Rusiya SVİFT-dən kənarlaşdırıla bilərmi? – Ekspertlər
28-11-2018, 09:05

Bəzi ekspertlər Ukrayna və Rusiya arasında baş verən Kerç olayından və Ukraynanın 3 gəmisinin girov götürülməsindən sonra Rusiyanın bank sisteminin və pul köçürmələrinin SVİFT-dən (SWIFT) kənarlaşdırılması ilə bağlı qərarın verilə biləcəyini iddia edib.
Məsələ ilə bağlı Axar.az-a danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, əslində bu məsələ əvvəllər də gündəmə gəlirdi.
“Rusiyanın SVİFT-dən (SWİFT) uzaqlaşdırılması 2014-cü ildə tətbiq edilən sanksiyalar fonunda da aktual idi. Amma sonradan bununla bağlı qərar qəbul edilmədi. Yeni situasiya isə nisbətən fərqlidir. Bu baxımdan ki, artıq İranla bağlı bu qərar qəbul edilib. İranla bağlı bu qərarın qəbul edilməsi məsələsi SVİFT-dən ölkələrin kənarlaşdırılması, istifadə imkanlarının məhdudlaşdırılması ehtimalını yüksəldən faktor kimi qeyd oluna bilər. Yəni bununla bağlı çox yaxın dövrdə bir təcrübə var”, - ekspert deyib.
İqtisadçı qeyd edib ki, bu qərarı vermək üçün müvafiq sanksiyalar formalaşdırılmalıdır:
“Bu da ABŞ hökuməti tərəfindən edilməlidir. Əgər ABŞ hökuməti Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı qərar qəbul edərsə və bu sanksiyalar hansısa formada SVİFT-in fəaliyyətini məhdudlaşdırarsa, bu zaman idarə edənlər Rusiyanın SVİFT-dən uzaqlaşdırılması ilə bağlı qərar qəbul edə bilər. Amma indiki halda nəzərə alaq ki, Rusiya idarəetməsi ilə ABŞ idarəetməsi arasında əvvəlki dövrlərlə, xüsusilə 2014-cü il və ondan sonrakı Obama dövrü ilə müqayisədə münasibətlər nisbətən daha loyaldır. Bu şərtlər daxilində düşünmürəm ki, Rusiya SVİFT-dən kənarlaşdırılsın”.
İqtisadçı vurğulayıb ki, Ukraynaya qarşı Rusiyanın addımlarına qarşı hansısa ictimai təzyiqlərin olacağı istisna edilmir:
“Amma böyük ehtimalla Tramp hökuməti ən müxtəlif formada bu təzyiqləri neytrallaşdırmağa çalışacaq. İrana sanksiyaların Rusiyaya da eyni formada tətbiq ediləcəyini düşünmürəm”.
İqtisadçı vurğulayıb ki, Rusiyan SVİFT-dən kənarlaşdırılarsa, bu, ölkənin bank sistemi üçün zərbə olar:
“Rusiyanın maliyyə bank sektoru kifayət qədər zəifdir. Əgər Rusiyanın bank sektoruna bu zərbə vurularsa, o zaman təbii ki, müəyyən problemlər ortaya çıxacaq. Amma bir məsələni də nəzərə almaq lazımdır ki, artıq blokçeyn texnologiyaları əsasında kriptovalyutaların mövcudluğu hətta SVİFT-dən kənarlaşdırma ilə bağlı müəyyən təzyiqlərin, qərarların təsir imkanlarını məhdudlaşdırır. Rusiya da artıq bir neçə ildir ki, bunun üzərində işləyir. Böyük ehtimalla Rusiya SVİFT-dən kənarlaşdırılmayacaq. Amma kənarlaşdırılsa belə, alternativ üsullardan istifadə edərək Rusiya hökuməti bu qərarın təsirlərini zəiflətməyə çalışacaq”.
Politoloq Əhəd Məmmədli də bildirib ki, Rusiyanın SVİFT-dən kənarlaşdırılmasına inanmır:
“Çünki Rusiya bu təşkilat üçün önəmli ölkədir. Rusiyanın dünyanın bank sistemində tutduğu yer bu dövləti SVİFT üçün önəmli partnyor edir. Dünyaca məşhur rus oliqarxları həmişə beynəlxalq korporasiyalar üçün maliyyə baxımından cəlbedici görünüb. Rus oliqarxları Avropa və Rusiya arasında maliyyə, biznes, ticarət körpüsü rolunu oynayıb”.
Politoloq vurğulayıb ki, Rusiya kimi dövlətləri SVİFT-dən kənarlaşdırmaqla qorxutmaq olmaz:
“Təbii ki, bu qurumdan Rusiya uzaqlaşdırılsa, bu, dünya maliyyə sistemində Moskvanın imicinə ziyan olacaq. Amma düşünmürəm ki, o qədər də böyük olmayan Kerç insidentinə görə Rusiya SVİFT-dən kənarlaşdırılsın. SVİFT-dən kənarlaşdırılma Rusiya iqtisadiyyatına ölümcül təsir bağışlamayacaq. Neftin qiyməti qalxdıqca, Avropanın rus qazına ehtiyacı olduqca, Kreml ayaqda durmağı bacaracaq”.