Həmkarımız müraciət etdi: "Birləşək, bir-birimizin qədrini bilib, duyarsızlıq göstərmədən bu çətin vəziyyətdən çıxaq."
16-06-2020, 12:36
Ölkəmizdə son günlər koronavirus pandemiyasının sürətlə yayılması bizi bu xəstəliyə laqeyd yanaşmamağa, biganə qalmamağa vadar edir. Bütün bu yaşananlar bizə bir daha ailəmizin, yaxınlarımızın həyatının necə dəyərli olduğunu xatırladır.
Bizim bu narahatlığımızı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bu acını dərindən yaşayan biri olaraq çox təsirli bir dildə gündəmə gətirdi və bizi bir qədər də dərindən düşünməyə çağırdı.
Biz də həmkarımızın başlatdığı bu təşəbbüsə sevə- sevə qoşuluruq və bütün media orqanlarını və KİV nümayəndələrini də bu çağırışa dəstək verməyə çağırırıq.
İ.İbrahimovanın paylaşımını sizlərə təqdim edirik:
"Hörmətli həmkarlar!
Hamımız üçün çox üzücü və olduqca çox təhlükəli bir xəstəliklə üz-üzəyik. Pafossuz, mübaliğəsiz... Kimisə inandırmaq üçün də deyil, həqiqətən real durumu anlatmaq üçün deyirəm.
Gündəlik eşitdiyim xəbərlər, yaxın və uzaq çevrəmizin sağlamlığı barədə narahatlıq, nəhayət insanların laqeydliyi və vəziyyətin kritik həddə çatması məni də dillənməyə vadar edir.
İki həftə əvvəl bu xəstəlikdən yaxın rəfiqəmi itirdim və çox üzüldüm. Bundan sonra kimlərinsə etinasızlığı üzündən bir daha itirmək istəmirəm...
Hər gün daha da həyəcanlı, üzücü xəbərlər alırıq. Nəticələr çox qorxuludur.
Hər gün 300-dən yuxarı xəstə sayı nə deməkdir?
Çox qorxuram, çox narahatam. Əzizlərim üçün, yaxınlarım üçün, həmkarlarım üçün, xalqım üçün...
Fikirləşirəm ki, xəstələnənlərin ətrafı, onların yaxınları, yaxınlarının yaxınları və belə bir zəncirvari davam...
Nə ilə bitəcək bu?
Allah qorusun, virusun yayılması bu cür davam edəcəksə, az bir vaxtda bu bəlanın hamımıza toxunacağınımı gözləməliyik?
Məncə yox!!!
Ölkənin bütün qurumlarının mətbuat xidmətlərini təmsil edən hörmətli həmkarlarım, gəlin biz ümumi bir bəyanatlamı, müraciətləmi çağırış edək, "inanmayan" çoxluğu, başqalarının həyatına "qəsd" etməsinlər, deyə qınayaq.
Yaxud da öz tərəfimizdən bu gün həyəcanla acılarını paylaşan həmkarımız, TƏBİB-in mətbuat katibinin depressiv durumuna dəstək olaq.
Hər iki halda biz, ictimaiyyətin məlumatlandırılmasına məsul şəxslər olaraq, həm təmsil etdiyimiz qurumun çoxsaylı kollektivinin sağlamlıq təhlükəsi ilə üzləşdiyi barədə vacib olan çağırışla vəzifəmizi yerinə yetirmiş olarıq, həm də hər kəsi çaşdırmağa xüsusi həvəsli olan bəzi "inamsızların" yanlışlıqlarının, çaşdırıcı məlumatlarının yayılmasına maneə yaradarıq.
Hörmətli həmkarlar, təklif edirəm ki, ən yaxın zamanda birgə bəyanat hazırlayaq, həm bir vətəndaş olaraq, həm də vəzifə borcumuz kimi, düçar olduğumuz bəladan ən az itkilərlə uzaqlaşmaq üçün öz səsimizi qaldıraq.
Özünü təcridin, sosial məsafənin, özünü qorumaq vasitələrinin həyati vacibliyini bir daha səsləndirək və heç olmasa yaxın çevrəmizə çatdıraq ki, özünü virusdan qorumayan bir nəfər yüzlərin həyatına qəsd edir, millətinin, xalqının, ən nəhayət öz yaxınlarının təhlükəsizliyinə təhdid yaradır...
Biz, bu bəladan qorunmağı bacaran nə gürcülərdən, nə də digər xalqlardan acız deyilik. Birləşək, bir-birimizin qədrini bilib, duyarsızlıq göstərmədən bu çətin vəziyyətdən çıxaq.
Gözləməyək ki, xəstəlik və ölümlər evimizə bəbəxtlik gətirsin. Məsuliyyətsiz insanların günahı ucbatından günahsız insanlar bu bəlanın qurbanı olsun".
Teref.az olaraq bizdə həmkarımız İradə xanımın çağırışını dəstəklyirik!
Teref.az