Prezidentin Bəyanatı xalqımızın siyasi iradəsini bir daha nümayiş etdirdi
22-11-2023, 11:38

Azərbaycan Respublikasına rəsmi səfərə gələn İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşləri keçirilib, Azərbaycan və İraq arasında bir sıra sənədlər imzalanıb.
Prezident İlham Əliyevin bu görüş zamanı bəyanatı bütün regionun siyasi gündəmini növbəti dəfə müəyyən etdi. Dövlətimizin başçısı həssas məsələlərə konkret şəkildə aydınlıq gətirdi və xalqımızın siyasi iradəsini bir daha nümayiş etdirdi.
Öz çıxışında Prezident İlham Əliyev ölkələrimiz arasında diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk səfərini tarixi səfər adlandırıb, bu səfərin ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcəyinə və əməkdaşlığımızda yeni səhifə açacağına əminliyini bildirib.
Qeyd edildi ki, bu gün İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir və hər iki dövlət beynəlxalq təsisatlarda bir-birini dəstəkləməyə davam edəcəklər. Azərbaycan və İraq BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birini dəstəkləyir, bir-birinin suverenliyini və ərazi bütövlüyünü müdafiə edir.
İraq Prezidentinin Azərbaycandan sonra Ermənistana da səfər edəcəyi nəzərə alınsa Bakıdakı görüş zamanı səslədirilən mesajların bir hissəsində Azərbaycan-Ermənistan münasibətlərinə toxunulub. Bununla əlaqədar Azərbaycan Prezidentinin məzmun və mahiyyət etibarı ilə əhəmiyyətli hesab olunan bir neçə mesajını qeyd etmək lazımdır. Həmin mesajlar ölkəmiz və ölkəmizin xarici imici üçün strateji əhəmiyyət daşıdığı vurğulanıb.
Ölkə başçısı bildirib: “Hətta Azərbaycanın kiçik bir hissəsində qanunsuz separatçı rejimin olmasına imkan verə bilmərik”. Bu sözlər Azərbaycanın şərtsiz Qələbəsinin tarixi nailiyyət və obyektiv həqiqət kimi beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmasına xidmət edir. Suverenliyin toxunulmazlığı ölkəmizin prinsipial mövqeyidir və bu məsələdə hər hansı güzəşt qəbulolunmazdır.
Qeyd edilib ki, “Əfsuslar olsun ki, Ermənistan hökuməti bizə qulaq asmadı, Qərbdəki məsləhətçilərinə qulaq asdı. O məsləhətçilər isə onlara yaxşı məsləhət vermədilər”. Bu da onu göstərir ki, rəsmi İrəvanın qərarları erməni xalqının maraqlarına yox, Qərb kuratorlarının regiondakı geosiyasi ambisiyalarının ödənilməsinə xidmət edir, bundan ciddi nəticə çıxarmaq lazımdır.
Prezident İlham Əliyev öz çıxışında ölkəmizin hərbi gücünü nümayiş etdirərək, həm də, Azərbaycanın geosiyasi qərarları müstəqil və milli maraqlara uyğun şəkildə qəbul etmək iqtidarında olduğunu nümayiş etdirib. Bildirib ki, “Yaxın Şərqdə müşahidə etdiklərimizə münasibətdə Azərbaycan tərəfindən aparılmış antiterror tədbirləri mülki əhali arasında hərbi əməliyyatları itkisiz necə aparmaq lazımdır nöqteyi-nəzərdən ölkəmiz örnək hesab olunmalıdır”.
Prezident İlham Əliyev vurğulayıb ki, “Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır”. Yəni regionun gələcəyini və gələcək münasibətlərinin arxitekturasını bu regionda olan ölkələr özləri müəyyən etməlidir. Azərbaycan Prezidentinin Gürcüstana səfərləri və səfərlər çərçivəsində səsləndirilmiş mesajlar sözügedən mülahizəni dolayısı ilə təsdiqləyir. Yalnız bu halda sabitlik və dayanıqlı inkişaf kimi amillər qonşu ölkələr arasında münasibətlərin əsas keyfiyyət xarakteristikasına çevrilə bilər. Beləliklə, dövlət başçısı açıq şəkildə bildirir ki, sönən alovu təkrar yandırmaq arzusunda olan qüvvələr təkcə Azərbaycanı hədəfə almırlar, onların geostrateji hədəfi bütün regionu asılı vəziyyətdə saxlamaqdır.
Bildirilib ki, Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Prezident İlham Əliyev bu sözlərlə erməni xalqını müstəmləkə təfəkkürünün hipnoz təsirindən oyatmaq istəyir. Dövlət başçısı uzun illər ərzində bütün beynəlxalq platformalardan dəfələrlə vurğulayıb ki, Ermənistanın inkişafı yalnız Azərbaycan torpaqlarının qaytarılması və ölkəmiz ilə dost əməkdaşlıq münasibətlərinin qurulmasından keçir.
Bölgədəki hadisələrə Fransanın tutduğu qeyri-konstruktiv mövqeni tənqid edən ölkə başçısı qeyd edib ki, “Fransa hökumətindən gələn yanlış mesajlar Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır”. Bu sözləri ilə Azərbaycan Prezidenti bölgədə qarışıqlıq yaratmaq arzusunda olanlara açıq şəkildə işarə edir.
Öz çıxışında ölkəmizin ali siyasi iradəsinin nümayiş etdirən Prezident İlham Əliyev bildirib: “Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz”. Bu mesaj, eyni zamanda, xalqın ictimai-siyasi şüurunda “qalib xalq” təfəkkürünün formalaşması prosesinə də bir töhfədir.
Bununla yanaşı həm də bildirilib ki, ölkəmiz ədalətli, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə hazırdır. İraq Prezidenti ilə keçirilən görüşü zamanı Prezident İlham Əliyev diplomatik peşəkarlığını növbəti dəfə nümayiş etdirdi və bununla regionda siyasi maraqları olan qüvvələri ölkəmizin artan nüfuz və gücü ilə hesablaşmağa bir daha vadar etdi.
Ümid edirik ki, Prezidentimizin bu mesajlarından Ermənistan və onun havadarları bir nəticə çıxaracaqlar.
Metin Hüseynov - siyasi sərhçi, politoloq
Teref. Xocanın Blogu