Bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır - İsrafil Kərimovun yazısı
Dünən, 10:45
Bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır
Azərbaycan 2025-ci ilə böyük uğurlarla qədəm qoydu. Ötən 2024-cü il
Azərbaycanın tarixinə növbəti uğurlu dövr kimi həkk olundu. Ötən il
respublikamızda iqtisadi və sosial sferada mühüm nailiyyətlər əldə edildi.
Yanvarın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
artıq ənənəyə çevrilən yerli televiziya kanallarına müsahibəsində
jurnalistlərin ötən müddətdə Azərbaycanda iqtisadi, sosial sahələrdə
görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə,
işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin
xarici və daxili siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.
Yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev
bildirib ki, Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir, çox
ciddi. Yaxın və orta keçmişə nəzər saldıqda, dünya tarixində öz ərazi
bütövlüyünü öz gücü ilə bərpa edən ikinci ölkə olmadığını diqqətə çatdıran
dövlətimizin başçısı vurğulayıb: “Bunu biz etmişik, bütün təzyiqlərə,
təhdidlərə və təhlükələrə rəğmən”.
Azərbaycan Prezidenti əlavə edib ki, müstəqil siyasət aparmaq
iqtidarında olan ölkələrin sayı o qədər də çox deyil. Ölkə başçısı
müsahibədə xarici siyasət sahəsəndə mühüm məsələlərə toxunub. Bildirib
ki, indi heç kimə sirr deyil ki, yeni dünya nizamı formalaşdırılır. Hesab
edirəm ki, biz bu prosesin başlanğıcındayıq, bir çox boşluqlar
yaranmaqdadır və yaranacaq.
İkinci Dünya müharibəsindən sonra yaranmış sistemin artıq öz
potensialını itirdiyini bildirən dövlətimizin başçısı vurğulayıb ki, bunu bir çox
yerlərdə gedən proseslər, münaqişələr, müharibələr və sair hadisələr
göstərir. “Eyni zamanda, aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran
da göz qabağındadır. Yəni, bu gün Qərbin üzləşdiyi vəziyyəti ən çox tənqid
edən Qərbin aparıcı ölkəsinin seçilmiş prezidentidir, haqlı olaraq tənqid
edir. Çünki bu sistem artıq tükənib”, - deyə Azərbaycan Prezidenti əlavə
edib.
Həmçinin bildirilib ki, Azərbaycanın D-8-ə qəbul edilməsi ölkəmizin
nüfuzunu bir daha göstərir. Otuz ilə yaxın bundan əvvəl yaranmış təşkilatın
birinci genişlənmə qərarından sonra qəbul edilən ilk üzvün Azərbaycan
olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, bu, ölkəmizin nüfuzunu,
eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir. Prezident, həmçinin
qeyd edib: “Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan
yeni üzv seçilmişdir. Əlbəttə ki, bu, bizim üçün həm böyük şərəfdir, həm də
böyük məsuliyyətdir”.
Ölkə başçısı öz müsahibəsində iqtisadi məsələlərə xüsusi önəm verib.
Qeyd edilib ki, əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş
ölkələrin inkişafına, yaxud da tənəzzülə nəzər salsaq görərik ki,
Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində
düşünülmüş siyasət dayanır.
Ümid edirik ki, bu il biz AÇG-də “Dərin Qaz” layihəsindən ilk qazı
alacağıq və bu, bütövlükdə qaz hasilatına gözəçarpan töhfə olacaq.
“Bununla belə, “Şahdəniz”in hələ də əsas qazı təchiz edən yataq kimi
qalacağını nəzərə alsaq, biz “Abşeron”da qaz hasilatının 1,5-dən 5 milyard
kubmetrə qədər artırılması məqsədilə tərəfdaşlarla çalışmağı
planlaşdırırıq”, - deyən dövlətimizin başçısı əlavə edib ki, bununla yanaşı,
“Qarabağ”, “Babək”, “Asiman” və digər yataqlar kimi çox perspektivli
layihələr var. Bu, potensialımızı artıracaq.
Bu göstəricilərin, sadəcə olaraq, keçən ilin məhsulu olmadığını
vurğulayan dövlətimizin başçısı deyib: “Uzun illər aparılan iqtisadi islahatlar,
şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi,
investisiya iqliminin yaxşılaşdırılması nəticəsində biz beynəlxalq aparıcı
reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişiklik
görürük. Yəni, onlar da reallıqları inkar edə bilməzlər. Halbuki mən hesab
edirəm ki, bizim beynəlxalq reytinqimiz indikindən daha yüksək səviyyəyə
layiqdir və müəyyən səbəblər üzündən hələ ki, aparıcı reytinq agentlikləri
daha da təvazökar yanaşmanı sərgiləyirlər. Yəni, bütün bunlar onu deməyə
əsas verir ki, biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və
əminəm ki, bu il və gələn illərdə bu dinamika saxlanılacaq”.
Bu il yanvarın birindən minimum əməkhaqqının və pensiyanın
artdığını vurğulayan dövlətimizin başçısı deyib: “Bu qədər böyük sərmayə
qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan
ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin,
necə deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə
daha yaxşı yaşamalıdırlar. Cəmiyyətdə də, siyasətdə də, ailədə də hər şey
ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub”.
Son bir neçə il ərzində dörd sosial paketin həyata keçirildiyini
vurğulayan Prezident, həmçinin qeyd edib: “İqtisadi imkanlar artdıqca biz
daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial
müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik”.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü