Müasir cəmiyyətdə Azərbaycan qadını mühüm rol oynayır

6-03-2023, 15:53           
Müasir cəmiyyətdə Azərbaycan qadını mühüm rol oynayır
Qəhrəmanlıqla dolu keçmişimizə nəzər salsaq, görərik ki, Azərbaycan tarixi təkcə oğullarımızın deyil, qəhrəman qadınlarımızın da şücaəti ilə zəngindir. Tarixi dönəmlərdə Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi qəhrəmanlıq nümunəsi olan lider qadınlarımız döyüş meydanlarında kişilərin yaxın silahdaşları, arxa-dayağı olmuşlar. Qadınlarımızın ictimai-siyasi fəallığı bir tərəfdən çoxəsrlik tarixə söykənən zəngin ənənələrlə, digər tərəfdən həyata keçirilən dövlət qadın siyasəti ilə bağlıdır. Onlar dövlət quruculuğu ilə bərabər, siyasi qərarların verilməsində fəal iştirak etmişlər. Heç təsadüfi deyil ki, müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnu verən ilk ölkə Azərbaycan olmuşdur. Müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb 121 il bundan qabaq Bakıda yaradılmışdır.
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra, cəmiyyətin inkişafında qadınlarımızın rolu daha da artmağa başlamışdır. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının Ümummili Liderimiz Heydər Əliyevin adı ilə bağlı olması tarixi faktdır. Ulu Öndər sosial həyatın bütün sahələrində qadınların irəli çəkilməsini vacib amil kimi hər zaman irəli sürmüş, qadın problemlərinə xüsusi diqqət yetirmişdir. Ümummilli Lider Heydər Əliyev deyirdi: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, na¬musu, qeyrəti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi və millətinə, torpağına olan hədsiz məhəbbət və gözəlliyi ilə tanınmışdır”. Bu da onun qadınlarımızı verdiyi qiymət idi.
Bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bugün uğurla davam etdirilir. Prezidentimizin bu istiqamətdə imzaladığı Fərman və sərəncamlar, qadınların sosial-iqtisadi, məişət və digər problemlərinin həllinə yönəlmiş tədbirlər, Azərbaycan qadınlarına göstərdiyi qayğının yüksək bir nümunəsidir.
Bu gün Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, dövlət məmuru, iş adamı, müəllim, həkim, aqronom, diplomat, alim, hakimdir. Azərbaycan qadınlarının gözəl siması Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadır. Mehriban xanım Əliyeva özünün ictimai-siyasi fəaliyyəti, xeyirxah əməlləri, Azərbaycan naminə fədakarlığı ilə bütün qadınlarımız üçün nümunədir. Mehriban xanımın rəhbərliyi ilə fəaliyyət göstərən Heydər Əliyev Fondu elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli istiqamətində gördüyü işlərlə bərabər, qadınlara qarşı bütün zorakılıqların, mövcud olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir. Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsində qadınlarımız dünya səviyyəsində öz sözünü deyir.
Azərbaycan qadınının dünyaya gətirib, vətənpərvər ruhda tərbiyə etdiyi övladlar 44 günlük Vətən müharibəsi dövründə öz doğma vətəninə, torpağına və bayrağına nə qədər bağlı olduğunu bir daha sübut edərək, Vətənin azadlığına nail oldular. İgid Azərbaycan oğulları əllərinə silah alıb, ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına vuruşaraq, Vətən uğrunda canlarından keçdilər. Şəhid olan övladının, həyat yoldaşının tabutunu çiyinlərində şərəflə daşıyan qadındır, məğrur Azərbaycan qadını!
Bu gün analarımız başıdik, alnıaçıq, qürurludur. Onların kədər göz yaşı, sevinc göz yaşı ilə əvəz olunub. Uzun sürən həsrətdən sonra Qələbə sevinci analarımızın içinə su kimi sərpilmişdir.
8 Mart - Beynəlxalq Qadınlar Gününün ölkəmizdə hər il rəsmi bayram günü kimi qeyd edilməsi Azərbaycanda qadınlara verilən önəmin göstəricisidir.
Bərdə gəncləri və idmançıları adından, 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə hər bir Azərbaycan qadınını ürəkdən təbrik edir, onlara uzun ömür, cansağlığı, xoşbəxtlik, Vətənimizin inkişafı naminə görüləcək bütün işlərdə uğurlar arzulayırıq.
Beynəlxalq Qadınlar Gününüz mübarək, əziz qadınlar!

Təranə Tağıyeva – BDU, Beynelxalq munasibətlər ve iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.