Füzuli öz tarixinin ən parlaq və qürurverici günlərinə şahidlik edir
19-10-2023, 08:46
Vətən müharibəsinin 21-ci günü - 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi “Füzuli Şəhəri Günü” kimi qeyd olunur.
Vətən müharibəsi başa çatdıqdan sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ilk səfərləri də məhz ilk şəhid verdiyimiz torpaqlara oldu. Dövlət başçısı 2020-ci il noyabrın 16-da Füzuli şəhərində Azərbaycan Bayrağını qaldırdı. Prezident həmin gün Füzuli-Şuşa avtomobil yolunun təməlini qoydu. Ölkə rəhbəri işğaldan azad edilmiş digər rayonlar kimi, Füzuliyə də dəfələrlə səfər edib, təməlqoyma və açılış mərasimlərində iştirak edib. 2021-ci ilin yanvar ayında Füzuliyə növbəti səfərində Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrliyində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli Beynəlxalq Hava Limanının təməllərini qoyub.
Füzuli Beynəlxalq Hava Limanı işğaldan azad edilmiş ərazilərimizdəki ilk hava limanı kimi əhəmiyyəti olduqca böyükdür. Bu hava limanı işğaldan azad olunmuş ərazilərimizlə əlaqələrin intensiv və rahat qurulmasında mühüm rol oynamaqdadır. Füzuli Beynəlxalq Hava Limanı qısa bir zamanda, hətta deyiləndən daha tez - 8 ay ərzində tikildi. Beləliklə, Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər.
Füzulinin işğaldan azad olunmasından sonra Prezident İlham Əliyev dəfələrlə buraya səfər edib. Bu ilin may ayında Qarabağ və Şərqi Zəngəzura səfəri zamanı da Prezident İlham Əliyev Füzuli rayonunda bir sıra tədbirlərdə iştirak etdi. Ocümlədən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binasında tikinti işlərinin gedişi ilə tanış oldu. Çox keçmədən avqust ayında isə bu məktəbin açılışı baş tutdu. Azərbaycanda səfərdə olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzuli rayonunda Prezident İlham Əliyevlə birgə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etdilər.
Dövlətimizin başçısı oktyabrın 16-da rayonun Cuvarlı, Qoçəhmədli kəndlərinin, Füzuli şəhərində idman kompleksinin, yeni yaşayış məhəllələrinin, 240 yerlik uşaq bağçasının, inzibati binanın təməlini qoydu. Prezident İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Dövlətimizin başçısı görüş zamanı söylədi ki, Füzuli indi tamamilə yenidən qurulur: “Yəni, aylar keçdikcə burada yaşayanların sayı da təbii ki, artacaq. Mənə dünən məlumat verildi ki, 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır. Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Yəni, bu, belə demək mümkündürsə, ən minimal göstəricidir. Mən əminəm ki, bundan daha böyük sayda insanlar məskunlaşacaq, çünki birincisi, bizim buna gücümüz çatır, iradəmiz var, Böyük Qayıdış Proqramı qəbul olunub, uğurla icra edilir, artıqlaması ilə icra edilir və əsas amil odur ki, bizim keçmiş köçkünlər səbirsizliklə o günləri gözləyirlər.”
Bəli, bu gün Füzuli öz tarixinin ən parlaq və qürurverici günlərinə şahidlik edir. Artıq işğaldan azad edilmiş digər bölgələrdə olduğu kimi, Füzulidə də vətəndaşlarımızın layiqli yaşayışı təmin olunur.
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru