Müstəqillik tariximizin 20 Yanvar faciəsi

Bu gün, 12:35           
Müstəqillik tariximizin 20 Yanvar faciəsi
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş
1990-cı il 20 Yanvar hadisələrindən 35 illik bir dövr keçir. O ağır və faciəli
günlərdə Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirildiyini ilk
olaraq cəsarətlə bütün dünyaya bəyan edən Ümummilli Lider Heydər
Əliyev oldu. Heydər Əliyev vətəndaş qeyrəti və həqiqi vətənpərvərlikdən
doğan cəsarətli bəyanatı ilə dünya azərbaycanlılarını ayağa qaldırdı. Xalqın
siyasi iradəsini ifadə etdi. Əbədi, dönməz və sarsılmaz müstəqilliyimizin
işığında yaşayan xalq hər il yanvarın 20-də Şəhidlər xiyabanına üz tutur,
azadlığımızın qandallarını sındırmış şəhidlərimizi ehtiramla yad edirlər.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı
Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun
əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər
Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna
yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə
tutularaq kütləvi qətlə yetirilmişdir. Sovet ordusunun xüsusi təyinatlı
dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi
xüsusiqəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə
vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri
amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə
vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21
nəfər öldürülmüşdür.
Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf
rayonlarında 147 nəfər öldürülmüş və 744 nəfər yaralanmışdır. Həlak
olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım
işçiləri də olub.
Ulu Öndər Heydər Əliyevin mərdliyi və siyasi iradəsi sayəsində 20
Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini almışdır. Azərbaycan
xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən,
təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən
Ümummilli lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Sovet
rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq
Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu öndər Heydər
Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham
etdi, ifşaedici və cəsarətli bir bəyanat vermişdir.
20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir.
20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal
yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu,
uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini
ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir
tarixdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi sözləri
yada düşür, 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və
müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və
milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin
müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən
övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni
parlaq səhifə yazdılar.
Bu gün biz Vətən uğrunda canından keçən şəhidlərimizin qisasının
alınmasının qürurunu yaşayırıq. 44 günlük Vətən müharibəsi və 2023-cü
ildə həyata keçirilən bir günlük lokal antiterror tədbiri zamanı Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Ordumuzun
torpaqlarımıza göz dikən düşmənin başını “dəmir yumruğ”u ilə əzməsi, həm
də 1990-cı ilin 20 Yanvarında, öz canı, qanı ilə Vətənə bağlılığın dastanını
tarixə yazanların, azadlıq zirvəsi fəth edənlərin qanlarını yerdə qoymadı...
Azərbaycan xalqı və dövləti 20 Yanvar şəhidlərin xatirəsini daim uca
tutur. Ulu Öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən
Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid
ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.