İki ölkə arasında əlaqələrin genişləndirilməsinə səbəb olacaq səfər
22-11-2023, 12:18

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid noyabrın 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Səfərin birinci günündə qonaq “Fəxri Xiyaban”a gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüb. Həmçinin Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra “Şəhidlər Xiyabanı”na gələn İraq Prezidenti və onu müşayət edən rəsmi şəxslər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib, Azərbaycan və İraq arasında bir sıra sənədlər imzalanıb. Daha sonra hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev öz çıxışında bildirib ki, ölkələrimiz arasında diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk səfərini tarixi səfər adlandırıb, bu səfərin ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcəyinə və əməkdaşlığımızda yeni səhifə açacağına əminik.
Səfər çərçivəsində keçirilən təkbətək və nümayəndə heyətləri ilə geniştərkibli görüşlərdə bir çox məsələlər müzakirə edilib, gələcək əməkdaşlıq üçün əsas istiqamətlər müəyyənləşdirilib. Bu gün İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir və hər iki dövlət beynəlxalq təsisatlarda bir-birini dəstəkləməyə davam edəcəklər. Azərbaycan və İraq BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birini dəstəkləyir, bir-birinin suverenliyini və ərazi bütövlüyünü müdafiə edir.
Bu gün Azərbaycan İraqda iqtisadiyyatın bərpasına dəstək göstərir. İraqla Azərbaycan arasında səmimi dostluq münasibətləri mövcuddur. Bu ölkə ilə iqtisadi əlaqələrimiz də genişləndirilib. İraqda hazırda 44 milyon əhali yaşayır. Əhalisinin sayına görə dünyada 36-cı yerdə olan İraq ərazisinin böyüklüyünə görə 58-ci yeri tutur. 19 vilayətdən və ayrıca Kürdüstandan ibarət olan İraqda əsasən ərəblər, kürdlər, eyni zamanda bir neçə azsaylı xalq yaşayır. İraq çox zəngin bir ölkədir. Vaxtı ilə İraqda kütləvi qırğın silahlarının olması iddiaları ilə ABŞ başda olmaqla koalisiya qüvvələri bu ölkəyə açıq təcavüz etdilər. Təcavüz nəticəsində minlərlə iraqlı həlak oldu, ABŞ-ın yanlış siyasəti nəticəsində İraqın iqtisadiyyatı darmadağın oldu. Ölkə hələ də bu təcavüzün nəticələrindən tam dirçəlməyib, müxtəlif sahələrdə problemlər hələ də qalmaqdadır.
Bildiyiniz kimi, Azərbaycan Prezidenti Yaxın Şərq ölkələri ilə ikitərəfli dostluq, iqtisadi və siyasi əlaqələrini gücləndirir. Bu ölkələrdən biri də İraqdır. İraq da hər zaman, o cümlədən, müharibə dövründə Azərbaycana öz dəstəyini nümayiş etdirib. Hazırda İraqda iqtisadiyyat yenidən inkişaf etməyə başlayır, onların dağıdılmış neft sektoru bərpa olunur. Bu sahədə Azərbaycan İraqa müəyyən yardım göstərir. Bundan əlavə, İraq və AZərbaycan arasındakı danışıqlarda iki ölkə arasında siyasi, mədəni, diplomatik və dostluq münasibətlərin daha da inkişaf etdirilməsi haqqında məsələlər, gələcək planlar müzakirə olunub. Ümid edirik ki, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana ilk rəsmi dövlət səfəri iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin daha da genişləndirilməsinə səbəb olacaqdır.
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru
Teref. Xocanın Blogu