Qlobal əməkdaşlıqda yeni imkanlar
Bu gün, 11:28

Balkan regionunda yerləşən Şimali Makedoniya zəngin tarixi, mədəni irsi ilə seçilir. 1991-ci ildə Yuqoslaviyanın dağılmasından sonra ölkə müstəqilliyini elan etmiş və həmin vaxtdan etibarən 2019-cu ilin fevral ayınadək rəsmi olaraq Makedoniya Respublikası adlandırılmışdır. Lakin xüsusilə Yunanıstanla olan uzunmüddətli mübahisələr səbəbindən, ölkə beynəlxalq aləmdə keçmiş Yuqoslaviya Respublikası Makedoniya adı ilə tanınmışdır.
Azərbaycan və Şimali Makedoniya arasında diplomatik münasibətlər 1990-cı illərin ortalarından etibarən formalaşmışdır. 25 iyun 1995-ci il tarixində Şimali Makedoniya Azərbaycan Respublikasının müstəqilliyini tanımış, üç gün sonra iki ölkə arasında rəsmi diplomatik əlaqələr qurulmuşdur. Bu hadisə hər iki ölkənin beynəlxalq arenada mövqeyinin güclənməsinə və Cənubi Qafqazla Balkan regionları arasında əməkdaşlıq üçün yeni imkanların açılmasına töhfə vermişdir.
Azərbaycan və Şimali Makedoniya arasında diplomatik münasibətlər qarşılıqlı maraqlara əsaslanır. Azərbaycan Cənubi Qafqazda strateji əhəmiyyətə, Şimali Makedoniya isə Balkan regionunda mühüm geosiyasi mövqeyə malikdir. Hər iki dövlət BMT, ATƏT və beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir, bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. İllər ərzində tərəflər arasında siyasi dialoq möhkəmlənib. Eyni zamanda Şimali Makedoniya Azərbaycanın Qoşulmama Hərəkatındakı aktiv fəaliyyətini diqqətlə izləyir və ölkəmizin qlobal platformalarda irəli sürdüyü təşəbbüslərə maraq göstərir.
Martın 10-da ölkəmizə səfərə gələn Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın rəsmi qarşılanma mərasimi olub, daha sonra martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova mətbuata bəyanatlarla çıxış ediblər.
Ölkə başçımız bildirib: "Biz ikitərəfli münasibətlərimizin inkişafı üçün fəal iş aparırıq. Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur. Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib. Ancaq ümid edirəm ki, Sizin rəsmi səfərinizdən və nümayəndə heyətlərinin təmaslarından sonra biz bu boşluğu da dolduracağıq".
İki ölkə iqtisadi sahədə əməkdaşlıq üçün potensiala malikdir. Azərbaycanın enerji resursları və nəqliyyat-logistika imkanları Makedoniya üçün əhəmiyyətli perspektivlər açır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və gələcəkdə bu sahədə əməkdaşlığın genişlənməsi mümkündür.
Ölkəmizin həyata keçirdiyi beynəlxalq enerji və infrastruktur layihələri, xüsusilə Cənub Qaz Dəhlizi Balkan regionu üçün də mühüm əhəmiyyət daşıyır. Şimali Makedoniya Azərbaycanın enerji sektorundakı təcrübəsindən yararlanmaqda maraqlıdır. Bununla yanaşı, kənd təsərrüfatı, informasiya texnologiyaları və alternativ enerji sahələrində də əməkdaşlıq perspektivləri mövcuddur.
Azərbaycan və Şimali Makedoniya arasında münasibətlərin digər vacib aspektlərindən biri də mədəni və humanitar sahədə əməkdaşlıqdır. Hər iki xalqın zəngin tarixi və mədəni irsi əlaqələri daha da gücləndirir. Təhsil sahəsində əməkdaşlıq çərçivəsində azərbaycanlı tələbələrin Şimali Makedoniyada təhsil alma imkanlarının genişləndirilməsi və akademik mübadilələrin təşviq edilməsi müzakirə olunur. Azərbaycan Şimali Makedoniya vətəndaşları üçün cəlbedici turizm məkanıdır və Makedoniyanın tarixi və təbii gözəllikləri azərbaycanlı turistlər üçün maraq kəsb edir.
Azərbaycan və Şimali Makedoniya arasında diplomatik münasibətlər dostluq və əməkdaşlıq üçün yeni perspektivlər açıb. Gələcəkdə siyasi, iqtisadi və mədəni əlaqələrin daha da möhkəmlənməsi üçün birgə layihələrin həyata keçirilməsi vacibdir. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və iqtisadi-ticari əlaqələri gücləndirərək qarşılıqlı faydalı tərəfdaşlıq formatı yarada bilər.
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru