Azərbaycanın bütün şərtləri ədalətlidir
6-01-2025, 16:21
Xəbər verildiyi kimi, dekabr ayının 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb və bunun nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub. Təyyarənin pilotları və digər ekipaj üzvlərinin səyləri, sücaəti sayəsində 29 sərnişin sağ qalıb.
Dekabrın 26-sında Azərbaycanda matəm elan olunması, Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın vida mərasiminə qatılaraq həlak olanların ailə üzvləri və yaxınlarına başsağlığı və təskinlik verməsi, dərdlərinə şərik olması xalqımızın ağır və çətin günlərində, milli kədər anlarında xalqla bir yerdə olduğunu, mübarizliyini, dəyanətini göstərdi.
Azərbaycan dövləti öz oğul və qızlarının fəaliyyətini, qəhrəmanlığını həmişə layiqincə qiymətləndirib. Dekabrın 29-da təyyarə qəzasında həlak olan üç ekipaj üzvü - gəmi kapitanı İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyevanın nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimindən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qəza nəticəsində həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər. Həmin gün dövlət başçısının imzaladığı müvafiq sərəncama əsasən, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə, İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevanın “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə, eləcə də Zülfiqar Əsədov və Aydan Rəhimlinin 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif etməsi isə xalqımızın qəhrəmanlarına verdiyi dəyərin növbəti təzahürdür.
Yanvarın 6-da isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb. Görüşdə çıxış edən Prezident İlham Əliyev ilk növbədə ekipaj üzvlərinin qəhrəmanlığını fəaliyyətini, fədakarlığını çox yüksək qiymətləndirib. “Ekipaj üzvlərinin qəhrəmanlığı haqqında mən vida mərasimi zamanı bildirmişdim. Bir daha demək istəyirəm, bu, doğrudan da böyük fədakarlıqdır. Mən bildirdim, çox güman, pilotlar bilirdilər ki, bu qəzadan sağ çıxa bilməyəcəklər”.
“Onlar təcrübəli pilotlar idi, idarəolunmaz vəziyyətdə olan təyyarəni məhz öz peşəkarlıqları nəticəsində bir yolla məkana yetişdirə bilmişdilər və qəza enişi olsa da, təyyarəni endirə bilmişdilər. Ekipajın digər üzvləri - bələdçilər də soyuqqanlılıq göstərmişlər. Təyyarədə xaosun yaranmaması üçün böyük cəsarət göstərmişlər. Onlar da görürdülər, bilirdilər ki, onları nələr gözləyir. Yəqin, heç ümid etmirdilər ki, bu vəziyyətdən sağ-salamat çıxa bilərlər. Belə vəziyyətdə özünü təmkinlə, soyuqqanlılıqla, cəsarətlə aparmaq, əlbəttə ki, bir daha onların yüksək keyfiyyətlərini göstərir. Xüsusilə nəzərə alsaq ki, bələdçilərin ikisi qadın idi”, - deyə dövlət başçısı qeyd edib.
“Ekipajın üç üzvünə ölümündən sonra “Milli Qəhrəman” yüksək adı verildi, sağ qalan iki ekipaj üzvü də yüksək dövlət mükafatı ilə təltif olundu. Ola bilər ki, yaxınlarını itirən ailələr üçün bu, kiçik bir təsəllidir, amma Azərbaycan dövlətinin öz vətəndaşlarına münasibətinin təzahürüdür”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Görüşdə ölkə başçısı məlumat verib ki, təyyarənin “Qara qutu”ların açılması prosesinin başlanılıb. Bütün təkliflərə və təkidlərə baxmayaraq Dövlətlərarası Aviasiya Komitəsinin “qara qutu”ları açmasına qəti etiraz edilib və Azərbaycanın təkidi ilə bu proses Braziliyada həyata keçirilir. Burada əsas səbəb obyektivliyin sual altına düşə bilməsi, maraqların toqquşması ola bilərdi. Ona görə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada “qara qutu”ların təhlilinə başlanılıb və yəqin ki, yaxın gələcəkdə bu barədə də məlumat veriləcək. Bununla da bu günə qədər hələ də açıq olmayan bütün məsələlər də üzə çıxacaq. Ən əsası ilə məlumdur ki, təyyarə yerdən açılan atəş nəticəsində zədələnib və radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınıb. Lakin təyyarənin hansı səbəblərdən Aktau istiqamətinə göndərilməsi barədə məlumat hələ yoxdur. Təbii ki, “qara qutu”lar açılandan sonra bütün bu məlumatlar olacaq.
Dövlət başçısı bildirib ki, biz onilliklər ərzində bu struktur ilə əməkdaşlıq etmişik və fəal əməkdaşlığımız olub. Bu struktur əsasən keçmiş SSRİ məkanında təyyarə qəzalarının təhqiqatı ilə məşğul olub: “Amma biz işin ört-basdır edilməsi, bunu hansısa quşların və ya qaz balonunun adına çıxmaq cəhdini gördükdə, təbii ki, həm mənim, həm də Azərbaycan ictimaiyyətinin bu strukturun təhqiqatının obyektivliyinə ciddi şübhələri yarandı. Hazırda “qara qutu”ların şifrəsinin açılması prosesi gedir. Əminəm ki, yaxın vaxtlarda biz ilkin nəticələri öyrənəcəyik və hər şey öz yerini tutacaq. Baş verən faciənin bütün mənzərəsi də məlum olacaq. Təbii ki, bu, faciənin tam araşdırılması və onun günahkarlarının cəzalandırılması işində mühüm məqam olacaq”.
Görüş zamanı ölkə başçısı bildirib ki, “Mən hələ ki, cinayət işinin bütün materiallarını açıqlamaq istəmirəm, onun ilkin təhqiqatı və nəticələri mənə məruzə edilib”.
“Amma əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik”, - Azərbaycan lideri vurğulayıb.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası