Azərbaycan idmançıları qalib ölkəni qürurla təmsil edirlər

Dünən, 17:28           
Azərbaycan idmançıları qalib ölkəni qürurla təmsil edirlər
Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Sirr deyil ki, Azərbaycan idmanın kütləviliyini təmin edən, peşəkar təşkilatçılıq ənənələrinə sahib ölkədir. Uzun illərdir ki, Azərbaycanda mötəbər idman yarışları keçirilir, idman uğurla və sürətlə inkişaf edir. Bu artıq faktdır ki, ölkəmiz dünyada idman ölkəsi kimi tanınır və idman respublikamızda dövlət siyasətidir. İdmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir.
Azərbaycan idman dövlətidir və idmançılarımız beynəlxalq arenada öz gücünü, dövlətimizin qüdrətini, xalqın xalqın iradəsini nümayiş etdirirlər. Azərbaycan idmançıları uzun illərdir mötəbər yarışlarda qalib gəlməklə, dövlət himnini səsləndirməklə, bayrağımızı ucaltmaqla ölkəmizi dünyada təbliğ edirlər. Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir.
1998-ci ildə respublikamız ilk dəfə Qış Olimpiya Oyunlarına qatıldı. Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya Oyunlarında respublikamız 5 nəfər idmançı ilə dörd yarışda təmsil olundu. 2000-ci ildə Sidney Olimpiyadasında Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazandı. Azərbaycan komanda hesabına 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü oldu. Bu ölkənin Olimpiya hərəkatı tarixində ən böyük uğuru idi. 2002-ci ildə Azərbaycan ikinci dəfə Qış Olimpiya Oyunlarının iştirakçısı oldu. ABŞ-ın Soit Leyk siti şəhərində keçirilən bu oyunlarda idmançılarımız 3 yarışda iştirak etdilər. Beləliklə, Azərbaycan idmançıları olimpiya oyunlarında möhtəşəm uğurlara imza atdılar.
Bu il isə idmançılarımız növbəti uğurlarla xalqımızı sevindiriblər.
"Əlbəttə ki, ilin ən böyük yarışı Yay Olimpiya Oyunları idi və burada da biz tarixi nəticə əldə etmişik. Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə ən yüksək yerə layiq görülmüşdür, komanda hesabında Azərbaycan 30-cu yerdə qərarlaşmışdır. Bu, ən yüksək nəticədir. Bütövlükdə iki yüzdən çox milli komanda Olimpiya Oyunlarında iştirak edirdi. Onların arasında 30-cu olmaq çox böyük nailiyyətdir", - deyə Prezident bildirib. Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşdı. "Nəzərə alsaq ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var, bu da böyük və tarixi nailiyyətdir. Komandamız ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla yeddi medal qazanaraq ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmışdır", - deyə Prezident qeyd edib.
Qeyd edək ki, bu il idmançılarımız "Paris-2024" Yay Paralimpiya Oyunlarında uğurla iştirak etdilər. Paris Paralimpiadasında Azərbaycan 7 növdə 18 idmançı ilə təmsil olunurdu. "Paris-2024" Yay Paralimpiya Oyunlarında da idmançılarımız uğur qazanıblar. Ölkəmiz medal sıralamasında 169 ölkə arasında 28-ci yeri tutub.
Azərbaycan sadəcə beynəlxalq idman yarışlarında uğurlu iştirakla deyil, həm də kütləvi turnirlərin keçirilməsi sahəsində əldə etdiyi təcrübə və yüksək təşkilatçılıq örnəyi ilə dünyanın aparıcı idman mərkəzlərindən birinə çevrilib. Ölkəmizdə hər il nüfuzlu beynəlxalq idman yarışları keçirilir, müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarına ev sahibliyi edilir. Azərbaycanda keçirilən beynəlxalq idman yarışlarına birinci Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını, “Formula-1”i nümunə olaraq göstərmək olar. Heç şübhəsiz ki, beynəlxalq səviyyəli mötəbər idman yarışlarının keçirilməsi üçün məkan kimi Azərbaycanın seçilməsi təsadüfi deyil. Burada isə iqtisadi gücünü artıran və qlobal əməkdaşlığa sanballı töhfələr verən ölkəmizin dünya miqyasında nüfuzunun artması, respublikadakı davamlı sabitlik kimi amillər mühüm rol oynayır. Onu da əlavə etmək lazımdır ki, idmanın inkişafı ardıcıl xarakter daşıdığı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və abadlıq işləri həyata keçirilməkdədir. Təsadüfi deyildir ki, azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Perspektivdə Azərbaycan və dünya ictimaiyyəti Ağdamda, Şuşada və başqa yerlərdə beynəlxalq idman yarışlarının şahidi olacaq. Heç şübhəsiz ki, azad edilmiş ərazilərdə beynəlxalq idman yarışlarının keçirilməsi də çox böyük tarixi əhəmiyyətə malik olacaq.
Prezident İlham Əliyev mərasimdəki çıxışında gələn ildən Gəncə şəhərində həyata keçiriləcək böyük təmir-bərpa işlərindən danışıb. O, deyib ki, həm şəhər infrastrukturu yenilənəcək, şəhər nəqliyyatı tamamilə yenilənəcək, tarixi binaların bərpası və digər infrastruktur layihələrimiz icra ediləcək ki, bizim qədim şəhərimiz olan, Nizami yurdu olan Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim etsin.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.