Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsidir

6-03-2023, 15:56           
Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsidir
8 Mart – Beynəlxalq Qadınlar Günü ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Hər il olduğu kimi bu il də bayram günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb, Azərbaycan qadınlarının bir qrupunu medallarla təltif edib.
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir.
Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.
Ölkənin ümumtəhsil müəssisələrində müəllimlərin 81,7 faizi, orta istisas təhsili müəssisələrində 80,9 faizi, ali təhsil müəssisələrində 54,0 faizi, həkimlərin isə 67,0 faizi qadınlardır. Qadınların elmin inkişafında da müstəsna rolu vardır. Elmi işçilərin 57,6 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi alanların sayı 2,4 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi alanların sayı 2,3 dəfə artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır. Azərbaycan qadınları ölkənin siyasi-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhainin ümumi sayındakı xüsusi çəkisi 48,3 faiz təşkil edir. Milli Məclisdə qadın deputatların sayı artır. Əgər 1990-cı ildə qadın deputatlar ümumi deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini təşkil edirdisə, bu gün ölkəmizdə qadın deputatların xüsusi çəkisi 18,5 faiz təşkil edir. Qadınların reproduktiv sağlamlığının qorunması dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılan ən mühüm məsələlərdən biridir. Hazırda ölkədə 17 doğum evi, 118 qadın məsləhətxanası qadınların reproduktiv sağlamlığının keşiyində durur.
Azərbaycan qadınları torpaqlarımızın bir hissəsinin işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişdirilməsi naminə ağır və şərəfli vəzifələri layiqincə yerinə yetirmişlər. Qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Hazırda Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər.
Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, mövcud qanunlarda dəyişikliklərin edilməsi, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir. Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynamışdır.
Qadınların Azərbaycan cəmiyyətində rolunun durmadan artmasına ən bariz nümunə Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehribav Əliyevanın Azərbaycanın Birinci vitse prezidenti təyin olunması, Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunmasıdır. Azərbaycanın Birinci vitse-prezidenti və YAP-ı sədrinin birinci müavini kimi Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə birlikdə müasir Azərbaycanın dövlət quruculuğunda yaxından iştirak edir və eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə tanınmasında və təbliğ edilməsində böyük işlər aparır.

Metin Hüseynov - politoloq












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.