Ölkəmizin qətiyyətli mövqe
6-01-2025, 17:27
Ötən ilin son günlərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması və nəticədə 38 nəfərin həyatını itirməsi, bir çox insanın yaralanması olduqca ağır hadisə idi. Bu hadisə ilə bağlı dövlətimiz və ölkə rəhbərliyi tərəfindən artıq mühüm addımlar atılıb. Hadisə baş verən zaman dövlət başçısı İlham Əliyev MDB Zirvə görüşünü təxirə salaraq vətənə dönərək operativ müşavirə keçirdi və hadisənin dəqiq araşdırılması üçün Dövlət Komissiyası yaradıldı. Aradan keçən müddətdə bəlli oldu ki, təyyarəyə kənar müdaxilələr olub. Dövlət başçısı məsələ ilə bağlı AZTV-yə müsahibəsində də bu və ya digər faktlara aydınlıq gərtirdi.
Ən əsası isə dekabrın 26-sında Azərbaycanda matəm elan olunması, Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın vida mərasiminə qatılaraq həlak olanların ailə üzvləri və yaxınlarına başsağlığı və təskinlik verməsi, dərdlərinə şərik olması xalqımızın ağır və çətin günlərində, milli kədər anlarında xalqla bir yerdə olduğunu, mübarizliyini, dəyanətini göstərdi. Bu, dövlətin ali rəhbərliyinin insanpərvərliyinin, həmrəyliyinin, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə olan dərin ehtiramın təcəssümüdür.
Yanvarın 6-da isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb. Görüş zamanı ölkə rəhbəri təyyarə ekipajının fədakarlığını xüsisi qeyd edib. Bildirib ki, “doğrudan da böyük fədakarlıqdır. Mən bildirdim, çox güman, pilotlar bilirdilər ki, bu qəzadan sağ çıxa bilməyəcəklər. Onlar təcrübəli pilotlar idi, idarəolunmaz vəziyyətdə olan təyyarəni məhz öz peşəkarlıqları nəticəsində bir yolla məkana yetişdirə bilmişdilər və qəza enişi olsa da, təyyarəni endirə bilmişdilər. Ekipajın digər üzvləri - bələdçilər də soyuqqanlılıq göstərmişlər. Təyyarədə xaosun yaranmaması üçün böyük cəsarət göstərmişlər”.
Azərbaycan dövləti ekipaj üzvlərinin qəhrəmanlığını layiqincə qiymətləndirmişdir. Təyyarə qəzasında həlak olan üç ekipaj üzvünün II Fəxri xiyabanda dəfn olunması isə bu qəhrəman vətən övladlarına verilən böyük dəyərdir. Dövlət başçısının imzaladığı müvafiq sərəncama əsasən, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə, İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevanın “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə, eləcə də Zülfiqar Əsədov və Aydan Rəhimlinin 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif etməsi isə xalqımızın qəhrəmanlarına verdiyi dəyərin növbəti təzahürdür.
Görüşdə qeyd edilib ki, həlak olanların hər biri təkcə onun yaxınları, ailə üzvləri üçün deyil, həm də Azərbaycan dövləti üçün əzizdir. Biz buna operativ şəkildə reaksiya verilib, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmalarına səbəb olan təqsirkarların cəzalandırılması qətiyyətlə tələb ediləcəkdir.
Görüşdə ölkə başçısı məlumat verib ki, təyyarənin “Qara qutu”ların açılması prosesinin başlanılıb. Bütün təkliflərə və təkidlərə baxmayaraq Dövlətlərarası Aviasiya Komitəsinin “qara qutu”ları açmasına qəti etiraz edilib və Azərbaycanın təkidi ilə bu proses Braziliyada həyata keçirilir. Burada əsas səbəb obyektivliyin sual altına düşə bilməsi, maraqların toqquşması ola bilərdi. Ona görə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada “qara qutu”ların təhlilinə başlanılıb və yəqin ki, yaxın gələcəkdə bu barədə də məlumat veriləcək. Bununla da bu günə qədər hələ də açıq olmayan bütün məsələlər də üzə çıxacaq. Ən əsası ilə məlumdur ki, təyyarə yerdən açılan atəş nəticəsində zədələnib və radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınıb. Lakin təyyarənin hansı səbəblərdən Aktau istiqamətinə göndərilməsi barədə məlumat hələ yoxdur. Təbii ki, “qara qutu”lar açılandan sonra bütün bu məlumatlar olacaq.
Dövlət başçısı görüş zamanı çıxışında bildirib ki, “Rusiyanın dövlət qurumları tərəfindən bu hadisəni ört-basdır etmək və cəfəng versiyalar üzərində dayanmaq bizdə həm təəccüb, həm təəssüf, həm də haqlı olaraq hiddət hissi doğurur. Günahsız insanlar həlak olublar. Yenə də deyirəm, məhz pilotların və ekipaj üzvlərinin qəhrəmanlığı nəticəsində 30-a yaxın insan bu qəzadan sağ çıxıb, onların bir neçəsi ağır yaralanmışdır”.
Görüş zamanı ölkə başçısı bildirib: “Amma əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik”.
Metin Hüseynov - siyasi sərhçi, politoloq