Qoşulmama Hərəkatı ədalətin, beynəlxalq hüququn yanındadır

3-03-2023, 16:22           
Qoşulmama Hərəkatı ədalətin, beynəlxalq hüququn yanındadır
Matr ayının 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Azərbaycan qlobal geosiyasi gündəliyi müəyyənləşdirən növbəti beynəlxalq tədbirə ev sahibliyi ilə bir daha artan nüfuzunu nümayiş etdirdi. Qoşulmama Hərəkatının Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisat olduğunu, sırlarında 120 ölkənin təmsil edildiyini nəzərə alsaq qurumun haqq səsimizin dünyaya çatdırılmasında əhəmiyyətini daha aydın şəkildə dərk etmək olar.
Qeyd edilməlidir ki, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər həm mahiyyət, həm də müzakirə olunan mövzuların aktuallığı baxımından diqqətdə olur. Bugünümüzün əsas çağırışının regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi olduğunu nəzərə alsaq keçirilən hər bir tədbirdə bu məsələyə xüsusi diqqət göstərilməsi qaçılmazdır.
Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onun təşkilata çevrilməsinə yönəlib. Azərbaycanın ona göstərilən etimadı doğrultması Qoşulmama Hərəkatına sədrliyinin 120 üzv ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi uzadılması ilə nəticələndi. Təbii ki, bu, ölkəmizin, dövlət başçısı İlham Əliyevin nüfuzunun göstəricisidir. Hər zaman ədalətə, beynəlxalq hüquqa önəm verən Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə bu prinsiplərin tətbiqi istiqamətində biri-birindən mühüm addımlar atdı.
Bakı konfransı Qoşulmama Hərəkatına üzv dövlətlərin 44 günlük Vətən müharibəsi və postmünaqişə dövründə də Azərbaycana dəstəyinə işıq saldı. Ölkəmizə qarşı əks-təbliğat kampaniyalarının cavablandırılmasında qurum öz fəallığını nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, şahidi olduğumuz digər vacib bir həmrəylik əlaməti Ermənistan tərəfindən təqribən 30 illik işğaldan sonra torpaqlarımızın azad edilməsi zamanı ölkəmizin yaşadığı ən çətin dövrə təsadüf etdi. Azərbaycan öz torpağında savaşırdı, ədaləti, beynəlxalq hüququ bərpa edirdi.
Dövlət başçısı İlham Əliyev koronavirus infeksiyası ilə mübarizənin qlobal problem olduğunu önə çəkərək ona qarşı birgə mübarizənin vacibliyini bəyan etdi. Türk Şurasının ardınca “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etdi və bunun reallığa çevrilməsinə nail oldu.
Azərbaycan bütün məslələrdə haqqın, ədalətin, beynəlxalq hüququn yanında olduğunu nümayiş etdirir. Bugünkü tədbir Azərbaycanın koronavirus infeksiyasına qarşı həm daxildə, həm də beynəlxalq aləmdə həyata keçirdiyi tədbirlərə nəzər salmağı bir zərurətə çevirir. Ölkəmiz ilk gündən bu çağırışı etdi ki, qlobal problemlərə qarşı səylərin birləşdirilməsi vacibdir. İlk vaxtlarda, hətta, inkişaf etmiş ölkələrin belə özünəqapanması diqqətdən kənarda qalmadı. Cənab İlham Əliyev səyləri birləşdirmək, mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı hər bir ölkənin öz təcrübəsini ortaya qoymasının vacibliyini bəyan etdi. Azərbaycanın təşəbbüsü ilə keçirilən tədbirlər bunun təsdiqi oldu. Azərbaycan 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı edib. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində ianə etmişdir ki, bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır.
Ölkə başçısı toplantıdakı çıxışında Azərbaycanın humanitar missiyasına da toxundu. Qeyd edildi ki, COVID-19 pandemiyası dövründə olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcəkdir. Toplantıda Prezident İlham Əliyev ölkəmiz adından iki mühüm əhəmiyyət kəsb edən qlobal çağırış etdi – “Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləmək”. Ölkəmiz ilk donor ölkə kimi hər iki qlobal çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayırırmışdır.
Qısa təhlil onu deməyə əsas verir ki, əgər hər bir beynəlxalq qurum, eyni zamanda, onların bir araya gətirdiyi dövlətlər maraqları bir kənara qoyub ümumi mövqe nümayiş etdirsələr hədəflərə zamanında və yüksək səviyyədə nail olmaq mümkündür. Həmçinin beynəlxalq qurumların fəaliyyətlərində öndə saxladıqları prinsiplər sadəcə kağız üzərində qalmaq üçün qəbul olunduqda problemlər baş qaldırır. Qoşulmama Hərəkatı yarandığı vaxtdan ədalətin, beynəlxalq hüququn yanındadır.
Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə postpandemiya dövrünün reallıqları və çağırışları müzakirə edildi. Azərbaycan iqtisadi durğunluqla mübarizədə özünün təkmil təcrübəsini nümayiş etdirdi və bu da öz növbəsində ölkəmizin iqtisadi və maliyyə böhranı yaşamamasına, əksinə iqtisadi artımı ilə diqqətdə olmasını şərtləndirdi.
Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.