TDT-na üzv dövlətlər Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-yenidənqurma işlərinə öz töhfələrini verirlər

4-11-2023, 15:37           
TDT-na üzv dövlətlər Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-yenidənqurma işlərinə öz töhfələrini verirlər
Noyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib. Bu mötəbər tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev xüsusi olaraq qeyd edib ki, "Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir". Etnik və mədəni köklərimizin, dilimizin, ortaq keçmişimizin münasibətlərimizin təməlini təşkil etdiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib.
Son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. "Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir", - deyən Prezident ölkələrimiz arasında birgə sərmayə fondlarının yaradılması prosesinin başlandığını vurğulayaraq bildirib ki, Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu təsis olunub: "2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artıb". - deyə Prezident İlham Əliyev vurğulayıb.
Ümumilikdə 4,8 milyon kvadratkilometr əraziyə, 1,4 trilyon ABŞ dolları dəyərində ümumi daxili məhsula və 855 milyard ABŞ dollarından çox ticarət dövriyyəsinə malik türk dövlətləri böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dövlətləri dünyanın ümumi ticarət dövriyyəsinin 2,4 faizini və qlobal ümumi daxili məhsulun 1,6 faizini təşkil edir. "Münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib" – deyən Prezident Azərbaycan Şərq-Qərb Nəqliyyat Dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verdiyini qeyd edib.
Artıq Azərbaycanın işğaldan azad olunan ərazilərində - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri davam etdirilir. İşğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin həmin ərazilərə səfər etməsi və bərpa-quruculuq işləri ilə şəxsən maraqlanması, istehsal müəssisələrinin, sosial obyektlərin təməlqoyma, açılış mərasimlərində iştirak etməsi görülən işlərin sürətini artırmaqla yanaşı, keyfiyyətinin də yüksək olmasından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında yollarının yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. "Üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı" - deyən Prezident diqqətə çatdırıb ki, bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib: "Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur". Böyük Qayıdış Proqramının icra olunduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: "Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur".
Təşkilata üzv dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən və bu yaxınlarda açılışı baş tutan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Qazaxıstan tərəfindən tikiləcək Füzulidə Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi, Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzini, Zəngilanda birinci mərhələsi açılan "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksini və s. qeyd etmək olar. Azərbaycan Prezidenti Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və inşa edilən yaradıcılıq mərkəzinə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkürünü bildirib.
Ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial və həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir.
Bu gün türk birliyi qlobal gücə çevrilib və Zirvə görüşü türkdilli dövlətlərin mövcud sıx əlaqələrinin və əməkdaşlığının daha da gücləndirilməsinə müsbət təsirini göstərəcəkdir. Dövlət başçımızın söylədiyi kimi: «Biz böyük Türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq».

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.