Artan beynəlxalq nüfuz ölkənin inkişaf perspektivlərini müəyyən edir
25-02-2022, 08:27
Azərbaycan Respublikasının xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin yeni prioritetlər üzrə inkişafı əsas yer tutur. Bu dövlətlərdən biri də Rusiyadır. Fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. Bu Bəyannamənin ana qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər. 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın imzalanmasından sonra ötən ilin yanvarında Moskva, noyabrda Soçi, dekabr ayında isə Brüssel görüşlərinin keçirilməsi dünya güclərinin regionda dayanıqlı sülhə və təhlükəsizliyə töhfələr vermək istəklərini nümayiş etdirir.
Öz milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət yürüdən Azərbaycanın hər hansı bir ölkə ilə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib. Azərbaycan daim dünyaya birlik, həmrəylik, əməkdaşlıq sülh mesajlarını ünvanlayıb, yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edib. Bu fəaliyyətin davamı olaraq Bəyannamədə əksini tapmış mühüm məqamlardan biri də beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsidir.
Digər bir tərəfdən Azərbaycan Qərb ölkələri ilə iqtisadi, siyasi və hərbi inteqrasiya prosesini ardıcıl olaraq davam etdirir, bu sahədə mümüh addımlar atır. Azərbaycan Prezidenti İlham Əliyevə telefon danışığı zamanı NATO-nun Baş katibi Yens Stoltenberq də bu həqiqəti rəsmən dilə gətirmiş, Avropanın ən etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü bildirmişdi. Prezident İlham Əliyev isə Azərbaycanın enerji məhsulu növlərinin önəmli ixracatçısı kimi etibarlı tərəfdaş olaraq qalmaqda davam edəcəyini onun diqqətinə çatdırmışdı.
Bəyannamədə iki ölkə arasında ticarət-iqtisadi, metallurgiya, neft-qaz və ağır maşınqayırma, aviasiya, avtomobil, kimya, əczaçılıq və yüngül sənaye, kənd təsərrüfatı, elm, hərbi-texniki, informasiya-kommunikasiya, mədəni sahələrdə əlaqələrin inkişafına yönəlmiş maddələrin yer alması Azərbaycan-Rusiya münasibətlərinin yeni bir mərhələyə qədəm qoymasına töhvə verəcəkdir.
Aysel Mənsimova - politoloq