Azərbaycan Prezidenti İlham Əliyev poeziyamızın sevgi rəmzi Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Mədəniyyət Nazirliyi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Prezidentin imzaladığı sərəncam təkcə yaradıcı insanların, şair və yazıçı cameəsinin deyil, ümumilikdə xalqın ürəyindən xəbər verir. Çünki Müşfiq müasir poeziyamızın zirvəsi, Azərbaycanın eşq, sevgi, həzinlik və nakamlıq rəmzidir.
Məlumdur ki, hər il Müşfiq poeziya günləri keçirilir. Unudulmayacaq şairin doğma yurdu Xızıya səfərlər təşkil edilir, əziz xatirəsi anılır. Lakin 110 illik yubiley tamam fərqli yanaşma və xüsusi məsuliyyət tələb edən tədbirdir. Tədbir hansı formada keçirilə bilər ki, ötənlərin təkrarı, ənənələrin davamı olmasın. Nəsə bir yenilik etmək mümkün deyilmi?

Məsələ ilə bağlı fikirlərini "Şərq”lə bölüşən şair Qulu Ağsəs bütün qələm dostları kimi məlum sərəncamın onun da ürəyindən olduğunu dedi:

- Sərəncamı oxudum və bütün qələm adamları kimi mən də hədsiz sevindim, ürəyimcə oldu. Şairləri, qələm əhlini 2 şey məhv edir; depressiya və repressiya. Müşfiq repressiyanın qurbanı oldu. Amma repressiyaya qədər Müşfiq dərin depressiya içində olub. Bunun da səbəbi Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və sovet hakimiyyətinin bərqərar olması idi. Müşfiqlə bağlı sonralar xatirələrini yazan, danışan qələm adamları onun daim fikirli olduğunu, sovet hakimiyyətinin qurulmasını heç cür qəbul edə bilmədiyini və bu quruluşa qarşı açıq çıxışlar etdiyini deyiblər. Müşfiq bağda, çayxanada, harada olurdusa, sovetləri lənətləyirmiş. Bu quruluşa nifrətini gizlətmirmiş. Belə vəziyyətdə məlum idi ki, Müşfiq salamat qala bilməzdi. Baxmayaraq ki, Müşfiq sovetləri tərif edən şeirlər də yazmışdı. Amma gözlənildiyi kimi də bu şeirlər onu xilas edə bilmədi.
Müşfiq adı çəkiləndə gözümüzün önünə ilk gələn qəbirsiz, məzarsız bir şair olur. Dənizçilik günü qeyd ediləndə Müşfiq yada düşür. Bir əsgər məzarı gördükdə Müşfiq yada düşür. Şəhidlər Xiyabanına gedirik, Müşfiq gözümüzün önünə gəlir. Məzarı yoxsa da, hər yerdə Müşfiq var. Müşfiq sevən ürəklərin rəmzidir. Sevənləri görəndə gözümüzün önünə Müşfiqin portreti gəlir. Həyatda saf, parlaq nə varsa, Müşfiq oradadır.
Mən sizə başıma gələn bir əhvalatı danışım; bir dəfə məni Müşfiq adına kitabxanaya oxucularla görüşə dəvət etmişdilər. Deyilən ünvana getdim, lakin kitabxananı tapa bilmirdim. Birdən səs gəldi: salam, Qulu. Ətrafıma baxdım, heç kimi görmədim. Səs yenə təkrarlandı: salam, Qulu! Yenə ətrafıma baxdım, bir kimsəni görmədim. Sonra səs dedi: yuxarı bax. Baxdım və gördüm, demə, xalq şairimiz Cabir Novruzun yadigarı Müşfiq Cabir oğlu eyvandan məni səsləyirmiş. Başa düşdüm ki, Müşfiq heç vaxt insanı alçaqdan çağıra bilməz, Müşfiqin adı varsa, onun adaşı da adamı ancaq yüksəkdən səsləyə bilər. Müşfiq qədər həyatı, insanları sevən ikinci bir şair təsəvvürə gətirmək çətindir. Sərəncamda Müşfiq üçün "dərin lirizmi olan şair” ifadəsi var. Nə qədər gözəl və yerində işlənmiş ifadədir. Müşfiqdəki dərin lirizm həqiqətən də, tək-tük şairdə tapılar.

Mikayıl Müşfiqin 110 illik yubiley tədbirlərinin hansı formada keçirilməsinə gəlincə, Qulu Ağsəs təkliflərin Azərbaycan Yazıçılar Birliyinə təqdim ediləcəyini dedi:

- Yəqin, bizim də təkliflərimiz olacaq və AYB bütün təklifləri paket halında hazırlayıb təqdim edəcək. Mən istərdim ki, Müşfiq poeziya günləri təkcə doğma yurdu Xızıda deyil, bütün ölkə boyu keçirilsin. Harda poeziya ruhu varsa, orda Müşfiq poeziya günləri, yubiley tədbirləri keçirilsin. Hər il iyunun 5-i Müşfiq poeziya günləri keçirilir. Bu il yubiley ilidirsə, təkcə bir gün yox, il boyu yubiley tədbirləri, Müşfiqi anma günləri olsun. Bilirəm ki, yubiley tədbirlərinə MDB-dən, türk dövlətlərindən çoxsaylı qonaqlar dəvət ediləcək. Bir də, Müşfiqi anma günündə Xəzərə güllər atmaq ənənəsi var. İstərdim, dənizə süni, mağaza gülləri deyil, təbii, çöl, dağ çiçəkləri səpələnsin. Müşfiq dağ çiçəyi kimi təbii idi, mağaza gülü deyildi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.