Prezident İlham Əliyev X Qlobal Bakı Forumunda Azərbaycandakı birgəyaşayış ənənəsi mövzusunda vacib mesajlar verdi

10-03-2023, 15:26           
Prezident İlham Əliyev X Qlobal Bakı Forumunda Azərbaycandakı birgəyaşayış ənənəsi mövzusunda vacib mesajlar verdi
Martın 9-11-də Bakıda keçirilən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı olduqca əhəmiyyətli xarakter daşıyırdı. Dövlətimizin başçısı tərəfindən bir çox məqamlar barədə, o cümlədən ölkəmizdə mövcud olan dinlərarası və mədəniyyətlərarası harmoniya, birgəyaşayış ənənəsi, tolerantlıq mövzusunda vacib mesajlar verildi. Xüsusilə Qarabağda yaşayan erməni əhalinin hüquqları məsələsində dövlətimizin başçısı konseptual çərçivəni Forum iştirakçılarının diqqətinə çatdırdı.
Bu gün Azərbaycan dünyada multikulturalizm və tolerantlıq mərkəzi kimi tanınır. Ölkəmizdə bütün dinlərin və xalqların nümayəndələri sülh, əmin-amanlıq şəraitində yaşamaqla yanaşı, Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Azərbaycanda yaşayan müxtəlif dinlərin nümayəndələrinin mədəni və mənəvi həyatı üçün geniş şərait yaradılıb. Bakı şəhərində, eləcə də regionlarımızda məscidlər, kilsələr və sinaqoqlar hər hansı məhdudiyyət olmadan yanaşı fəaliyyət göstərir. Dövlət bütün dinlərə məxsus ibadət evlərini inşa və ya bərpa edir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun bu istiqamətdə geniş fəaliyyəti var. İnsanların konstitusion hüququ olan vicdan azadlığı, o cümlədən dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir. Azərbaycan Prezidentinin sərəncamları ilə ölkədəki dini konfessiyalara maliyyə yardımları göstərilir. Azərbaycanda yaşayan etnik qruplar öz ənənələrini qoruyub saxlaya, eyni zamanda, inkişaf etdirə bilirlər. Ölkəmiz bütün vətəndaşlar üçün geniş və mehriban bir ailədir. Bu ailə Vətən müharibəsində çiyin-çiyinə mübarizə apardığı kimi, sülh və birgəyaşayış mühitinə də dəyərli töhfələr verir. Azərbaycanda nə dünən, nə bu gün, nə də sabah hər hansı dini-etnik ayrı-seçkilikdən söhbət gedə bilməz. Heç kimə sirr deyil ki, Qarabağda yaşayan erməni əhalinin işğal dövründəki həyat səviyyəsi çox acınacaqlı olub. Bunu mətbuatda tez-tez görmüşük. Bu gün isə maddi və mənəvi cəhətdən zəngin, güclü Azərbaycan dövlətinin vətəndaşları kimi onları daha yaxşı həyat gözləyir.


Ceyhun Əliyev - Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini, ilahiyyatçı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.