Bayrağımızın Xankəndində ucalması xalqımıza qürur verir - İsrafil Kərimovun yazısı
16-10-2023, 11:13
Bayrağımızın Xankəndində ucalması xalqımıza qürur verir
Oktyabr ayının 15-i son illər ərzində müasir Azərbaycan tarixinə əbədi
həkk olunan tarixlərdən biri oldu. İkinci Vətən müharibəsindəki Şanlı
Qələbə və bu ilin sentyabrın 19-da həyata keçirilən Lokal Antiterror
tədbirləri nəticəsində Azərbaycan xalqı 30 il həsrətində olduğu arzularına
çatdı. Qarabağ bölgəsində düşmən işğalı altında olan bütün ərazilərimiz
tam şəkildə azad edildi. Bütün bunlar ilk növbədə Möhtərəm Prezidentimiz,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanda hakimiyyətdə
olduğu 20 il ərzində apardığı uğurlu siyasət və həyata keçirdiyi işlər
nəticəsində mümkün oldu.
Son Antiterror tədbirlərindən sonra həmin ərazilərdə Azərbaycan
Respublikasının Konstitusiya quruluşu tam bərpa edildi, burada yaşayan
erməni millətindən olan insanların reinteqrasiyası prossesinə başlanıldı.
Eyni zamanda artıq 3 ildir ki, Vətən müharibəsində işğaldan azad edilən
şəhər və qəsəbələrdə bərpa-qiruculuq işləri böyük sürətlə həyata keçirilir,
keçmiş məcburu köçkünlərin doğma yurdlarına qayıdışı prossesi davam
edir. Bu da hər bir Azərbaycanlının böyük sevincinə səbəb olur.
Oktyabrın 15-də xalqımız növbəti sevincli və fəxredici gününü yaşadı.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocəvənd şəhərlərində,
Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində
Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldı. Həmçinin ölkə
başçısı Şuşa rayonunun Malıbəyli kəndində, Xankəndi şəhərinin
Kərkicahan qəsəbəsində, Əsgəran qalasında oldu, Tərtər rayonunun
Suqovuşan qəsəbəsində İstirahət parkının aşılışında iştirak etdi və Ağdam-
Füzuli avtomobil yolunun tikintisi ilə tanış oldu. Bu əlamətdar və qürurverici
hadısələr cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti
seçilməsinin 20-ci ildönümündə baş verdi.
Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını
ucaldan dövlət başçısı öz çıxışında bildirdi: “Düz 20 il bundan əvvəl
Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində
Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz
vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli
maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü
qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim.
Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum
bütün vəzifələr icra edildi”.
Bəli, bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə
layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin
mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada
böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin
müəllifidir. Ötən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll
etmək üçün güclü siyasi və hüquqi zəmin yaradıldı. Eyni zamanda, güclü
iqtisadiyyat yaradıldı və son 20 il ərzində bu istiqamətdə əldə edilən uğurlar
nəticəsində iqtisadiyyatımız dörd dəfədən çox artdı.
Güclü iqtisadiyyat isə öz növbəsində güclü ordunun yaradılmasına
imkan verdi. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə
yerinə yetirə bilər və bunu 44 günlük Vətən müharibəsi dövründə sübut
etdi. Düşmən üzərində Şanlı qələbə qazanıldı, onlar kapitulyasiya aktına
imza atmağa məcbur edildilər. Bu ilin sentyabrın 19-da cəmi 23 saat davam
edən antiterror əməliyyatı Azərbaycan Ordusunun gücünü bir daha göstərdi
və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Buna görə də biz
haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik.
20 il əvvəl Azərbaycan xalqı cənab İlham Əliyevə böyük etimad
göstərdi və artıq 20 ildir ki, Azərbaycanın Prezidenti olan İlham Əliyev ona
olan inam və etimadı tam şəkildə döğrultdu, verdiyi söz əməl etdi. Vətən
müharibəsindəki Qələbədən 3 il sonra ölkəmizin ərazi bütövlüyü təmin
edilib, torpaqlarımız işğaldan azad edilib. bu gün artıq Xankəndinin
mərkəzində Azərbaycan Bayrağı dalğalanır, Azərbaycanın gerbi burada öz
yerini tutub. Bu çox böyük xoşbəxtlikdir və tarixi hadisədir. Prezident İlham
Əliyevin dediyi kimi “Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər
əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim
tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi
və haqlı olaraq fəxr edəcəklər”.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl qələm” mükafatı laureatı