Mötəbər beynəlxalq tədbirlərin Bakıda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun və uğurlu siyasətinin göstəricisidir

Dünən, 15:52           
Mötəbər beynəlxalq tədbirlərin Bakıda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun və uğurlu siyasətinin göstəricisidir
Yanvarın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə ölkə daxili və beynəlxalq auditoriyanı düşündürən bir çox məsələlərə aydınlıq gətirdi, xususi olaraq noyabr ayında Bakıda keçirilən mühüm beynəlxalq tədbirlə bağlı danışdı.
COP29-un Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun və uğurlu siyasətinin göstəricisidir. Ölkə başçısı İlham Əliyevin çox dəqiq və düşünülmüş diplomatik addımları nəticəsində bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi üçün imkan əldə edilib. hazırlıq işlərinə ayrılan vaxtın çox məhdud olmasına baxmayaraqölkəmiz bu dəfə də çox böyük beynəlxalq tədbirin yüksək səviyyədə təşkilinə və keçirilməsinə nail oldu.
Prezident İlham Əliyev müsahibəsində tədbirə hazırlıq məsələlərinə toxundu: “Biz dərhal iki istiqamətdə işə başladıq - hazırlıq və məzmun. Hər iki istiqamətdə çoxsaylı çətinliklər var idi, lakin yekun nəticə bunun uğur hekayəsi olduğunu sübut etdi. Hazırlıq bizim üçün böyük çağırış idi, çünki əvvəlki COP-lardan fərqli olaraq hazırlıq üçün 2 il deyil, cəmi 11 ay vaxtımız var idi. Biz stadion və onun ətrafında nəhəng qurğular inşa etməli idik – bu, 200 min kvadratmetrə yaxın qapalı məkan idi. Tədbirin təşkilatçılığı hər kəsdə məmnunluq doğurdu. Bu, təkcə həmin məkanın qurulması demək deyil. Buraya logistika, nəqliyyat, yerləşmə, mehmanxanaların sertifikatlaşdırılması, qonaqların yerləşdirilməsi üçün əlavə yerlərin müəyyən edilməsi daxil idi. Nəzərə alsaq ki, bizdə 197 ölkədən 76 min iştirakçı qeydiyyatdan keçmişdi, bunun üçün kifayət qədər yerimiz yox idi”.
Tədbirə hazırlıq prossesində ölkəmiz daha bir gözlənilməz siyasi problemlə üzləşdi ki, bu da COP29-u siyasi motivlər səbəbindən boykot etmək cəhdləri idi. Ölkəbaşçısının qeyd etdiyi kimi: “Lakin biz bunun da öhdəsindən gələ bildik. Boykot uğursuz oldu. Baxmayaraq ki, siz də qeyd etdiyiniz kimi, bəzi ölkələr, xüsusilə də Fransa əlindən gələni edirdi ki, tədbiri gözdən salsın. Həmkarlarımdan aldığım məlumata görə, Fransa prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə edirmiş. Yəni, liderlərin buraya səfər etmələrinin qarşısını almaq üçün hətta belə vasitəyə də əl atılmışdır. Lakin bu da uğursuz oldu. Səksən dövlət və hökumət başçısı Bakıya səfərə gəldi və bu, bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi”.
Avropa Komissiyasının Prezidentinin iştirak etməməsinə gəldikdə, bildiyimə görə bu, Avropa Komissiyasının Prezidentinin iştirak etmədiyi ilk COP oldu. Halbuki onun iştirakı bir neçə ay əvvəl artıq təsdiq edilmişdi. Hətta Avropa Komissiyasının təşəbbüsü əsasında Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya liderlərinin iştirakı ilə yaşıl kabel layihəsinə həsr edilmiş xüsusi sessiya da təşkil ediləcəkdi. Buna baxmayaraq, səfər son anda təxirə salındı və bu, gözlənilməz oldu.

COP29-un təşkilat komitəsi Avropa Komissiyası ilə təmas qurdu və qarşı tərəfə bildirdi ki, COP iki həftə ərzində keçirilir və səfər etmək üçün kifayət qədər vaxt var. Yeri gəlmişkən, BMT-nin Baş katibi iki dəfə - tədbirin açılışında və bağlanışında səfər etdi. Ancaq yenə də bu mesaja Avropa Komissiyası tərəfindən əhəmiyyət verilmədi. Cənab Prezidentin vurğuladığı kimi: “Əlbəttə bu, COP29-un keçirilməsinə xələl gətirmədi, ancaq COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının iştirak etməməsi çoxsaylı suallar doğurur.
Buna baxmayaraq, təşkilatçılıq baxımından bu, həqiqətən də uğur hekayəsi oldu. Mən bunu bir dəfə qeyd etmişəm ki, bizim cəmi 10 şikayətimiz var idi və onlar dərhal həll edildi”.
Toplantının nəticələrə gəldikdə, çoxları bunu Bakı Nailiyyəti adlandırır. Çünki təqribən 10 il ərzində tərəflər karbon bazarı ilə bağlı razılığa gələ bilmirdi və COP-un ilk günlərində artıq uğur əldə edildi – karbon bazarına dair Paris Sazişinin 6-cı maddəsi üzrə razılıq əldə edildi. Bu, əhəmiyyətli uğur idi. Yəni, on il ərzində razılaşdırıla bilinməyən məsələ Bakıda öz həllini tapdı.
COP-un əsas mövzularından biri maliyyələşmə məsələsi idi. Bir sıra ölkələrin 1 trilyon dollar civarında gözləntilər var idi, ancaq bu, tamamilə qeyri-real rəqəm idi. Nailiyyət isə ondan ibarət oldu ki, biz qarşıdan gələn illər üçün nəzərdə tutulmuş məbləği 3 dəfə artırıldı. Yəni COP29-dan əvvəl razılaşdırılmış rəqəm 100 milyard dollar idisə, Bakıda bu rəqəm 300 milyard dollara çatdırıldı. Bu, nailiyyət idi və bu, gələcək üçün bir miras oldu.
COP29-un uğurundan danışan Prezident İlham Əliyev vurğuladı ki, “Beləliklə, mən bunu bir daha çox böyük uğur adlandırardım. Bizim üçün daha bir mühüm amil ölkənin təqdimatı idi. Bizim regionda hələ buna bənzər, bu qədər qonağın iştirak etdiyi ikinci belə tədbir keçirilməyib. Bu, ölkənin təqdimatı idi. Mənim görüşdüyüm və ölkəmizə ilk dəfə səfər edənlərin hamısı gördüklərinin onlarda dərin təəssürat yaratdığını söyləyirdilər. Çünki Azərbaycan haqqında məlumat qıtlığı, ölkəmiz haqqında məqsədyönlü dezinformasiya bir çoxlarının fikirlərinə təsir edir və onlar Azərbaycana gəlib fəal cəmiyyət, savadlı insanlar, peşəkar personal, şəhərin gözəlliyi və cəmiyyətdə ümumi rahatlığı gördükdə, bu, əlbəttə ki, fərqli təəssürat yaradır.
Beləliklə, biz müxtəlif hədəflərə çatmışıq və bu, Azərbaycanın növbəti uğurudur”.

Təranə Tağıyeva – BDU, Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.