Güc və birlik rəmzi - “Dəmir yumruq”
1-11-2023, 10:11
2020-ci il sentyarın 27-də Prezident, Ali Baş Komandan İlham Əliyevin Ordumuza hücum əmri bütün dünya azərbaycanlılarının illərdən bəri ürəklərində yaşatdıqları arzuya doğru başlanğıc oldu. Hərbi əməliyyatların birinci gününün sonunda Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi - Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kənd azad edildi. Sonradan 44 gün ərzində şanlı ordumuz yalnız irəli getdi, bir gün də dayanmadı, uğurlu əks-hücum əməliyyatı nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edildi. Noyabrın 8-də Qarabağın tacı olan Şuşa şəhərinin işğaldan azad edildi və düşmən kapitulyasiya etməyə məcbur oldu.
Azərbaycan Vətən müharibəsində tətbiq etdiyi innovativ silahlarla dünyanın hərb tarixində də yeni bir səhifə açdı. Düşmənin yalnız hərbi hədəflərini məhv etməklə müharibəyə də humanizm gətirdi. Müasir silahların verdiyi imkanlarla cəmi bir neçə günün içində müharibənin taleyini həll etdi. “Dəmir yumruğ”un sərrast zərbələri ilə düşmənin zəhərli başını əzdi. Ermənistanın illərlə qurduğu istehkamlar, xaricdən cəlb etdiyi muzdlu əcnəbi döyüşçülər bir kara gəlmədi. Azərbaycan Ordusunun gücü qarşısında düşmən darmadağın oldu.
Ermənistan 44 günlük Vətən müharibəsi nəticəsində, demək olar ki, ordusuz qaldı. Ən əsası illərlə Ermənistan cəmiyyətində sabun köpüyü kimi şişirdilmiş saxta miflər havaya uçdu. Müharibə zamanı Ermənistan ordusunda on mindən çox əsgər fərarilik etdi. Əslində, onlar ən düzgün addımı atdılar. Öz siyasi ambisiyalarını təmin etməkdən ötrü hərbçiləri labüd ölümə göndərənlərin iradəsinə tabe olmaq istəmədilər. Azərbaycan Ordusunda isə 44 günlük Vətən müharibəsi gedişində bir nəfər də olsun fərarilik etmədi. Azərbaycanın hər bir əsgər və zabiti sona qədər şərəflə vuruşaraq tarixi qələbəyə canı-qanı ilə töhfələrini verdi. Bu da Azərbaycanda nə qədər yüksək vətənpərvərlik ruhuna malik nəslin yetişdiyini göstərir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin yüzlərlə hərbi qulluqçuları müxtəlif orden və medallarla təltif olundular. Bu dövlətimiz, xalqımız tərəfindən onların fədakarlıına verilən qiymət idi. Bu gün döyüşlərdə həlak olmuş şəhidlərimizin ailələrinin, yaralanmış qazilərimizin sosial müdafiəsi istiqamətində böyük işlər görülür, onlar mənzillərlə, avtomobillərlə təmin edilir, digər problemləri həll edilir, sağlamlıq durumlarınını bərpası üçün tədbirlər görülür. Bu tədbirlər gələcəkdə daha geniş şəkildə aparılacaqdır. Bu bir daha dövlətin hər zaman öz vətəndaşının yanında olmasının bariz göstəricisidir.
Bu il isə daha sevincli günlərimizi yaşadır. Sentyabrın 19-da cəmi bir gün davan edən Lokal Antiterror tədbirlərindən sonra qanunsuz erməni silahlılarının hələ də qaldığı ərazilərdə Azərbaycan Respublikasının Konstitusiya quruluşu tam bərpa edildi, burada yaşayan erməni millətindən olan insanların reinteqrasiyası prossesinə başlanıldı.
Eyni zamanda artıq 3 ildir ki, Vətən müharibəsində işğaldan azad edilən şəhər və qəsəbələrdə bərpa-qiruculuq işləri böyük sürətlə həyata keçirilir, keçmiş məcburu köçkünlərin doğma yurdlarına qayıdışı prossesi davam edir. Bu da hər bir Azərbaycanlının böyük sevincinə səbəb olur. Vətən müharibəsindəki Qələbədən 3 il sonra ölkəmizin ərazi bütövlüyü təmin edilib, torpaqlarımız işğaldan azad edilib. bu gün artıq Xankəndinin mərkəzində Azərbaycan Bayrağı dalğalanır, Azərbaycanın gerbi burada öz yerini tutub. Bu çox böyük xoşbəxtlikdir və tarixi hadisədir. Prezident İlham Əliyevin dediyi kimi “Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.
Fuad Heydər - politoloq