Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi Ulu Öndərin soydaşlarımıza milli birlik töhfəsidir
Dünən, 10:45
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi Ulu Öndərin soydaşlarımıza milli birlik töhfəsidir
31 dekabr – Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli
günlərdən biri - Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Hər bir
azərbaycanlı üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının
Həmrəylik Günü dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın
birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev
tərəfindən təsis olunmuşdur. Bu barədə ilk qərar 1991-ci ilin dekabr ayının
16-da Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali
Məclisində qəbul edilmişdir. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də
dəstəyini qazanmışdır və həmin gündən bütün dünya azərbaycanlıları hər il
bu bayramın başlıca qayəsini Azərbaycan dövlətçiliyi, xalqımızın milli-
mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə
bağlılıq hissləri və ideyaları təşkil edir.
Azərbaycanın dövlət müstəqilliyinin qarantı, xalqımızın xilaskarı, Ulu
Öndər Heydər Əliyevin dünya azərbaycanlılarının birliyi, həmrəyliyi
istiqamətində atdığı addımlar davamlı olub. 1993-cü ildə hakimiyyətə
qayıtdıqdan sonra da azərbaycançılıq ideyasının möhkəmləndirilməsi
istiqamətində fəaliyyətini davam etdirən Ulu Öndərin təşəbbüsü ilə birliyinin
və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il mayın 23-də Heydər
Əliyevin imzaladığı Sərəncamla 9-10 noyabr 2001-ci ildə keçirilən Dünya
Azərbaycanlılarının I Qurultayı müxtəlif ölkələrdə məskunlaşan
soydaşlarımızın Vətənə məhəbbət duyğularını birləşdirdi. Bu bayram
dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq
azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik
yaratmaq işində mühüm rol oynayır. Milli birlik, Azərbaycana məhəbbət,
milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə
təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis
edilməsi həm də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında
siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaratmışdır.
Bu günün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir
zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik günü Azərbaycan
diasporu üçün ən mühüm bayrama çevrilib. Qurultayda Azərbaycanın 50
milyonluq bir xalqın Vətəni olduğunu bildirən Ulu Öndər ən böyük
azərbaycanlı missiyasını yerinə yetirdiyini Vətəninə, xalqına sonsuz
məhəbbəti ilə bildirirdi. Qurultayda dərin məzmunlu nitq söyləyən Ulu
Öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin və
həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya
azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan
problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, o cümlədən, ana
dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi
haqqında fikirlər söyləyərək, "Hər bir insan üçün onun milli mənsubiyyəti
onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm
ki, mən azərbaycanlıyam!" –deməsi hər bir həmvətənimiz üçün milli qürur
rəmzinə çevrilmişdir. Dahi şəxsiyyətin dünya azərbaycanlılarının
həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də
aktualdır. 31 dekabr tarixinin bütün dünya azərbaycanlılarının birlik,
həmrəylik günü kimi hər il böyük təntənə və qürur hissi ilə qeyd olunduğunu
bildirən Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla Bakı
şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il
iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi
diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya
azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm
tarixi əhəmiyyət kəsb edir.
2020-ci il il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi
hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Ali Baş Komandan,
Prezident İlham Əliyevin çağırışı ilə Vətən müharibəsinə qalxıb. Müzəffər
Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni
ağır məğlubiyyətə uğradıb və ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Milli
dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı
Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-
diplomatik fəaliyyət sayəsində əldə edilib. Müqəddəs Vətən müharibəsi
zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan
dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri
Qələbəmizə layiqli töhfə olub. Dünya Azərbaycanlıların həmrəyliyini
təcəssüm etdirən Vətən Müharibəsi Azərbaycan xalqının birliyini, hər
zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər
olduğunu bir daha nümayiş etdirdi. İkinci Qarabağ müharibəsi zamanı
siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı
olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi və
Möhtəşəm Zəfərə nail olundu. Bir sözlə, xaricdə yaşayan azərbaycanlılar
böyük qüvvədir. Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların
fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının
müdafiə edilməsi, əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir. 2022-ci
ilin aprelin 22-23-də Şuşa şəhərində keçirilən 65 ölkədən 400 nəfərə yaxın
diaspor nümayəndəsinin iştirakı ilə dünya Azərbaycanlılarının V Qurultayı
keçirilmişdir. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin
genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş
Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor
quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata
keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və
mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab
edir.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası