Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir

Dünən, 17:11           
Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir
Bu gün Azərbaycanın yaratdığı tarixi reallıqların məntiqi nəticəsi olaraq ölkəmiz yeni mərhələni yaşayır. Azərbaycanın öz suverenliyinin bərpası, Qarabağın azad olunması, eləcə də Qarabağdan separatizmin təmizlənməsi yeni imkanlar yaratmış oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri həm Vətən müharibəsində, həm də lokal antiterror tədbirləri zamanı peşəkarlığını, qarşısına qoyulmuş vəzifələri ən yüksək səviyyədə icra etmək məharətinə malik olduğunu bir daha nümayiş etdirdi. Artıq 30 ilə yaxın işğal altında olan və 44 günlük Vətən müharbəsi zamanı azad olunan hər bir ərazidə böyük abadlıq-quruculuq işləri aparılır. İşğaldan azad olunan ərazilərimizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri davam etdirilir.
Dövlət başçısı İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bir sıra mühüm əhəmiyyət daşıyan məqamlara, o cümlədən işğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı işlərə toxundu. Qeyd edildi ki, bu gün işğaldan azad edilən ərazilərdə daha geniş quruculuq işlərinin aparılması böyük maliyyə vəsaiti tələb edir və ölkəmiz ancaq öz maliyyə imkanlarına arxalanır. Ölkə tərəfindən çox böyük vəsait hərbi və təhlükəsizlik məsələlərinə ayrılır. Bu gün Azərbaycan büdcəsində təhlükəsizlik məsələləri üçün 8,4 milyard manat nəzərdə tutulub. Təəssüf ki, Ermənistanın silahlanma siyasəti olmasaydı ölkəmizin müdafiə xərclərinə 4 milyard manat kifayət edərdi.
Ötən üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş köçkünlərin qayıdışı təmin edilib. On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır. Bütövlükdə 30 minə yaxın insan orada yaşayır, inşaatda, dövlət işlərində və digər sahələrdə müxtəlif vəzifələrdə çalışırlar.
Cari il üçün daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünlərin qaytarılması nəzərdə tutulub, O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Həmin ərazilərdə 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar. Təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq.
İşğaldan azad edilən ərazilərdə aparılan işlərin böyük hissəsi Azərbaycan şirkətləri tərəfindən görülür. İkinci yerdə Türkiyə şirkətləridir. Onlar daha çox tunellər, körpülər, dəmir yolları layihələrində iştirak edirlər. Artıq iki sənaye parkı fəaliyyət göstərir. Bu gün Ağdam şəhərində yaradılmış sənaye parkının məhsulları indi xaricə ixrac edilir. Şəhər dağılıb, amma burada sənaye müəssisələri artıq fəaliyyət göstərir və xaricə məhsul ixrac edir.
Prezident İlham Əliyev müsahibəsində bildirib ki, “Mən müharibə başa çatandan dərhal sonra demişəm ki, biz Qarabağı cənnətə çevirəcəyik. Əslində, onsuz da bura öz təbii quruluşuna, gözəlliyinə görə cənnətdir. Amma müasir infrastruktur, yaşayış yerləri, iş yerləri, rahatlıq - bura doğrudan da dünyanın ən gözəl yerlərindən birinə çevriləcək. Bura çox böyük coğrafiyadır. Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük məkana çevrilməlidir, halbuki bu, bizim bölgüyə görə üç regiondur. Amma, eyni zamanda, bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir. Məsələn, biz bu il Naxçıvan və Ordubad şəhərlərinin Baş planlarının hazırlanmasına da başlayırıq”.
Bu gün Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələri vahid Baş plan əsasında qurulur və bu işlər daha sürətlə davam etdiriləcək.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.