Azərbaycanlıların milli həmrəyliyi

Dünən, 11:26           
Azərbaycanlıların milli həmrəyliyi
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. 30 ildən çoxdur ki, müstəqil Azərbaycan xalqı bu tarixi əlamətdar bayramlardan biri kimi qeyd edir.
Ümumilli Lider Heydər Əliyev xalqımızın milli həmrəyliyinin əldə olunmasına hələ Naxçıvanda fəaliyyət göstərdiyi dövrdən xüsusi diqqət və həssaslıqla yanaşırdı. Təsadüfi deyil ki, 1991-ci il dekabrın 16-da Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərar qəbul edərək dekabr ayının 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etmişdi.
Bu qərar müstəqilliyini yeni elan etmiş Azərbaycanda milli həmrəylik ideyasının möhkəmlənməsinə əvəzsiz töhfə idi. Birlik və həmrəylik istiqamətində atılmış bu ilk addım sonrakı dövrlərdə xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynadı. 1993-cü ildə xalqın istəyi ilə Heydər Əliyevin respublikamıza rəhbərliyə başlamasından sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü daha geniş vüsət taparaq ürəklərdə vətən eşqi, milli və mənəvi birlik, həmrəylik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək aldı.
Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Dünya azərbaycanlılarının təşkilatlanmasında, onlar arasında həmrəyliyin güclənməsində Dünya Azərbaycanlılarının I Qurultayının önəmi böyük olub. Məhz bu qurultaydan sonra Azərbaycan dövlətinin diaspor işi mərkəzləşdirildi, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (2008-ci ildən Diasporla iş Üzrə Dövlət Komitəsi) təsis edildi, xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətini tənzimləyən qanun qəbul olundu. Ümummilli lider Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayında söylədiyi fikirlər bu gün də hər bir azərbaycanlının milli qürur hissinin ifadə formasına çevrilib: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.”
Ulu Öndərin milli həmrəylik və azərbaycançılıq amalının şüurlarımızda möhkəm yer tutmasına yönəlmiş uzaqgörən siyasətini bu gün inamla davam etdirən Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi fəaliyyət ardıcıl və sistemli səciyyə daşıyır. Ötən 20 ildə İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində Azərbaycanın yüksəlişinin ortaya qoyduğu ən böyük reallıqlardan biri xalqımızın milli həmrəyliyinin daha da güclənməsidir. Bu illər ərzində İlham Əliyevin Azərbaycan cəmiyyətindəki etimadının daha da yüksəlməsi, dövlət başçısının yürütdüyü siyasətin xalqımız tərəfindən yekdilliklə və coşqu ilə dəstəklənməsi həm də milli həmrəyliyimizin ifadəsidir.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin inkişaf strategiyası böyük iqtisadi layihələrə, beynəlxalq və regional platformalara hədəfləndi. İqtisadi müstəqillik, güclü müasir ordu, milli həmrəylik və beynəlxalq səviyyədəki uğurlarımız Vətən müharibəsində Qələbəmizi şərtləndirdi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzü təmin etdi. Xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. Məhz milli birliyimiz, 50 milyon azərbaycanlının üçrəngli ay–ulduzlu bayrağa sarılaraq bir amal ətrafında bütövləşməsi döyüş ruhumuzu, qələbə əzmimizi yüksəltdi, tariximizin şanlı zəfər səhifəsi yazıldı. Vətən müharibəsində Azərbaycan Ordusunun hər qələbə sevinci dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün həmvətənlərimizin də qəlblərində böyük qürur və iftixar hissi yaratdı.

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.