AZAL təyyarəsinin bütün ekipajı böyük qəhrəmanlıq göstərdilər
6-01-2025, 15:50
Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanda qəzaya uğramasından günlər keçməsinə baxmayaraq, hələ də ölkəmizdə və bir sıra ölkələrdə geniş müzakirə olunmaqdadır. Dekabrın 25-də J28243 nömrəli reyslə Bakıdan Qroznıya uçan "Embraer"-E190 təyyarəsi qəzaya uğrayıb, qəza nəticəsində göyərtədə olan 67 nəfərdəbn 38-i, o cümlədən təyyarənin hər iki pilotu həlak olub.
Azərbaycan aviasiyası tarixində baş verən faciə təkcə böyük bir itki deyil, həm də qəhrəmanlıq dastanı kimi yadda qaldı. Bu qəza zamanı təyyarənin bütün ekipaj üzvləri həyatlarını sərnişinləri xilas etmək üçün fəda etdilər. Onların göstərdiyi qəhrəmanlıq heç vaxt unudulmayacaq. Təyyarədə nasazlıq yaranan andan etibarən, onlar sərnişinlərin həyatını xilas etmək üçün bütün bilik və təcrübələrini səfərbər etdilər. Təyyarəni mümkün qədər təhlükəsiz bir yerə endirmək üçün hər düyməyə toxunduqları an, əslində insan həyatının əhəmiyyətini bir daha sübut edirdi. Onların adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. Onlar hər zaman xatırlanacaq və gələcək nəsillərə nümunə olacaq. Bu qəhrəmanlar göstərdi ki, fədakarlıq və insanlıq hər şeydən üstündür. Onların xatirəsi qarşısında baş əyirik və göstərdikləri qəhrəmanlığı heç vaxt unutmayacağıq. Bu insanlar yalnız səmada deyil, həm də insan ürəklərində əbədi yaşayacaqlar.
Təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycanda matəm elan edildi. Həmin gün ölkədəki bütün məscidlərdə və digər dini ibadət yerlərində qəza qurbanlarının xatirəsi yad edilib, dini məqasimlər keçirilib. Dekabrın 29-da təyyarə qəzasında həlak olan üç ekipaj üzvü – gəmi kapitanı İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyevanın nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimindən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qəza nəticəsində həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.
Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb.
Görüş zamanı çıxışında dövlətimizin başçısı təyyarənin pilotları və ekipaj üzvlərinin fəaliyyətini xüsusi qeyd edib. “Ekipaj üzvlərinin qəhrəmanlığı haqqında mən vida mərasimi zamanı bildirmişdim. Bir daha demək istəyirəm, bu, doğrudan da böyük fədakarlıqdır. Mən bildirdim, çox güman, pilotlar bilirdilər ki, bu qəzadan sağ çıxa bilməyəcəklər”.
Dövlət başçısı bildirib ki, “Ekipajın digər üzvləri - bələdçilər də soyuqqanlılıq göstərmişlər. Təyyarədə xaosun yaranmaması üçün böyük cəsarət göstərmişlər. Onlar da görürdülər, bilirdilər ki, onları nələr gözləyir. Yəqin, heç ümid etmirdilər ki, bu vəziyyətdən sağ-salamat çıxa bilərlər. Belə vəziyyətdə özünü təmkinlə, soyuqqanlılıqla, cəsarətlə aparmaq, əlbəttə ki, bir daha onların yüksək keyfiyyətlərini göstərir”.
“Ekipajın üç üzvünə ölümündən sonra “Milli Qəhrəman” yüksək adı verildi, sağ qalan iki ekipaj üzvü də yüksək dövlət mükafatı ilə təltif olundu. Ola bilər ki, yaxınlarını itirən ailələr üçün bu, kiçik bir təsəllidir, amma Azərbaycan dövlətinin öz vətəndaşlarına münasibətinin təzahürüdür”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Cənab Prezident həlak olanların ailə üzvlərini, eləcə də ekipaj üzvlərini qəbul edərək Azərbaycan dövlətinin hər zaman onlarla olacağını bəyan edib və yüksək mükafatları şəxsən təqdim edib. Eyni zamanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, həmçinin “Azərbaycan Hava Yolları” QSC-yə ekipaj üzvlərinin ailələri və sağ qalmış ekipaj üzvləri ilə daimi əlaqə saxlamaq və onları narahat edən məsələləri operativ şəkildə həll etmək tapşırılıb.
Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü