Qubadlı rayonunun işğaldan azad olunmasından üç il ötür

23-10-2023, 11:58           
Qubadlı rayonunun işğaldan azad olunmasından üç il ötür
2020-ci il oktyabrın 20-sinədək Qubadlı şəhəri mənfur düşmən tapdağı altında idi. Lakin, Ali Baş Komandanımızın sərkərdəliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı işğaldan azad edərək bizi böyük zəfərimizə çatdırdı. Şübhəsiz ki, qələbəmizə gedən yolda ən mühüm əməliyyatlardan biri də Qubadlı şəhərinin işğaldan azad olunması idi.
Qubadlı rayonunun təbiəti olduqca gözəl və zəngindir. 1969-cu ildə burada dövlət qoruğu yaradılmışdı. İşğaldan öncə rayonda 13160 hektar meşə sahəsi vardı. Həmçinin, rayon ərazisindən Həkəri və Bərgüşad kimi iki böyük dağ çayı keçir. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir.
31 avqust 1993-cü ildə Qubadlı rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Nəticədə, minlərlə rayon sakini öz doğma yurdlarından, evlərindən didərgin düşdü, onlarla tarixi-dini abidəmiz məhv edildi. İşğaldan əvvəl rayon əhalisi 94 kənd və bir şəhərdə məskunlaşmışdı. Erməni təcavüzü nəticəsində rayon ərazisində 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir.
Qeyd edilməlidir ki, Qubadlıdakı Gavur dərəsində IV əsrə aid ibadətgah mağara yerləşir. Rayonun Muradxanlı kəndindəki V əsrə aid Qalalı qalası, Əliquluuşağı kəndindəki Göy qala abidələri, Yazı düzündəki XIV əsrə aid Cavanşir türbəsi, Dəmirçilər kəndindəki iki türbə, Gürcülü kəndindəki XVII əsrə aid türbə, Xocamsaxlı kəndindəki XVIII əsrə aid türbə rayon ərazisinin tarixi-dini abidələrlə zənginliyindən xəbər verir.
Qubadlı dağlıq relyefdə yerləşməsi səbəbilə şəhəri işğaldan azad etmək üçün ilk növbədə ordumuz xüsusi peşəkarlıq və fədakarlıq göstərərək ilk növbədə şəhərə hakim olan yüksəkliklər ələ keçirildi. Daha sonra ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Oktyabrın 25-də isə Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhəri düşməndən təmamilə azad olunub.
2020-ci il 23 dekabr tarixində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. 25 oktyabr 2021-ci ilə ölkə başçısının Qubadlıya növbəti səfəri oldu. Həmin səfər zamanı cənab Prezident Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Qubadlı” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak etdi.
Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qubadlıda böyük bərpa-quruculuq işləri aparılır, Qubadlı şəhəri və qəsəbələr yenidən tikilir. Həmçinin Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi Qubadlı rayonunun ərazisində olan tarixi-dini abidələrimiz də bərpa olunur.
Bu il qubadlılar ilk dəfə böyük sevinc və fərəhlə oktyabrın 25-ini “Qubadlı Şəhər Günü” kimi qeyd edəcəklər. Ölkə başçısının bu əlamətdr tarixlə bağlı imzaladığı sərəncamı Qubadlı sakinlərinin böyük sevincinə səbəb olmuşdur.


Cavid Fərhadov – ehtiyatda olan polkovnik-leytenant,
Vətən müharibəsi qazisi
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.