XXI əsr gerçəkdən türk əsri ola bilər

3-11-2023, 15:55           
XXI əsr gerçəkdən türk əsri ola bilər
Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşü noyabr ayının 3-də «Türk Əsri!» çağırışı altında Qazaxıstanın paytaxtı Astanada keçirilib. Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Qırğızıstanın və Özbəkistanın üzv, Macarıstanın, Türkmənistanın və Şimali Kipr Türk Respublikasının müşahidəçi kimi təmsil olunduqları Türk Dövlətləri Təşkilatının Astanada keçirilən bu Sammitdə türk dövlətlərinin ümumi maraqlarını ifadə edəcək mühüm məsələlər müzakirə olunub.
Hazırda qlobal miqyasda qarışıqlıq hökm sürür. Dünyanın dinc bucağı, demək olar ki, qalmayıb. Özlərini dinc, əmin-amanlıqda bilənlər üçün də problemlərin yaradılması ehtimalı günü-gündən artır. İki ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsi, oktyabrın 7-də başlayan HƏMAS-İsrail müharibəsi beynəlxalq ictimaiyyəti ikiyə bölüb. Hər iki bölgə ilə türk dünyasının yaxın, uzaq əlaqəsi var. Türk dövlətləri birgə mövqe və səylə “qızıl nöqtə”ni tapa bilər. Bu məsələdə beynəlxalq hüquq və münasibətlər vəziyyətin doğru, faydalı dəyərləndirilməsinə yardım edər.
Türk Dövlətləri Təşkilatının “Türk əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə münasibətlərin möhkəmləndirilməsi vacib sayılıb. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında da bu məsələ vurğulanıb: “Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir”. Dövlət başçısı qeyd edib ki, 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlıq təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib: “Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir”.
Sammitdə təşkilata üzv dövlətlərin digər liderləri də əməkdaşlıq, təhlükəsizlik, iqtisadi maraqlar, elm, etimad, islahatlar, enerji daşıyıcıları məsələlərinin vacibliyini vurğulayıblar.
Qeyd edilməlidir ki, TDT-yə üzv dövlətlərin ümumi sahəsi 4 milyon 242 min 362 kv. km, əhalisinin sayı 149 milyon 817 min 367 nəfərdir. Ümumi daxili məhsulun həcmi 1 trilyon 42 milyard 561 milyon dollardır. Müşahidəçi ölkələrin (Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası) ərazisi 581 min 129 kv. km, əhalisinin sayı 15 milyon 802 min nəfər, ümumi daxili məhsulun həcmi 208 milyard 771 milyon dollardır. Bu o deməkdir ki, TDT 200 milyon nəfərin siyasi, iqtisadi, mədəni sahələrdə, təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə fəaliyyət göstərməsi günün tələbidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astanadakı toplantıdakı çıxışında bildirib: “Üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur”.
Böyük Qayıdış Proqramının icra olunduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur”.
Azərbaycan Prezidenti Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və inşa edilən yaradıcılıq mərkəzinə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkürünü bildirərək deyib: “Bunlar Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür”.
Bu gün Türk etnosunun dövləti olmayan nümayəndələri də var. Onlar yaşadıqları ölkələrin siyasi rejimləri tərəfindən assimilyasiyaya uğradılırlar. Bu türklərin dili, mədəniyyəti, milli varlıqları inkar olunur, milli-mədəni hüquqların belə təmin olunması istiqamətində fəaliyyət göstərənlər isə təqib, təzyiq və başqa məhrumiyyətlərə məruz qalırlar. Odur ki, TDT üzvlərinin ümumtürk mədəniyyətinin inkişafına da diqqət yetirməsi bu kimi problemlərin aradan qalxmasına yardım edər. Yaxud dünyanın müxtəlif ölkələrində türk etnosu nümayəndələrinin diasporları arasında əlaqələrin yaranması, əməkdaşlığı onların yerli mədəniyyət tərəfindən assimilyasiya olunmasının qarşısını alar, türk dövlətlərinin problemlərinin beynəlxalq səviyyədə təbliğatına yardım edər.
Beləliklə, TDT-nin güclü, sayılıb-seçilən, beynəlxalq təhlükəsizlik məsələlərində aparıcı rola malik olması üçün qəbul etdiyi qərarları icra etməsi vacib şərtlərdəndir. Bu kimi tələblərin ödəniləcəyi, tarixi hadisələrdən ibrət alınacağı halda XXI əsr gerçəkdən türk əsri ola bilər.


Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.