Azərbaycanın öz humanitar missiyasını davam etdirir

3-03-2023, 16:21           
Azərbaycanın öz humanitar missiyasını davam etdirir
Hazırda Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilib. Məqsədi dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Hərəkatın yaradılmasının əsas prinsiplərindən biri də üzvlər arasında əməkdaşlığı inkişaf etdirmək üçün platforma rolunu oynamasıdır. Bu gün 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatının BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də əsas insan hüquq və azadlıqlarına hörmət etmək, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək, bütün irqlərin və xalqların bərabərliyini tanımaq, digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək, hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etmək, ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək kimi prinsipləri var.
Azərbaycan 26 may 2011-ci il tarixində Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunub. Ölkəmiz 2019-cu ildə Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi edib. Bakı Sammiti ilə Hərəkatda Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçib. QH üzv dövlətləri, Hərəkata uğurlu sədrliyini nəzərə alaraq Azərbaycanın əlavə 1 il müddətinə Hərəkata sədrlik etməsi ilə bağlı ölkəmizə müraciət edib və bu müraciətə müsbət cavab verilib.
Martın 2-də Qoşulmama Hərəkatına üzv ölkələrin Təmas Qrupunun Zirvə görüşü Bakı şəhərində baş tutub. Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı isə məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. Azərbaycanın sədrliyinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq Bakı qlobal liderlik rolunu üzərinə götürərək qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk dövlətlərdən oldu. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu. Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi.
Pandemiya dövründə Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərdi.
Azərbaycan BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edib. Toplantıda ölkə başçısı cənab İlham Əliyev həm də bildirdi ki, ölkəmiz öz humanitar missiyasını genişləndirərək COVID-19 pandemiyası dövründə olduğu kimi, Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcəkdir.
Qoşulmama Hərəkatı Azərbaycanın haqq işini müdafiə edən platformadır. Prezident İlham Əliyev dünya siyasətinin və gündəminin müəyyənləşdirilməsində mühüm rol oynayan beynəlxalq platformalardan istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırır, ölkəmizin haqlı mövqeyini müdafiə edən dövlətlərin sıralarının genişlənməsinə, Azərbaycanın qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq məkanına çevrilməsinə nail olur, dövlətimizi addım-adım strateji hədəflərə yaxınlaşdırır.
Elşən Manafov - siyasi sərhçi, politoloq
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.