Qalib Ordunun Müzəffər Ali Baş Komandanı - İsrafil Kərimovun yazısı
Bu gün, 09:35
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-
iqtisadi inkişaf strategiyasının ən layiqli davamçısı olan Azərbaycan
Prezidenti cənab İlham Əliyev 2020-ci ildə Vətən müharibəsində
qazandığımız tarixi Zəfərdən sonra da yeni dünya nizamının çağırışlarına
cavab verən daxili və xarici siyasət yürüdərək respublikamızın beynəlxalq
arenada siyasi nüfuz və iqtisadi gücünün artmasına nail olmuşdur.
Prezident seçildiyi 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri
dövlət siyasətinin prioriteti kimi müəyyən olunub.Ötən illər ərzində
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə güclü iqtisadiyyat və bu
iqtisadiyyat əsasında qüdrətli ordu yaradılıb. Beynəlxalq münasibətlər
sahəsində önəmli uğurlar əldə edilib ki, bunun da nəticəsində Zəfər
qazanılıb. Vətən müharibəsində əldə etdiyimiz Zəfər ölkə başçısının
intellekti, müdrik siyasəti və dahi sərkərdəlik məharəti sayəsində əldə
olunub.
Prezidentin planlı və ardıcıl şəkildə gördüyü işlər Azərbaycan
ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə
Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir
infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil
təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf
etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb.
Azərbaycanda son illərdə müxtəlif növ hərbi texnika, zirehli maşınlar,
pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur, xaricdən ən müasir
silahlar alınıb.
Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində
düşmən üzərində Şanlı Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Ölkənin
30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyü bərpa edildi, xalqımızın
mədəniyyət beşiyi hesab olunan Şuşa azad olundu. Bu da Prezident İlham
Əliyevin Zəfər zirvəsidir. 200 ilə yaxın idi ki, böyük qələbəyə ehtiyacı olan
və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif azğınlıqları ilə qarşılaşan
xalqımız və dövlətimiz nəhayət ki, qələbəyə imza ataraq tarixi ədaləti bərpa
etməyə müvəffəq oldu.
44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin
böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı
və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox
şəhər və kənd azad edildi. Vətən müharibəsi nəticəsində tamamilə məğlub
edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını
imzalamağa məcbur oldu və bunun nəticəsində Ağdam, Laçın və Kəlbəcər
döyüş əməliyyatları aparılmadan Azərbaycana təhvil verildi.
Bu fərəhli hadisədən üç il sonra isə 2023-cü il sentyabrın 19-da
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı
ordumuzun Qarabağ bölgəsində həyata keçirdiyi və cəmi bir gün davam
edən zəruri lokal antiterror tədbirlərindən sonra düşmən ağ bayraq
qaldıraraq təslim oldu, ordumuzun hissələri vaxtı ilə işğal edilən kənd və
yaşayış məntəqələrinə tam nəzarətə aldı. Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə,
Əskəranda və Xocavənddə Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Əzəli
düşmən üzərindəki Şanlı Qələbədə əsas nöqtə isə noyabrın 8-də Xankəndi
şəhərində keçirilən hərbi parad oldu. Üç il fərqlə keçirilən hər iki parad isə
Azərbaycan tarixinə əbədi həkk olundu.
Bu gün biz tam əminliklə deyə bilərik ki, bu Şanlı Qələbənin kökündə
şəxsiyyət faktoru, İlham Əliyev fenomeni dayanır. Bu gün bu dahi
şəxsiyyətin siyasəti nəticəsində azad edilmiş torpaqlarda şəhər və yaşayış
məntəqələrinin aktiv bərpa prossesi aparılır və Azərbaycan özünün yeni və
şanlı tarixini yazır.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü