Aprel döyüşlərində şəhid olmuş Mikayıl Vahabzadəyə həsr olunmuş kitabın təqdimatı keçirilib

4-04-2018, 23:25           

İsmayıllının Maçaxı kəndi rayonun qədim yaşayış məskənlərindəndir. Maçaxı bəyləri tarixən Şirvanda tanınmış soylardan olub. Kiçik kəndin böyük fəaliyyət miqyaslı yetirmələri indi də Respublikanın müxtəlif yerlərində çalışırlar. Kəndin ən böyük yetirməsi, onu şöhrətləndirən, şərəfləndirən Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış Mikayıl Yaqub oğlu Vahabzadədir. Jurnalist Lətifə Əliyevanın şəhidin həyat və döyüş yoluna həsr etdiyi “Şəhidliyə aparan sevgi” adlı kitabının təqdimat mərasimi keçirilib. Mərasimdən bir gün əvvəl müəllifin, gənclərin, xidmət təşkilatlarının, hərbiçilərin, müəllimlərin, Qarabağ müharibəsi əlillərinin iştirakı ilə şəhidin məzarı və valideynləri ziyarət olunub.
RİH rəhbərliyinin, rayon ictimaiyyəti nümayəndələrinin, şəhidin valideynlərinin, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin, Mikayılın qohumları, dostları və tələbə yoldaşlarının iştirak etdiyi təqdimat mərasimi şəhər Mədəniyyət Mərkəzində keçirilib. Tədbir ərəfəsində şəhidin həyatına, təhsil illəri və hərbi xidmətinə həsr olunmuş sərgiyə baxılıb.
Mərasim başlananda əvvəlcə şəhidə həsr olunmuş qısa bir film nümayiş etdirilib. Sonra tədbiri giriş nitqi ilə kitabın müəllifi Lətifə Əliyeva açıb. Mikayılın və torpaqlarımız uğrunda şəhid olan soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edib. Bildirib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Aprel döyüşləri bizim tarixi qələbəmizdir. Bu qələbə Böyük Qələbəyə gedən yolun başlanğıcıdır.
Oğullarımızın şəhidliyi nə qədər ağırdırsa, Aprel zəfər yürüşünün nəticələri bir o qədər qürurvericidir. Mikayıl Vahabzadə əbədiyyətə qovuşmaqla valideynlərinə, yaxınlarına, dostlarına ağır dərd gətirsədə, Vətənə ilkin qələbə sevinci yaşatmaqla canı ilə iştirak edib.
Millət vəkili Novruzəli Aslanov çıxışında şəhidin ruhuna həsr olunmuş kitabın ərsəyə gəlməsində əməyi, ideyası olan hər kəsə təşəkkür edib, bildirib ki, bu da Vətən uğrunda ölməzliyə qovuşanların xatirəsini əbədiləşdirməyin bir yoludur.
Kitabın redaktoru Şahməmməd Soltanov, Hərbi Xidmətə Çağırış və Səfərbərlik Xidməti rayon şöbəsinin rəisi Xamis Bədəlov, ön sözün müəllifi Valeh Salehov, Tircan kənd tam orta məktəbində Mikayıl Vahabzadəyə tarix dərsi demiş Gülyanaq Əliyeva, əməkdar jurnalist İldırım Dəmirli çıxış ediblər. Onlar şəhidin igidlik və şücaətindən, elinə-obasına gətirdiyi şərəfdən danışmaqla yanaşı “Şəhidliyə aparan sevgi” kitabının şəhidin ruhuna dərin hörmət və ehtiramın təzahürü olduğunu deyiblər.
Mikayılın bibisi Afət Vahabova təsirli çıxışı ilə ürəklərə hakim kəsilib, kitabı ərsəyə gətirənlərə təşəkkürünü bildirib.
Vətənpərvərlik mövzusunda şeirlər, mahnılar, şəhidlərə həsr olunmuş bəstələr səslənib.
İştirakçılar tədbiri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə əldə ediləcək Böyük qələbəyə dərin inam hissləri ilə mərasimdən gediblər.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.