Xalqın sevgi və rəğbətini qazanmış insan

16-02-2023, 18:13           
Xalqın sevgi və rəğbətini qazanmış insan
AZərbaycan Prezidenti cənab İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən, Mehriban Arif qızı Əliyevanın Birinci Vitse-prezident təyin olunması cəmiyyətdə çox yüksək dəyərləndirildi. Bu təyinatın arxasında Mehriban xanım Əliyevanın dövlətçilik və xalqın mənafeyi naminə uzun illər boyu göstərdiyi səmərəli, məqsədyönlü fəaliyyət dayanırdı. Başqa sözlə, Vətənə sədaqət, milli dəyərlərə hörmət və uğurlu fəaliyyət Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillər idi.
Mehriban xanım Əliyeva daxili dünyası – nəcibliyi, qeyrəti, ləyaqəti və torpağına, yurduna bağlılığı ilə fərqlənir. O, həm milli dəyərlərimizi tərənnüm etdirir, həm adətlərimizi, tariximizi yaşadır, həm də yenilik, müasirlik nümunəsidir. O, həm Azərbaycan qadınının layiqli obrazı – qeyrət simvolu, həm müasir və mütərəqqi düşüncəyə malik ictimai xadim, həm də humanizm, xeyriyyəçilik ənənələrini yaşadan müsbət obrazdır. Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri kimi öz üzərinə düşən ictimai, siyasi, mədəni, humanitar və digər vəzifələri layiqincə yerinə yetirərək etalon yaradıb.
Bu gün Mehriban xanım Əliyeva Birinci Vitse-prezident postunda vəzifə səlahiyyətlərini uğurla yerinə yetirməklə yanaşı, xeyirxah və müqəddəs missiyasını da davam etdirir. Humanizm Mehriban xanım Əliyevanın həyatından və fəaliyyətindən əsas istiqamətdir. O, yardıma ehtiyacı olanlara şəfqət, qayğı, diqqət və mərhəmət göstərir, kömək edir – dəstək verir, müsbət nümunə yaradır, ənənələrimizi yaşadır və gücləndirir.
Mehriban xanım Əliyeva həm insanpərvər, həm də vətənpərvər bir şəxsiyyətdir. Ona görə də daim sosial məsələlərin həllinə xüsusi diqqət göstərir. Onun təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələr müvəffəqiyyətlə həyata keçirilir. Mehriban xanım Əliyevanın təşkilatçılıq qabiliyyəti sayəsində ölkəmiz “Eurovision-2012” mahnı müsabiqəsinə, Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, digər mühüm beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. Bu, öz növbəsində, respublikamızın müsbət beynəlxalq imicinin daha da möhkəmləndirilməsi baxımından böyük önəm daşıyıb.
Mehriban xanım Əliyeva ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsinə həmişə xüsusi diqqət göstərib və bununla bağlı yüksək həssaslıq nümayiş etdirib. O, hər zaman Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə, doğma torpaqlarından məcburi köçkün düşmüş vətəndaşlarımıza xüsusi qayğı ilə yanaşıb, onların sosial problemlərinin həllinə diqqət göstərib və ümumiyyətlə, cəmiyyətin nəzərini bu məsələlərə cəlb edib. Eyni zamanda, erməni işğalçıları ilə döyüşlərdə yaralanmış və əlil olmuş hərbçilərimizə və mülki şəxslərə maddi-mənəvi dəstək, onların müalicəsi və sağlamlığının bərpasına lazımi diqqət göstərilməsi də Mehriban xanım Əliyevanın humanizm fəaliyyətinin əsasını təşkil edir. Bu gün Heydər Əliyev Fondu işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə öz töhfəsini verir. Fond qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihənin həyata keçirilməsinə başlayıb.
Mehriban xanım Əliyevanın çoxşaxəli, uğurlu, səmərəli və nümunəvi fəaliyyəti həm ölkəmizdə, həm də beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir. Dünya miqyasında elm xadimləri, ziyalılar, ictimai-siyasi xadimlər, dövlət adamları və digərləri Azərbaycanın birinci xanımının tarixi missiya yerinə yetirdiyini, bəşəriyyətin bugünkü inkişafına və gələcəyinə layiqli töhfə verdiyini ifadə edirlər. Mehriban xanım Əliyevanın ən böyük mükafatı isə ona ölkəmizdə və beynəlxalq miqyasda milyonların rəğbəti - sevgisidir.


Təranə Tağıyeva – BDU, Beynelxalq munasibətlər ve iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.