Gəlin maşınları - toy xərclərini artıran daha bir amil...

4-08-2018, 11:27           
Gəlin maşınları - toy xərclərini artıran daha bir amil...
Toy günü insan ömrünün ən vacib günlərindən biridir. Ona görə də bəy və gəlin özəl gününün unudulmaz və yüksək səviyyədə olması üçün çalışır. Yeni yaranan toy adətləri, məclisdən öncə keçirilən partilər, xına mərasimləri, dəbdəbəli xonçalar, toy geyimləri, saç-makiyaj qiymətləri, gəlin-bəy maşınının lüks olması və s. külli miqdarda pul tələb edir. Bütün bunlara baxmayaraq, insanlar külli miqdarda borca girərək, bankdan kredit götürərək öz toylarının daha da dəbdəbəli olması üçün əldən-ayaqdan gedirlər.
Son illər şadlıq sarayları xərclərini azaltmaq üçün gəlin maşınını mərasim sahibinə “hədiyyə” etmirlər. Bu amil və ölkəyə gələn turistlərin sayının artması maşın kirayə verən şirkətlərin sayının artmasına səbəb olub. Bəs bütün bunlar illərdir ki, yalnız gəlin maşınlarının kirayəsi ilə məşğul olan şəxslərin biznesinə necə təsir edib?
“Yeni Müsavat”ın əməkdaşı avtomobil kirayəsi ilə məşğul olan məkana üz tutub. Gəlin maşınının kirayəsi ilə məşğul olan Hidayət adlı şəxs deyir ki, restoranların avtomobil verməkdən imtina etməsi onların işinə müsbət təsir göstərir:“Mənim burada 4 avtomobilim var. Qiymətlər 80-300 manat arasında dəyişir. Həmçinin qiymətlər məkandan, avtomobilin saxlanılması müddətindən, sürücünün olub-olmamasından və maşının bəzədilməsinin müxtəlifliyindən asılıdır. Məsələn: ”Bentliy" markalı avtomobilin şəhəriçi qiyməti 150-200 manatdır. Buraya benzin, avtomobilin bəzədilməsi, sürücü daxildir. Əgər toy şəhərlərarasıdırsa, qiymət 200 manata qədər qalxır.
Avtomobil süni güllərlə bəzədilir. Əgər toy yiyəsi təbii güllərlə, fərqli dizayn istəyirsə, o zaman bəzədilmənin qiyməti kirayə haqqından çıxılır və toy yiyəsi istədiyi kimi avtomobili bəzədilir.
Qiymətlər toy sahibinin imkanına uyğun da dəyişir. Müştərinin geyiminə, gəldiyi nəqliyyat vasitəsinə baxırıq. İmkanı aşağıdırsa, maksimum endirim edirik. Lakin sadaladığımız qiymətlərə bəyi evindən götürüb, gəlin evinə kimi aparmaq, oradan da restorana çatdırmaq aiddir. Əgər toy yiyəsi toydan sonra da eyni avtomobillə qayıtmaq istəyirsə, əlavə ödəniş etməlidir".
Digər yaxınlaşdığımız məkanlarda da qiymətlər və təklif edilən xidmətlər eynidir. Avtomobillərin kirayəsi 100-500 manat civarında dəyişir.
Beləliklə, əgər xoş gününüzü keçirəcəyiniz restoran sizi avtomobillə təmin etmirsə, toy xərclərinizin üzərinə ən azı 200 manat da gəlin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.