Azərbaycan aşpazları beynəlxalq festivalda qalib oldular - Tahir Əmiraslanov prezident seçildi
30-03-2022, 00:05
17-21 mart tarixlərində Livanda keçirilmiş beynəlxalq turizm festivalında Azərbaycanı təmsil edən Lənkəran komandası birinci yerə layiq görülüb.
Bakupost.az xəbər verir ki, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov tərəfindən yaradılan Lənkəran komandasında “Yaban” restoranının şef (baş aşpazı) Firdovsi İsmayılov, Lənkəran "Xəzər palace" otelinin baş aşpazı Elçin Həsənov, WİCS ( Dünya İslam Kulinariya Birliyi) sertifikatı olan Arzu Həsənova, Tünzalə Məmmədova yer alıblar. Onlar festivalda Lənkəran mətbəxinin təamlarını təqdim edib və birinci yerə layiq görülüblər.
Festivalla bağlı Bakupost.az -a danışan "Yaban" restoranının baş aşpazı Firdovsi İsmayılov deyib ki, festivalda 17 kamanda ilə ilə yaraşıblar:
"Festivala Lənkəranın milli mətbəxi ilə qatıldıq. 26 ölkə yarışmalı olsa da, pandemiya ilə bağlı olaraq 17 ölkə iştirak etdi. Festivalın ilk günü Lənkəran şəhərinə həsr olunub. İkinci gün Tahir Əmiraslanovun "Dolma məsələsi: bütün şübhələrə son" kitabının təqdimatı keçirildi. Bu kitabda ermənilərin qaldırdığı iddialara tamamilə aydınlıq gətirilib. Kitab bütün festival iştirakçılarına hədiyyə edilib. Kitabın təqdimatında Azərbaycanın Livandakı səfiri Ağasəlim Şükürov da iştirak edirdi. Bayrağımızı ucaya qaldırıb, himnimizi səsləndirdiyimiz üçün bizə təşəkkür etdi. Lənkəran Peşə Liseyinin tələbələrinin hazırladığı üzərində limon, çay və digər suptrobik bitkilər əks olunmuş xalçanı Tahir Əmiraslanov Livanda festivalın təşkilatçısına hədiyyə etdi. Eyni zamanda xalça və çayların da kiçik təqdimatı oldu. Festivalın son günü WİCS-ə prezident namizədliyi vardı. Yekdilliklə səslər Tahir müəllimə verildi. İştirak edən bütün ölkələr səsvermədə iştirak etdilər. Yarışmaya qatılmayan ölkələr də onlayn şəkildə səs verdilər. Tahir Əmiraslanov Dünya İslam Kulinariya Birliyinin prezidenti seçildi".