Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır
Dünən, 00:05
Azərbaycan həqiqətlərinin dünyaya dəqiq və düzgün çatdırılması istiqamətlərində həyata keçirdiyi işlər çərçivəsində ölkə başçısı cənab İlham Əliyev növbəti dəfə tanınmış kütləvi informasiya vasitələrindən birinə geniş müsahibə verib. Dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyov Prezident İlham Əliyevin qonağı olaraq ondan müsahibə alıb. Müsahibədə Rusiya Azərbaycan münasibətlərinin genişləndirilməsi perspektivləri, Bakıda keçirilən yüksək səviyyəli beynəlxalq tədbir olan COP29-un yekunları, bir sıra dövlətlərin bölgədə vəziyyəti gərginləşdirmək məqsədi ilə Ermənistanı silahlandırılması, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətindəki işlərin vəziyyəti, Azərbaycanda rus dilinə olan münasibət və digər mühüm əhəmiyyət daşıyan məsələlərə toxunulub.
Qeyd edilib ki, bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur. “Artıq dediyim kimi, ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirmişik, həm də özümüzü dostcasına aparmışıq”, - deyən dövlətimizin başçısı bundan sonra da belə olacağına əminliyini ifadə edib. Deyib ki, əlbəttə, biz iqtisadi-ticari əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edirik.
Vurğulanıb ki, 2022-ci il fevralın 22-də Azərbaycan və Rusiya arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalanıb. Belə bir Bəyannamənin imzalanması iki ölkə arasında 30 ildən artıq bir müddətdə birlikdə keçirilən, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialının artırıldıldığı və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız böyük yolun nümayiş etdirilməsidir. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır. Əgər nəzərə alsaq ki, iki dövlət həm Qafqazda, həm də Xəzər regionunda qonşudur, bir çox cəhətdən ölkələrin xarici siyasət prioritetləri üst-üstə düşür, deməli belə bir sənəd tarixi hadisədir.
Bu gün Azərbaycan və Rusiya arasında iqtisadi-ticari əməkdaşlıq üçün yeni sahələr axtarışı davam edir, ticarət dövriyyəsi artır. Rusiyalıların Azərbaycana səfərləri baxımından COVID-dən əvvəlki səviyyəyə çatılır. Hazırda ölkələr arasında avia reyslərinin sayının artması buna əsas sübutdur. Odur ki, hər iki dövlət arasında münasibətlərin inkişafı məmnunluq doğurur, onlar yüksək qiymətləndirilir və əminik ki, bu müsbət dinamika gələn ildə də qorunub saxlanılacaqdır.
Prezident İlham Əliyev müsahibəsi zamanı Azərbaycan və Rusiya arasındakı iqtisadi əlaqələrin genişlənməsinə, Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq işlərində Rusiya şirkətlərinin iştirakına xüsusi olaraq toxundu. Qeyd edildi ki, bu yaxınlarda Həştərxan vilayətinin qubernatorunun tapşırığına əsasən uşaq bağçasının tikintisinə başlanılıb. Azərbaycana səfəri çərçivəsində Həştərxanlı qonaqlar bu sosial infrastruktur obyektinin tikildiyi Qubadlı rayonunda olublar.
Qeyd edilməlidir ki, işğaldan azad edilən ərazılərimizdə Rusiya Federasiyasından ilk investisiya layihəsi Tatarıstan tərəfindən həyata keçirilib. Bu, Cəbrayıl rayonunda istifadəyə verilən “KamAZ” avtomobillərinin xidmət mərkəzidir. Ümidvarıq ki, bu istiqamətdəki əlaqələr daha da genişlənəcəkdir.
Bərpa işlərində mal və xidmətlərin tədarükçüsü qismində iştirak edən bir neçə Rusiya şirkəti var, həmçinin rusiyalı iş icraçıları da mövcuddur. Guman edilir ki, gələcəkdə onların sayı daha çox ola bilər, çünki bərpa işlərinin miqyası kifayət qədər genişdir. İlk növbədə, infrastruktur layihələrini icrasında, yollar, dəmiryol tunelləri, körpülərin inşasında böyük təcrübəsi olan çoxlu sayda Rusiya şirkətlərinin cəlb edilməsində hər iki tərəf maraqlıdır.
Ölkə başçısı öz müsahibəsində energetika sahəsinə xüsusi yer ayırıb. Qeyd edilib ki, Azərbaycanda təbii qazın sübut olunmuş ehtiyatları 2,6 trilyon kubmetr səviyyəsindədir. Son otuz il ərzində bizim işlətdiyimiz neft yataqları, resursların yeni qiymətləndirilməsi 500 milyon tondan bir milyard yarım tona çatıb, yəni, 2,6 trilyon on il əvvəlki qiymətləndirilmiş ehtiyatlardır. Aydındır ki, bu cür potensial həcmlə və 25 milyard kubmetr ixrac həcmi ilə Azərbaycan əlavə enerji mənbələrinə ehtiyac duymur. Üstəlik, Qarabağda və Şərqi Zəngəzurda son üç ildə təxminən 300 meqavatlıq kiçik SES-lərin yaradılması layihələrini artıq həyata keçirilib və iki ildən sonra bu, 500-ə çatacaq. Əlavə olaraq, külək və günəş energetikasını xarici investisiyalar hesabına fəal şəkildə inkişaf etdirilir. Dünya Bankının qiymətləndirməsinə görə təkcə Xəzərdə külək enerjisi ehtiyatları 157 min meqavatdır. 2030-cu ilə qədər artıq imzalanmış müqavilələr və indi yerinə yetirilənlər ölkəmizə 6 min meqavat verəcək. Bu da Azərbaycanın enerji ehtiyatlarının kifayəq qədər olmasına əyani sübutdur.
Metin Hüseynov - siyasi sərhçi, politoloq