"OpenAI" əməkdaşları 6 milyard dollarlıq səhm satmaq istəyir
Bu gün, 15:24

"OpenAI" şirkətinin hazırkı və keçmiş əməkdaşları təxminən 6 milyard ABŞ dolları dəyərində səhmlərini "SoftBank Group", "Thrive Capital" və digər investorlara satmaq niyyətindədir.
Bu barədə məsələdən məlumatlı mənbə "Reuters" agentliyinə bildirib.
Potensial razılaşma şirkətin ümumi dəyərini 300 milyard dollardan 500 milyard dollara yüksəldə bilər. Bu da həm "OpenAI"ın istifadəçi bazasında və gəlirlərində sürətli artımı, həm də süni intellekt sahəsində istedad uğrunda gedən kəskin rəqabəti əks etdirir.
"SoftBank", "Thrive" və "Dragoneer Investment Group" bu mövzuda sorğulara dərhal cavab verməyib. Qeyd olunan üç sərmayə şirkəti artıq "OpenAI"ın mövcud investorları sırasındadır.
İlk dəfə bu barədə məlumat yayan "Bloomberg News" bildirib ki, danışıqlar ilkin mərhələdədir və satışın həcmi dəyişə bilər.
Səhmlərin bu ikincil satış prosesi "SoftBank"ın "OpenAI"ın 40 milyard dollarlıq əsas maliyyələşdirmə raunduna rəhbərlikdəki rolunu da gücləndirir.
Şirkətin əsas məhsulu olan "ChatGPT"nin uğurları nəticəsində "OpenAI" cari ilin ilk yeddi ayında gəlirlərini ikiqat artıraraq illik 12 milyard dollar gəlir tempinə çatıb. "Reuters"in daha əvvəl avqust ayında yaydığı məlumata görə, ilin sonunadək bu göstərici 20 milyard dollara çata bilər.
"Microsoft"un dəstəklədiyi "OpenAI"ın "ChatGPT" məhsullarının həftəlik aktiv istifadəçi sayı hazırda 700 milyona çatıb. Bu rəqəm fevral ayında təxminən 400 milyon idi.