Dünyada ən çox axtarılan terrorçulardan biri öldürüldü
7-01-2019, 08:14

ABŞ hərbçiləri Yəmən terrorçusu Camal Əhməd Məhəmməd Əl- Bədəvini zərərsizləşdirib.
Musavat.com xarici mətbuata istinadla xəbər verir ki, bu barədə şəxsən prezident Donald Tramp “tvitter” hesabında məlumat verib.
“Bizim Əl-Qaidəyə qaşrı mübarizəmiz davam edir. Biz heç vaxt radikal islama qarşı savaşı dayandırmayacayıq”, -ABŞ prezidentinin mesajında deyilir.
CNN telekanalı ABŞ Hərbi dəniz qüvvələrinin kapitanı Bill Urbana istinadən xəbər verir ki, Əl -Bədəvi yanvarın 1-də Yəmənin Marib əyalətində öldürülüb. Terrorçunun əməliyyat zamanı maşınında tək olduğu bildrilib.
Əl-Bədəvi 2000-ci ildə Ədən limanında lövbər atan “Koul” hərbi gəmisinə (USS Cole) hücum təşkil edən terrorçulardan sayılır. ABŞ onun başına 5 milyon dollar pul qoymuşdu.
2004-cü ildə Yəməndə tutularaq ölüm cəzasına layiq görülən Əl-Bədəvi bir neçə dəfə həbsdən qaçmağa nail olub. 2007-ci ildə isə Yəmən hakimiyyəti onu yerli hökumətə sadiq qalmaq şərti ilə azadlığa buraxıb. Həmin vaxtdan Əl-Bədəvi ən çox axtarılan terrorçuların siyashısına daxil olub.
“Koul” gəmisinə hücum isə iki intiharçı tərəfindən motorlu katerlə həyata keçirilib. Nəticədə 17 ABŞ hərbi dənizçisi həlak olub, 39-u yaralanıb.