Azərbaycan–Almaniya əlaqələri inkişaf edir - İsrafil Kərimovun yazısı

17-03-2023, 09:51           
Azərbaycan–Almaniya əlaqələri inkişaf edir -
Mart ayının 13-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniya
Federativ Respublikasına işgüzar səfərə gəlib. Bu səfər çərçivəsində
dövlətimizin başçısının Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə,
Kansler Olaf Şoltsla və bu ölkənin aparıcı şirkətlərinin rəhbərləri ilə
qarşılıqlı anlaşma, hörmət və etimad şəraitində keçən görüşləri, iqtisadi
sahədə, o cümlədən sənaye, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil,
texnologiyalar və digər sahələrdə əməkdaşlıqla bağlı aparılan fikir
mübadiləsi bir daha Azərbaycan Prezidentinin beynəlxalq aləmdə
nüfuzunun təsdiqi olmaqla Almaniyanın Azərbaycanın əhəmiyyətini qəbul
etməsidir.
Bir sözlə, Azərbaycan-Almaniya münasibətlərinin və əməkdaşlığının
inkişafı baxımından Azərbaycan Prezidentinin Almaniyanın aparıcı
şirkətlərinin rəhbərləri ilə üç saata yaxın davam edən uğurlu görüşləri bir
daha dövlətimizin həm iqtisadi, həm də beynəlxalq qüdrətini Avropada
nümayiş etdirmiş oldu.
Martın 14-də Berlində Kansler Olaf Şoltsla birgə keçirilən mətbuat
konfransındakı çıxışında Prezident İlqam Əliyev bildirib ki, "Səfər zamanı
apardığımız danışıqlar bir daha onu göstərir ki, Almaniya ilə Azərbaycan
arasında əlaqələr yüksək səviyyədədir, siyasi dialoq müntəzəm olaraq
aparılır".
Qeyd edilməlidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin nüfuzu
sayəsində dünya siyasi sistemində Qoşulmama Hərəkatı ikinci ən böyük
diplomatik platforma və güc mərkəzinə çevrilib. Eyni zamanda,
Azərbaycanın enerji resurslarının Avropa üçün
əhəmiyyəti ölkəmizi Qərb üçün də mühüm tərəfdaşa çevirib. Dövlət
başçımızın dəfələrlə söylədiyi kimi, bu gün sirr deyil ki, Azərbaycan
dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır.
Berlində keçirdiyi görüşlərdə Dövlət başçısı bildirib ki, bir çox ölkələr
artıq Azərbaycandan elektrik enerjisi və əlbəttə ki, təbii qaz almağa
başlayıb: "Lakin Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın
artması ilə əlaqədar, hazırda biz kəmər imkanlarımızı genişləndirməyi
planlaşdırırıq".
Dövlətimizin başçısı 16 milyard kubmetr tutumu olan TANAP-ın 32
milyard kubmetrədək, 10 milyard kubmetr tutumu olan TAP-ın isə 20
milyard kubmetrədək genişləndirilməsinin planlaşdırıldığını vurğulayaraq
bildirib: "Bu, əsasən Avropadan tələbatın artması ilə əlaqədardır, çünki
təsəvvür edə bilərsiniz ki, 3500 kilometr uzunluğu olan, 3 kəmər sistemini
birləşdirən, 2021-ci il yanvarın 1-də istismara verilmiş kəmərin indi
genişlənməyə ehtiyacı var".
Bu gün Azərbaycan neft ölkəsi və eyni zamanda, qaz ixracatçısı kimi
də nüfuz qazanır. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft
və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə Azərbaycan
regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin
təminatçısına çevrildi. Bu layihələr yalnız iştirakçı ölkələrin deyil, dünya
dövlətlərinin də uzunmüddətli iqtisadi inkişafına geniş imkanlar açdı.
Dövlət başçısı İlham Əliyev Berlində Almaniyanın aparıcı şirkətlərinin
rəhbərləri ilə görüşdə qaz təchizatı və ya mövcud qaz təchizatının
artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunduğunu
deyib. Rusiya-Ukrayna müharibəsi nəticəsində Azərbaycanın nəqliyyat
infrastrukturuna tələbatın artdığını qeyd edən dövlətimizin başçısı bildirib:
"Ötən il tranzit yüklərimizdə 75 faizdən çox artım olub və hətta bizim
nisbətən yeni tikilmiş yükaşırma imkanı 15 milyon ton olan dəniz ticarət
limanında müəyyən tıxac yaranıb. Bir sözlə, biz çox ürəkdən çalışırıq və
əlavə maliyyə vəsaitlərini ayırırıq ki, dəniz limanımızın və dəmir yolu
infrastrukturunun imkanlarının artırılması baş tutsun. Əlbəttə ki, bütün
bunlar icra olunmalıdır. Təbii ki, ümidvarıq, Almaniya şirkətləri bu sahədə
bizim tərəfdaşlarımız olacaqlar".
Bir sözlə, enerjiyə olan daxili tələbatını ödəyən Azərbaycan Avropanın
enerji təhlükəsizliyinin təminatçısına çevrilərək dünyanın enerji xəritəsinə
mütəmadi əlavələr edir və Azərbaycanın malik olduğu nəhəng enerji
resurslarından daha səmərəli istifadə etməsi üçün yeni imkanlar yaranır.
Beləliklə, bu gün uğurlu enerji siyasəti reallaşdıran Azərbaycan
Avropanın enerji bazarında mühüm faktora çevrilib və Azərbaycanın
nəhəng enerji potensialı ölkəmizin daha neçə onilliklər ərzində də
Avropanın enerji təminatında həlledici rol oynamasına imkan yaradacaqdır.

İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.