Hökumətin tam abad etdiyi Buzovna zibilliyə qərq olur – MİS “Bakı Abadlıq Xidməti”ni günahlandırdı
5-07-2018, 11:48
teref.az yazır ki, metronun “Koroğlu” stansiyasının qarşısından Heydər Əliyev Beynəlxalq Aeroportuna və Xəzər rayonunun içərilərinə doğru yolboyu həyata keçirilmiş abadlıq işləri göz oxşayır. Yolun sağ və sol kənarındakı səliqə-səhman, zövq oxşayan yaşıllıqlar təkcə paytaxt sakinlərində deyil, həm də Bakıya gələn qonaqlarda da xoş təəssürat yardır. Əvvəllər plansız, necə gəldi tikilmiş köşk və obyektlərini indi nizamla inşa edilmiş müasir mağaza və ticarət mərkəzləri, geniş və abad küçələr, gül-çiçəkli istirahət parkları əvəz edir. Metronun “Koroğlu” stansiyasının qarşısından başlanan göz oxşayan bu mənzərə Hava Limanı, Buzovna, Mərdəkan, Şüvəlan qəsəbələri də daxil olmaqla Xəzərin sahillərinə qədər uzanır. Xüsusilə, Buzovna qəsəbəsi ərazisindəki yöndəmsiz tikililərin müasir üslubda və zövqlə yenidən qurulması bir vaxtlar neft bataqlığını xatırladan bu böyük qəsəbənin simasını əməlli-başlı dəyişib.
Bütün bunlar “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilən bərpa və yenidənqurma layihələri sayəsində mümkün olub. 2009-cu ildən icrasına başlanan Dövlət Proqramı çərçivəsində özəl tikinti şirkətlərinin Xəzər Rayon İcra Hakimiyyəti ilə bağlanmış müqavilələr əsasında həyata keçirilən layihələr nəticəsində Buzovna qəsəbəsinin Aeroport Yolu boyunca bütün məhəllələr abadlaşdırılıb, binalar qanunsuz artırmalardan təmizlənib, balkonlar və blok girişləri vahid görkəmdə yenidən qurulub, dam örtükləri, pəncərə sistemləri təzələnib, həyətlər genişləndirilərək abadlaşdırılıb. Həmçinin qəsəbədə yeni salınmış park oturacaqlarla və işıqlandırma sistemi ilə təchiz edilib, sakinlərin istirahəti üçün lazımi şərait yaradılıb.
Bəs, milyonlarla dövlət vəsaitləri hesabına abadlaşdırılan məhəllələrin hazırkı vəziyyəti necədir? Əsaslı şəkildə yenidən qurulan məhəllələrə, yeni salınmış parklara lazımi səviyyədə xidmət göstərirmi?
teref.az-nun əməkdaşı bu və ya digər suallara aydınlıq gətirmək üçün Buzovna qəsəbəsində olub. Təəssüf ki, cəmi bir neçə il əvvəl paytaxtın ən abad və füsunkar qəsəbələrindən birinə çevrilmiş Buzovnada gördüklərimiz təsəvvürləri alt-üst edir. Qəsəbənin hazırkı vəziyyəti gözdən-könüldən uzaq olan Buzovnanın yenidənqurmadan əvvəlki simasının tədricən geri qayıtdığını söyləməyə əsas verir. Yenə də hər tərəf zibilliyə qərq olub, cəmi iki il əvvəl abadlığı ilə göz oxşayan məhəllələr yenidən natəmizliyin qurbanına çevrilir...
İstinasız olaraq, qəsəbədəki bütün məhəllələrdə asfalt örtüyünün qazılması, piyada səkilərinin dağıdılması ilk baxışdan diqqəti cəlb edir. Qəsəbəyə su xəttinin çəkilməsi ilə əlaqədar yolların asfalt örtüyü qazılıb, boruların üstü torpaq qatı ilə örtülsə də, asfaltlanma işləri aparılmayıb. Bunun nəticəsində məhəllədaxili yollar yararsız hala salınıb. “Kapital Bank”ın Buzovna şöbəsinin, 4 saylı poçt filialının, “Buzovna Moll”un ətrafı zibilliyə qərq olub. Bəzi məhəllələrdə toz-torpaq qarışıq “sellofan” torbaların, kağız və digər məişət tullantıların havada oynaması isə bu ərazilərin aylardır təmizlənmədiyini söyləməyə əsas verir.
