Nikol savaşı körükləyir: Bakı 51-ci bəndə əsaslansa...

15-09-2018, 09:46           
Nikol savaşı körükləyir: Bakı 51-ci bəndə əsaslansa...
Ermənistan iki il bundan öncə Aprel döyüşlərində üzləşdiyi acınacaqlı vəziyyətlə, biabırçı məğlubiyyətlə yenidən üz-üzə qala bilər. Artıq Ermənistan rəhbərliyi papağını qarşısına qoyub bu barədə ciddi düşünməlidir.

Bu sözləri Axar.az-a İlham Əliyevin ATƏT-in baş katibi Tomas Qremingerlə görüşdə Paşinyanın Qarabağa dair son bəyanatları ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, ilk növbədə, Ermənistana ATƏT-in Minsk Qrupu çərçivəsində müəyyən təzyiqlərin göstərməsinə ümid bəsləyir və buna inanmaq istəyir:

“Çünki belə olmayacağı təqdirdə hadisələr ən arzuolunmaz senari üzrə inkişaf edə bilər. Biz sülh danışıqlarına üstünlük veririk və danışıqlara hazırıq. Lakin Ermənistan bu danışıqlardan yayınırsa, danışıqları pozursa, belə olan vəziyyətdə hadisələr ən gözlənilməz istiqamətdə inkişaf edə bilər. Yəni bu kimi məsələlərdə hərbi tənzimlənmə aktuallaşa bilər. Belə olan vəziyyətdə bütün məsuliyyət yenə də Ermənistanın üzərinə düşəcək. BMT Nizamnaməsinin 51-ci maddəsində göstərilir ki, ərazisi təcavüzə uğrayan bir dövlətin hərbi müdafiə hüququ var. Bəli, biz həmin 51-ci maddəni istifadə edib öz ərazi bütövlüyümüzü hərbi yolla da təmin edə bilərik. Eyni zamanda, BMT Nizamnaməsinin 25-ci maddəsinə görə, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların icrası məcburidir. Ermənistan isə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymur. Analoji qətnamələri AŞPA, Avropa Parlamenti, Qoşulmama Hərəkatı, NATO, ATƏT və İslam Əməkdaşlıq Təşkilatı da qəbul edib. Bütün bu sənədlər işləmir. Belə olan vəziyyətdə 25-ci maddəni əsas götürüb biz münaqişənin tənzimlənməsi məsələsinə fərqli müstəvidə yanaşa bilərik. Yəni, danışıqlar tükənə və Azərbaycan hərbi yolla torpaqları geri qaytarmaq məcburiyyəti qarşısında qala bilər və bu yolun seçilməsi də artıq məcburi addım ola bilər. Eyni zamanda, bu, heç bir halda beynəlxalq hüquqa zidd deyil və həmin sənədlər bizə bu haqqı verir. Sözügedən görüşdən sonra ATƏT-in baş katibi Tomas Qremingerin bu məsələlərlə ciddi məşğul olacağına ümid edirik”.

Millət vəkili vurğulayıb ki, indiki halda Ermənistanın baş naziri məsuliyyətsiz bəyanatlar verməklə, ilk növbədə, Ermənistandakı daxili auditoriyanı sakitləşdirmək istəyir:

“Çünki Paşinyan çox yaxşı fərqindədir ki, onun yeritdiyi nə daxili, nə də xarici siyasət uğur gətirir. Paşinyanın son zamanlar, xüsusilə Moskvada olarkən Dağlıq Qarabağla bağlı səsləndirdiyi bəyanatlar, heç şübhəsiz ki, gözlənilən danışıqlar proseslərinə arxadan vurulmuş zərbədir. Prezident İlham Əliyev ATƏT-in baş katibi ilə görüşdə bu məsələləri vurğulamaqla, ilk növbədə onu çatdırmaq istəyirdi ki, ATƏT və onun Minsk Qrupu belə məsuliyyətsiz mövqelərə reaksiya versin. ATƏT-in baş katibi Minsk Qrupunun həmsədrlərinə bildirməlidir ki, onlar ünvanlı bəyanatlar versinlər, ilk növbədə, Paşinyanın məsuliyyətsiz və danışıqlar prosesinə pozucu təsir göstərən mövqeyinə münasibət bildirsinlər, bəyanatlarında bu məsələləri qeyd etsinlər. Çünki qondarma Dağlıq Qarabağ rejiminin danışıqlar prosesinə qatılması, eyni zamanda, Dağlıq Qarabağın və ətrafındakı rayonların qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi kimi vurğulanması, nəticə etibarilə, danışıqlar prosesinin gələcəyini sual altında qoyur. Danışıqlar olmayan yerdə də heç şübhəsiz ki, müharibə aktuallaşır. Yəni Paşinyanın bu məsuliyyətsiz bəyanatları, nəticə etibarilə, regionda böyük bir müharibənin başlanmasına şərait yaradır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.