Əməkdaşımız milyonlarla vəsait hesabına abadlaşdırılaraq əhalinin istifadəsinə verilmiş məhəllələrdə hökm sürən vəziyyətlə bağlı Buzovna bələdiyyəsi ilə əlaqə saxlayıb. Bələdiyyənin Dilqəm adlı sədr müavini əsaslı şəkildə yenidən qurulmuş məhəllələrdəki natəmizlikdən, küçələrin asfalt örtüyünün qazılmasından, piyada səkilərinə döşənmiş tamet daşlarının dağılmasından xəbərdar olduqlarını söyləyib. O, həm də qeyd edib ki, Buzovna bələdiyyəsi qəsəbədəki bu vəziyyətə görə məsuliyyət daşımır: “Təmizlik işlərinə Mənzil-Kommunal Təsərrüfatı Birliyi baxır. Onlara deyin, gəlib zibillikləri təmizləsinlər, burada nə var ki?! “Kapital Bank”ın filialının ətrafındakı natəmizliklə bağlı 112 saylı MİS-ə müraciət edin. Çünki həmin ərazilər 112 saylı MİS-in xidmət göstərdiyi ərazidir. Həm 4 saylı poçt filialı, həm də “Kapitalbank”ın Buzovna şöbəsi və ətraf məhəllələrdə təmizliyə nəzarət bələdiyyənin deyil, 112 saylı MİS-in səlahiyyətindədir”.
Bir neçə il əvvəl sözügedən ərazilərdə əsaslı şəkildə abadlıq və yenidənqurma işləri aparılıb, binaların fasadları yenidən üzlənmişdi. Amma indi həmin məhəllələrin abadlığı getdikə itir, ərazi bütünlüklə məişət tullantılarına qərq olub. Hətta yeni salınmış park baxımsızlıq üçündən dağılır, tamet daşlar sökülür, yaşıllıqlar vaxtlı-vaxtında suvarılmadığından ot örtüyü boz səhralığa çevrilir. Ətraf küçələr su xəttinin çəkilişindən sonra asfalt örtük bərpa olunmayıb, piyada səkiləri dağıdılıb.
Bələdiyyə nümayəndəsi deyib ki, küçələrin asfalt örtüyünün dağıdılması qəsəbədə yeni su xəttinin çəkilməsi ilə əlaqədardır. Onun sözlərinə görə, hələ su xəttinin çəkilməsi başa çatmadığından qazılmış küçələrdə təmir-bərpa işlərinə başlanmayıb: “Su xəttinin çəkilişi tamamilə başa çatandan sonra texniki baxış keçiriləcək, borularda su buraxan yerlər yoxdursa, qazılan yerlər asfaltlanacaq. Düzdür, bəzi ərazilərdə su xəttinin çəkilişi başa çatıb, ancaq boruların üstü torpaq qatı ilə örtülsə də, qazılmış asfalt örtüyü bərpa olunmayıb. Bu işi də qazıntı işlərini aparan və tender əsasında su xəttini çəkilməsi layihəsini həyata keçirən şirkət görməlidir. Biz də həmin şirkətə müraciət etmişik, deyiblər ki, iş başa çatdıqdan sonra qazılmış yollara yenidən asfalt örtük çəkiləcək”.
Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Ədalət Muradov Buzovna qəsəbəsindəki bu vəziyyətə görə “Bakı Abadlıq Xidməti” MMC-ni günahlandırıb. O, bildirib ki, əsaslı şəkildə yenidən qurulmuş məhəllələrdə tullantıların vaxtlı-vaxtında təmizlənməməsinə, küçələrin və səkilərin dağılmasına görə “Bakı Abadlıq Xidməti” MMC məsuliyyət daşıyır: “Biz orada yalnız 3 binaya – 28, 36 və 38-ci binalara baxırıq. Həmin binaların ətrafında hər hansı natəmizliyə biz cavab verərik. Amma qalanları bizlik deyil. Abadlaşdırılmış məhəllələrə qulluq göstərilməsi “Bakı Abadlıq Xidməti” MMC-yə həvalə olunub, oradakı natəmizliyə görə məsuliyyəti də onlar daşıyır”.
Xatırladaq ki, “Bakı Abadlıq Xidməti” MMC-nin fəaliyyətindəki nöqsanlar və şübhəli məqamlar haqqında məlumatlar son günlər ölkə mediasının gündəmində əsas mövzulardan birinə çevrilib. Çoxsaylı elektron KİV-də, o cümlədən teref.az-da bu barədə bir neçə yazı verilib, çağırışlar edilib.
Hətta bu problemlə bağlı koordinat.az saytı sosial şəbəkə vasitəsilə “Bakı Abadlıq Xidməti” MMC-yə müraciət edib. Müraciətə əvvəlcə münasibət bildirilməsinə və MMC rəhbərliyinin sualları cavablandırcağı vəd edilsə də, sonradan qarşı tərəf susmağa üstünlük verib.
“Bakı Abadlıq Xidməti” MMC-nin bu gün ölkə prezidentinin Azərbaycanı dünya turuzm çənnətlərindən birinə çevirmək planına qarşı bu sabotajı heç başa düşülən deyil. Bakı və Bakı ətrafı kənd və qəsəbələrin sosial, iqtisadi rifahında böyük rol almağa başlayan turizm biznesi ə\traf mühütin təmizliyi, yolların və infrastrukturların tam yararlı olmasından asılıdır ki, bunuda milyonlarla pulu həzm rabedən keçirdən “Bakı Abadlıq Xidməti” MMC həuyata kleçirdməlidir. Lakinm.....
Araşdırma davam etdiriləcək.
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini dinləməyə hazırıq!
teref.az